Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Zəngilan

  ÜMUMİ MƏLUMAT

          Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

    Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.

   XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılır. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılır. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılır. Yeni bölgüyə əsasən         Zəngilan rayonunun ərazisi Zəngəzur qəzasına daxil edilir.

   1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzası tərkibində göstərilir. Xəritədə Zəngilanın Genlik, Aladin, Dəlləkli qeyd olunur.

   1929-cu ildə ZSFSR-nın qərarı ilə Zəngilan rayonunun Nüvədi, Toğud, Ernəzir kəndləri 1946-cı ildə isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb Ermənistan Respublikasına bağışlandı.

   Son iki yüz ildə vahid sərhəddə malik olmayan Zəngilan 1930-cu ilin avqust ayının 8-də  müstəqil rayon kimi formalaşır və dəqiq müəyyən olunmuş ərazisi olur. Ərazisi – 0,71 min km2, əhalisi 41,3 min (01.10.2012) nəfərdir.

 1967-ci ildə Zəngilana şəhər statusu verildi. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə(Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri)  və 79 kənd olmuşdur. Kəndləri bunlardır: Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, İkinci Alıbəyli, Sarıl, Bartaz, Qarqulu, Tatar, Tiri, Şəfibəyli, Məşədi İsmayıllı, Şərikan, Bürünlü, Yuxarı Yeməzli, Rəbənd, Yenikənd, Zəngilankənd, Cahangirbəyli, Turabad, Vəliqulubəyli Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazançı,  Pirveys, Yuxarı Çöpdərə,  Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Üdgün, Şamlı, Vənədli,  Hacallı, Seyidlər, Vejnəli, Ağbənd, Əmirxanlı, Qıraq Müşlan, Məlikli, Muğanlı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbis, Məmmədbəyli, Babaylı, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, İçəri Müşlan, Tağlı, Yusiflər, Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Zərnəli, Havalı, Nəcəflər.

Əsrin əvvəllərində rayon mərkəzinin yerləşdiyi ərazi əsasən bəylərin çəltik zəmilərindən və onların özlərinə məxsus yaşayış evlərindən ibarət idi. Zəngilan şəhəri 4 kilometrlik bir məsafədə Oxçu çayın sağ sahilində, Çeşməgözlü deyilən bir yerdən cənuba doğru əhəng quyularına qədər bir ərazidə salınmışdı. Bu şəhərin özünün bir çox məhəllələri vardır. Çeşməgözlü, Köhnə Pirçivan, MTS məhəlləsi, Məscid düzü, şaftalı dərəsi, Kirdəzir dərəsi, Bağırsaq dərə, Muncuqlu dərə, Rayşelk (ipək idarəsi olan yer) və s. məhəllələri vardır.

Rayonun bir tarixi qurum kimi iqtisadi inkişafı sovet hakimiyyəti illərində geniş vüsət almışdır. Eyni zamanda məhz bu dövrdə rayona daha çox mənəvi zərbə vurulmuşdur.

İşğala qədər rayon əsasən tütünçülük və üzümçülüklə məşğul idi. Heyvandarlıq, ipəkçilik, taxılçılıq da inkişaf etmişdir.

  Zəngilan rayonundan 13 nəfər sovet imperiyasının ən yüksək dövlət mükafatına – Sosialist Əməyi qəhrəmanı adına layiq görülmüşdü. Bu hadisə bütün dünyaya səs salmışdı. Buna görə bölgə “Qızıl Zəngilan” adı ilə tarixə düşmüşdü.

 Rayonun ərazisindən Bakı-Yerevan dəmir yolu (Mincivandan Qafana yol ayrılır), İmişli-Laçın və Bakı-Şərur magistral şose yolları keçirdi. Zəngilan rayonu ilə Bakı arasında olan məsafə 385 km-dir.

   Özünün bir qurum kimi mövcud olduğu 63 ildə(işğala qədər) bu bölgə hansı müsibətlərə düçar olmadı?! Özünün 63 illik son tarixində bu bölgə elə ilk illərdən zorla yaradılan kollektivləşmə, 37-ci il həbsləri, 1941-45-ci illər müharibəsini də yaşadı. Rayon əhalisinin bir qisminin qohum-əqrəbası Arazın o tayında qalmış, əlaqələri kəsilmişdi. Qardaş qardaşdan, ana balasından ayrı düşmüşdü.

  Zəngilanın sözünü deyən adamların 1930-cu illərdə bir qisminin sürgün olunması(Sibir, Orta Asiya, Qazaxıstan), bir qisminin isə qəddarlıqla güllələyib xəndəyə salınması, ölməyənlərin günlərlə inilti səsləri (Kənd Zəngilan: o vaxt rayon mərkəzi burada yerləşirdi) gəlirdi. Sürgün dövrü qurtardıqdan sonra da geri qayıdan adamları öz doğma yurdlarına buraxmırdılar.

   Oz mövcudluğunun son illərində bu bölgə analoqu olmayan 1992-ci ilin dekabrında baş verən Şayıflı qırğınını və bir də nəhayət, 1993-cü ilin 27 oktyabrını yaşadı.

   1993-cü ilin oktyabr ayında Ermənistan qoşunları tərəfindən işğal olunanadək əhalisi 32.6 min nəfər (01.01.1989) olmuşdur. İşğaldan qabaq rayonda 10453 yaşayış evi, 28200 yardımçı bina, 195 inzibati bina, 870 təsərrüfatların yardımçı binaları,  128 mədəniyyət müəssisəsi, 123 təhsil müəssisəsi, texniki peşə məktəbi, 64 səhiyyə müəssisəsi, Qotursu sağlamlıq zonası, 80 rabitə müəssisəsi, 7 səyyar avtoklub, 21 kino qurğu, 2 diyarşünaslıq muzeyi, 142 ticarət obyekti, 49 ictimai-iaşə obyekti, 2 Şərab zavodu,  Konserv zavodu, Toxuculuq sexi, Kərpic zavodu, Çörəkbişirmə zavodu, Çınqıl zavodu, 2 Asfalt zavodu, Yazı düzü Su nasos stansiyası kompleksi, 3 Su nasos stansiyası, 8 Dəmir yol vağzalı, Mincivan Depo, Quşçuluq fabriki, Mal-qara kökəltmə kompleksi, 3400 hektar üzüm bağları, 6 süni su tutarları olmuşdur.    

    Rayon mərkəzində yerləşən Muzeydə yüzlərlə eksponat var idi. Onlar xalqımızın uzaq keçmişindən bu günümüzə qədər olan həyat tərzini, məişət və mədəniyyətini əks etdirirdi.

   Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşmuşdur. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmışlar.

 

 

COĞRAFİYASI

 

   Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daxil olan Bərgüşad silsiləsi (Süsən dağı, 1304 m) alçalaraq Bazarçayla Oxçuçay arasında Ağ Oyuq maili düzünü (hündürlüyü 400-600 m) əmələ gətirir. Şimal-şərqdə Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan yamacları təpəli Gəyən (Geyan) çölünə keçir. Qərbdə Mehri (Mehri-Güney) silsiləsinin şərq kənarı Bartaz dağı (2270 m) yerləşir. Burada yura, tabaşir və neogen çöküntüləri yayılmışdır. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti iqlim hakimdir. Həkəri, Oxçu Bəsit çayları rayonun cənub sərhədindən axan Araz hövzəsinə aiddir. Düzən və dağətəyi sahədə dağ-şabalıdı, dağ boz-qəhvəyi, dağlıq sahədə qəhvəyi dağ-meşə, çay dərələrində çimli-çəmən torpaqları yayılmışdır. Bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Quru çöl, dağ kserofil bitkiləri, kolluqlar, dağlıq hissədə enliyarpaqlı meşələr (palıd, vələs və s.) geniş yayılmışdır.

    Ərazidə 2 iqlim tsikli hakimdir. Araz boyu ərazidə qışı quraq keçən yarımsəhra və quru çöl iqlimi, bir qədər yüksək hissələrdə isə quraq keçən mülayim isti iqlim vardır. Orta temperatur yanvarda 1S0 , iyulda isə +25S0 olur. Yağıntının illik miqdarı 400-500 mm-dir.

Rayonda 107 hektar sahəsi olan Bəsitçay Dövlət Təbiət qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək büllur sulu təbii bulaqlar, 4 mənbədən ibarət olan, tərkibi “Yessentuki-4” suyuna uyğun gələn “Qotursu” mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində turşsu mineral bulağı vardı.

Araz çayı – ərazinin ən iri çayıdır – Respublikanın ikinci əsas su mənbəyi sayılan Araz çayı öz başlanğıcını Türkiyədən götürür. Uzunluğu 1072 km (daxildə 77 km), su toplayıcı sahəsi 102000 km2 (daxildə 15700 km2). Çay suyundan suvarmada istifadə olunur, Arazboyu Tuqay meşələrinin də suvarılmasını təmin edir. Ermənistan ərazisində yaranan çirkab suları mütəmadi olaraq 2,1 min kub/gün təmizlənilmədən birbaşa Araz çayına axıdılır. Arazın çirkləndirilməsi Naxçıvan və Zəngilan rayonu ərazisi ilə Ermənistandan Araza axan qollar vasitəsilədir.

Araz çayının sol qolu olan Oxçuçay öz mənbəyini Zəngəzur dağ silsiləsindən (Qapıcıq dağı) götürməklə uzunluğu 82 km-dir. Çayın su toplayıcı hövzəsi 1140 km2 olmaqla en kəsiyindən saniyədə 5,9 m3 (ən az sulu illərdə), 10 m3 (orta sulu illərdə) və 14,6 m3 (ən çox sulu illərdə) su axır.

Bəsitçay – Araz çayının sol qolu olmaqla öz mənbəyini Ermənistandan götürür. Çayın uzunluğu 44 km (17 km-i Azərbaycan ərazisinə düşür) su toplayıcı hövzəsi isə 354 km2-dir (156 km2-i Azərbaycan ərazisinə düşür). Çay Ermənistanın dağ kəndlərinin donuz fermalarının tullantıları ilə çirkləndirilir.

Zəngilan rayonunda dövlət meşə fondu və digər ərazilərdə 10 min hektar Araz palıdı (guerocus araks) meşələri dövlət tərəfindən xüsusi olaraq qorunurdu.

Zəngilan rayonu təbii iqlim şəraitinə və münbit torpağına görə zəngin meşə və
hər növ bitki örtüyü ilə xarakterikdir. Ərazinin daha çox hissəsini əhatə edən
Araz palıdı fıstıqkimilər fəsiləsindəndir. Nadir növdür, rayonun Bartaz, Gəyəli,
Ördəkli, Şayıflı, Yeməzli, Keçikli, Rəzdərə və başqa kəndlərinin ətrafında geniş
yayılmışdır. Aşağı dağlıq qurşaqda dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə bitir. Kserofit seyrək meşə əmələ gətirir. Zəngilan rayonunda xüsusi qiymətli meşə kimi qorunurdu.    

   Rayonda geniş yayılan bitkilərdən biri də şərq çinarıdır (platanus orientalis). Şərq çinarı ehtiyatı azalmaqda olan relikt növdür. Zəngilan rayonunun Bəsitçay və Oxçuçay vadilərində təbii halda bitir, digər sahələrdə də geniş yayılmışdır, çay sahillərində dəniz səviyyəsindən 1000 metr yüksəkliyə kimi dərələr boyunca qrunt sularının kifayət qədər rütubətləndirdiyi sahələrdə bitir. Bəsitçay Dövlət təbiət qoruğunda mühafizə olunurdu.  

Quraq yamaclarda çay vadilərində bitən, ərazidə geniş yayılmış bitkidir. Zəngilan rayonunun Bartaz, Ördəkli, Vejnəli, Beşdəli, Genlik, Yeməzli kəndlərində daha çox yayılmışdır.

Bununla belə rayondakı meşələrdə adi meşə gilası, vələs, meşə üzümü, Qarabağ dağ laləsi, sağsağan gülxətmisi geniş yayılmışdır.                           

Zəngilan rayonunda Hacallı sovetliyinin Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Ördəkli kənd sovetində, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı təbiətin nadir varlığı kimi qorunurdu.

Zəngilan rayonunda Vejnəli qızıl yatağı; ehtiyatlan 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı yatağı; təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan soda və «əhəng südü» istehsalına yararlı Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı yatağı; qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı (ehtiyatları 6024 min ton), Bartaz-I və Bartaz-II porfirit (ümumi ehtiyatları 28943 min m3) yataqları; kərpic-kirəmit istehsalına yararlı Zəngilan gil (ehtiyatları 1102 min m3); ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yatağı işğal altında qalıb.

Avropada birinci, dünyada ikinci təbii çinar meşəliyi məhz Zəngilan rayonuna nəsib olmuşdur və mühafizə olunması məqsədilə Kiçik Qafqazın cənub-qərb hissəsində Bəsitçay vadisində Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır.

   Qoruğun ərazisi ilkin mərhələdə 117 hektar təsdiq olunmuşdu. Lakin sonralar, 1980-ci ildə heç bir əsaslı səbəb olmadan qoruq ərazisi 10 hektar azaldılmış, 107 hektara endirilmişdir. Qoruğa məxsus olan 107 hektardan 100 hektarını meşə, 7 hektarını isə qumluqlar, daş yığınları təşkil edir. Hazırda Bəsitçay Dövlət Təbiət qoruğu ərazisinə görə respublikamızın qoruqlarının ən kiçiyidir. Bəsitçay Dövlət Təbiət qoruğunun uzunluğu 15 kilometrə, eni isə bəzi yerlərdə 150-200 metrə çatır. Qoruq Ermənistanın Qafan və Azərbaycanın Zəngilan rayonunun dövlət meşə
fondu torpaqlan ilə həmsərhəd idi.

Qoruq dəniz səviyyəsindən 600-800 metr hündürlükdə, əsasən dağlıq ərazidə yerləşir.

Bəsitçay qoruğunun və onun ətraf sahələrinin hidroqrafiyası əsasən Bəsitçaydan, onun Sobuçay, Topçay, Şıxavuzçay qollarından ibarətdir. Bəsitçayın uzunluğu 44 km:, hövzəsinin sahəsi 354 km2-dir. Dəniz səviyyəsindən 2600 m hündür olan Zəngəzur dağ silsiləsindən başlayıb Araz çayına tökülür. Qar, yağış, qismən də yeraltı sulardan qidalanır. İllik axınının çox hissəsi yazda və payızda müşahidə edilir.

Bəsitçay Dövlət Təbiət qoruğunun sahəsinin 93,5%-ni çinar meşələri tutur. Onlar Bəsitçay və onun qolu Şıxavuzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də, qarışıq çinar meşəliyi yayılmışdır. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə bir metrdir. Burada yaşı 1200-1500 ilə, hündürlüyü 50 metrə, diametri 4 metrə çatan çinar nümunələri də vardır.

Qoruq ərazisinin ətrafındakı meşələr gürcü palıdı, Qafqaz vələsi, adi göyrüş, söyüd, ardıc, dağdağan, saqqız və s. ağaclardan ibarət mezofit və arid meşələr çinarlığın müxtəlif tərəflərində, sərhədindədir. Bu çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim meşələrin qalıqları kimi baxırlar (A.A.Grossheym); bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər (L.Y.Prilipko, Y.S.Səfərov).

Bəsitçay Dövlət Təbiət Qoruğu Ermənistanın Sav və Hənd kəndləri ilə sərhəddə yerləşir. Burada olan şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 m, hündürlüyü 54 m-dən yuxandır. Avropada analoqu olmayan bu nəhəng ağaclar ermənilər tərəfindən qəddarlıqla məhv edilir. Əldə edilən məlumata görə, Bəsitçay qoruğu yerləşən Rəzdərə kəndində mebel materialı hazırlayan sex açıb işlədirlər və ətrafda olan çinar, palıd, qoz ağaclarını tamamilə qırıb məhv edirlər. Erməninin dediyinə görə, sex fasiləsiz olaraq işləyir. Qırılan ağacların izini itirmək üçün kökünü partlayıcı maddə qoyub dağıdır, sonra isə yandırır və yerini də əkirlər.

1996-cı ildə “Daşbaşı” və “Leşkar” meşələrində ermənilər yanğın törədiblər. Həmin ilin payızında «Leşkar» meşə sahəsində isə yararlı ağacları tam qırıb aparıblar. «Leşkar» meşə sahəsində 1957-58-ci illərdə 55 ha ərazidə qoz meşəsi salınmışdır, orada olan 40-50 illik qoz ağacları da ermənilər tərəfindən qırılıb aparılır.

1996-1997-ci illərdə Top və Şükürataz meşə sahəsində 3 ədəd T-130 markalı traktorla meşələrə yol çəkirmişlər. Bu zaman həmin meşə sahələrində olan 350-400 il yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb aparılıb.

Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan-Qaçaran şəhərlərinin (o, cümlədən kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin) bioloji çirkli suları təmizlənmədən birbaşa Azərbaycan ərazisində Şərifan kəndinin qarşısında Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “Ölü zonaya” çevirmişdir. Çayın yatağının 43 kilometri, su toplayıcı sahəsinin isə 455 km2-i Azərbaycan ərazisinə düşür ki, bu hissə daim çirklənməyə məruz qalır. Nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora – fauna da məhv olmuş, öz-özünü təmizləmə prosesi dayanmışdır. 

İşğal olunmuş ərazilərimizin iqtisadi coğrafiyasını tədqiq edən erməni alimi, professor A.Aftandilyan qədim Zəngilan ərazisini yaxın illərədək sıradan çıxmaq ehtimalı böyük olan “Böyük ölü zona” adlandırıb.

                               

TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ

                      

Zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycan torpağının diqqəti cəlb edən bölgələrdən biri də Zəngilan bölgəsidir.

Şərqlə qərbin qovuşduğu yerdə yerləşən bölgə, ticarətdə əsas əlaqələndirici məntəqələrdən olmuşdur. Bölgənin tarixinin qədimliyini, qalalar, müşahidə məntəqələri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi-mədəniyyət abidələri və nümunələri, qədim sikkələr və məişət qabları sübut edir. Rayonun ərazisində 60-70-ci illərdə təsərrüfat işləri zamanı tapılan xeyli küp qəbirlər (küp qəbirlər Azərbaycanda e.ə. II əsrdən eramızın əvvəllərinə kimi mövcud olmuşdur) və e. ə. IV -II əsrlərə aid edilən və əksəriyyəti Makedoniyalı İsgəndərin adına zərb olunan onlarla sikkə ərazinin lap qədim zamanlardan beynəlxalq ticarətdə mühüm rol oynadığından xəbər verir.

XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub.

        Rayonun ərazisi həm Araz çayı boyunca Şərqdən Qərbə, həm də Həkəri, Bərgüşad və Oxçu çayları boyunca cənubdan-şimala və əksinə uzanan tarixi ticarət yolları üzərində yerləşir. Bu bölgə hələ uzaq keçmişdən özünün sıx meşələri, münbit vadiləri, yaşıl otlaqları, gur sulu çayları ilə diqqəti cəlb etmişdir. Bu ərazi ibtidai insanların ilk məskənlərindən biri olmuşdur. Bunu rayonun müxtəlif yerlərindəki tarixi abidələr, o cümlədən Yeməzli kəndi ilə Yuxarı Yeməzli kəndi arasında olan və “Şəhid Məhəmməd” adlı yerdən tapılan pul və əşya qalıqları sübut edir.

       60-cı illərdə bu ərazidə aparılan əkin və yol çəkilişi zamanı xeyli küp qəbirlər aşkar edilmişdir. Bu küp qəbirlərdən tapılmış müxtəlif əşyalar sübut edir ki, bu ərazi çox qədim bir tarixə malikdir. Kişilərin dəfn olunduğu qəbirlərdən tapılan bülöv daşı, qadınların dəfn olunduğu yerdən tapılan muncuq və qolbaqlar, həmçinin müxtəlif saxsı qablar, silahlar, nizə və oxların metal və bürünc ucluqları, sikkələr və s. əşyaların bir qismi qorunub saxlanılmışdır.

      1962-ci ildə orada tapılan və saxsı qabda olan əşyalardan bir neçəsi bunların qiymətini anlayanlar tərəfindən Bakı şəhərinə gətirilib lazımi ünvanlara çatdırılmışdır. Bunları əldə edən filologiya elmləri namizədi A.Həsənov rayona gəlir, həmin yerdə olub əşyaların və sikkələrin xeyli hissəsini əldə edir. Tədqiqatlar və araşdırmalar nəticəsində müəyyən edilir ki, bu sikkələr eramızdan əvvəl IV-II əsrlərə aiddir. Məlum olur ki, bu sikkələr bürünc “ellin” (yunan) pullarıdır. Rayonun “Şəhid Məhəmməd” adlı yerində tapılan sikkələr də bunu təsdiq edir. Bu sikkələr tədqiq edilib oxunduqdan sonra müəyyən edilmişdir ki, bunların üz tərəfində hökmdarın başının şəkli həkk olunub. Arxa tərəfdə isə qədim Yunan allahlarından Zevs, Poseydon və Dionisin bütöv şəkli verilib. Şəkillərdə yan tərəflərdə yunanca Bazilevs

(hökmdar) sözü yazılıb. Sonra isə hökmdarın adı ona verilən təşbehlər-epitetlər həkk olunmuşdur. Bu dövrdə ellin padşahlarını ilahiləşdirmək üçün onların adlarına təşbehlər artırırdılar.

   Bütün bunlar və hələ buna bənzər və tədqiq olunmamış onlarla tarixi tapıntılar bu ərazinin qədim tarixə malik olduğunu bir daha sübut edir.

 Bu bölgədə tarixin müxtəlif səhifələrinin əks etdirən misilsiz memarlıq abidələri vardır. Zəngilan rayonu öz coğrafi mövqeyinə, tarixi qədimliyinə görə heyrətamiz abidələr məskənidir.

    Zəngilan şəhərindən 8 km aralı, Əsgülüm dağında 30 m hündürlüyündə, 150 metr enində “Qala” hörgü divarları 3-5 əsr bundan əvvəl tikilmiş, müdafiə əhəmiyyəti kəsb edən tarixi abidələrdən biridir. Həmin “Qala”dan 2000 metr aralıda olan və içərisində 100-150 nəfər gizlənə bilən “Kuful” deyilən daş yanğı uzaq tarixi keçmişimizdən yadigardır. Bu “Kuful”un hündürlüyü 15 metrdən çoxdur. İşğaldan qabaq həmin tarixi sahələr gənclərin ekskursiya yerinə çevrilmişdi. Rayonun Məmmədbəyli və Babaylı kəndlərində olan türbələr, Şərifan kəndində olan qədim abidələr, naməlum tarixə malik batmış yeraltı qədim Şəhri-Şərifan şəhəri tariximizin açılmamış sirr yaddaşıdır.

  Bunların içərisində tarixi səciyyə daşıyan aşağıdakı abidələri qeyd etmək olar:

1.      XII-əsr – Qız qalası Əmirxanlı kəndi

2.      XII- əsr Sərdabə  Şərifan kəndi

3.      XlV-əsr –  Sərdabə   Yenikənd kəndi

4.      XIV-əsr –  Səkkizguşəli türbə Məmmədbəyli kəndi, Dairəvi qüllə Hacallı kəndi

5.      Şərifan kəndində arxeoloji qazıntı nəticəsində XI əsrə aid olan qədim hamam kompleksi.

6.      Məmmədbəyli, Babaylı, Ağalı, Yenikənd və Malatkeşin kəndlərinin ərazisində yerləşən, XIV-XV əsrlərə aid olan türbələr.

7.      Zəngilan kənd, Malatkeşin və Qıraq Müşlan kəndlərində yerləşən, XVII- XVIII əsrə aid olan məscidlər.

8.      Bartaz kəndində və Keзikli kəndində yerləşən VI-VII əsrə aid olan “Şükürataz”  və “Əsgülüm” qalaları.

9.      XIII-XIV əsrə aid olan Bartaz kəndinin ərazisində yerləşən “Xanazur”, Malatkeşin kəndinin ərazisində yerləşən «Dağdağan» və Gəyəli kəndinin ərazisində yerləşən pirlər.

10. VII-VIII əsrlərə aid olan, rayonun “Yazıdüzü” ərazisində yerləşən, at dırnaqlarının dərin izi düşmüş, diametri 1 m 85 sm olan «Koroğlu daşı» deyilən daş.

11. Zəngilan Şəhər ərazisində XVIII əsrə aid 1 məscid, Tağlı qalası, Pirçivan dəvə piri, mövcud olmuş, rayonun min illik tarixini əks etdirən zəngin arxeoloji tapıntılarla təchiz olunmuş Dövlət Muzeyi.

12. Gilətağ ərazisində XVI-XVII əsrə aid olan Sarı aşıqla bağlı olan Günəş abidə piri.

13. Rəzdərə ərazisində VII əsrə aid Alban türbə kompleksi, IX əsrə aid Rəzdərə kənd Məscidi, XII əsrə aid Top kəndində Top körpüsü.

14. Vejnəli ərazisində IX-XI əsrə aid Sürtüm piri, Yol piri, Qız qalası mövcud olmuş, Böyük ehtiyatda qızıl yatağı.

      Rayonda bundan başqa Bartaz, Sobu, Baharlı, Qıraq Müşlan, Malatkeşin, Şəfibəyli kəndlərində, Mincivan qəsəbəsində də məscidlər var idi.

     Yeməzli kəndi yaxınlığında sovxoz idarəsindən 5-10 m aralı möhtəşəm bir Alban kilsəsi var idi.

      Ağ oyuq deyilən yerdə Daş heykəlləri muzeyi adlanan yer var idi. Burada müxtəlif dövrlərə aid daş abidələr vardır.

  Zəngilan rayonunun ərazisində xeyli ocaqlar, pirlər, ziyarətgahlar var. İndiki Zəngilan şəhərinin əvvəlki adı Pirçivan idi. Bu adın özü elə bu ərazinin Pirlər diyarı olduğunu göstərir. Rayonun müxtəlif yerlərində yaşayan seyidlərin evləri əhalinin iman gətirdiyi, ziyarət etdiyi ocaqlar idi. Bunlar – Zəngilan şəhərində Mirəli ağa, Muğanlı və Genlik kəndlərində Seyid Həsən ağa, Qıra Müşlan kəndində Seyid Hüseyn ağa, Məlikli kəndində Zeynalabdin ağa, Sobu kəndində Seyid Qurban ağa (ilan ocağı), Seyid Mahmud ağa, Şamlı kəndində Seyid Mahmud və Seyid Həbib qardaşlarının və s. ocaqları idilər. Rayon ərazisində Zəngilan şəhəri ilə üzbəüz, Oxçuçayın sol sahilində qayalıqda bir pir, ocaq var idi. Buradan Zəngilan şəhərinin gözəl panoramı görünürdü.

  Bakı-Mehri yolunun sağında, Bartaz kəndi yaxınlığında qədim qəbiristanlıq və ziyarətgah var idi. Xanazur adlanan bu yer tarixi abidə kimi yerli əhali tərəfindən qorunurdu. Zəngilanda bu cür ocaqlar, pirlər insanların ümid və dilək yerləri idi.

           

ZƏNGİLAN ŞƏHƏRİNDƏ MƏSCİD

 

 Rayon mərkəzində olan bu məscid XVII-XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi güman edilir. Onun ölçüləri 12 x 20 m. idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağ formalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi.

 

  SƏKKİZGUŞƏLİ TÜRBƏ XIV – ƏSR

    

     Rayonun Məmmədbəyli kəndində yerləşən Yəhya ibn Məhəmməd türbəsi    dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Türbənin giriş qapısı üstündə ərəbcə kitabə var. Həmin kitabədə Qurandan ayə, türbənin kimə məxsus olduğu və nə vaxt tikildiyi göstərilib. Türbənin 678 yaşı var. O, Yəhya ibn Məhəmməd Əl-həcc Seyid Əlinin türbəsidir. Türbə piramidal günbəzlərlə örtülmüş səkkizguşəli prizmadan ibarətdir. Türbənin əsas qapısı şimal-qərb tərəfdədir. Onun üzü çox sadə işlənmişdir. Üz müstəvilərinin əsas hissələri batıqdır. Buna görə də türbənin küncləri bir qədər çıxıntılıdır. Türbənin qapısı yerdən 1,8 m hündürlükdədir. Orada yeraltı sərdabə də mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir. Konstruktiv elementlərin mütənasibliyi gözəl memarlıq kompozisiyası türbəyə monumental gözəllik verir.

Əsas tikinti materialı kimi daşdan istifadə edilmişdir. Kərpic tikintilərdə olduğu kimi bu türbənin divarı yükdaşıyıcı kütləyə və üzlüyə bölünmür. Üzlük eyni zamanda divarın əsas hissəsini təşkil edir.

Üst kamera divarının qalınlığı 86 sm olub, iki cərgədən ibarətdir. O, daxili və xarici üzlük daşlardan hörülmüşdür. Onların arası boş saxlanılmış, sonra məhlulla doldurulmuşdur. Bu cür tikintiyə Azərbaycanın başqa türbələrində də rast gəlinir. Türbənin üst günbəzini tikərkən də bu texnikadan istifadə olunmuşdur. Burada da günbəz ikiqatdır. Daxili günbəz sferik, xarici günbəz isə piramidal formadadır. Onların da arası məhlulla doldurulub.

1975-ci ildə ilk dəfə yeraltı sahə təmizlənmiş və türbənin sərdabəsi üzə çıxarılmışdır. Sərdabə 2,95 x 3,30 m ölçülü, düzbucaqşəkilli plana malikdir. O, 190 sm hündürlükdə çatmatağla örtülmüşdür. Sərdabəyə giriş qərb tərəfdəndir. Qapının eni 76 sm, hündürlüyü isə 88 sm-dir.

        İslam qaydalarına görə türbəyə və sərdabəyə girişin hündürlüyü 120 sm-dən artıq ola bilməz. Çünki bura girən bir qədər əyilməli, mərhuma ehtiramını bildirməlidir. Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla hörülmüşdür. Orta əsrlərdə belə türbələr adətən feodal əyanların, maddi durumu yaxşı olan və eyni zamanda tanınmış şəxslərin qəbri üstündə ucaldılırdı. Bu türbənin girişi üstündə olan və nəstəliq xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə deyilir ki, bu türbə 704-cü ildə Ramazan ayında (1305) Məhəmməd əl Xacənin qəbri üstündə tikilmişdir.

Çox təəssüf ki, belə gözəl bir memarlıq abidəsi düşmən tapdağında qalıb və çox güman ki, dağıdılmışdır.

ŞƏRİFAN SƏRDABƏSİ XII ƏSR.

1974-cü ildə Azərbaycan EA Tarix institutunun Arxeologiya şöbəsi burada tədqiqat aparmışdır.

«Şəhri Şərifan» və ya Şəhri Xəlifan adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur.

Məlum olmuşdur ki, bu şəhər Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşir.

İlk qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etdi. Bu burada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhərin də elə bu dövrdə yəni IX əsrdə formalaşdığı, əsası qoyulduğu görünür. Şəhər XIV-XV əsrlərə kimi mövcud olmuşdur. Qazıntılar və tapılmış arxeoloji materiallar şəhərdə dulusçuluq və metalişləmə sənətinin inkişaf etdiyini göstərir. Şəhərin iqtisadiyyatında çəltikçilik xüsusi yer tuturdu. Bunu şəhərdə tapılan düyü anbarı sübut edir.

Diqqəti cəlb edən cəhətdən biri də şəhərin memarlıq abidələridir. 3 m dərinlikdə aşkar edilmiş hamam kompleksi çox maraq doğurur. Əsasən bişmiş kərpicdən Naxçıvan-Təbriz memarlığı üslubunda inşa edilən bu kompleksin su qızdırılan otağı, istilikxanası, yuyunmaq yeri və hovuzları salamat qalmışdır.

Azərbaycanın orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir.

Zəngilan rayonunda, Həkəri çayının sağ sahilində olan Şərifan kəndində olan türbənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Türbənin üst hissəsi dağılmışdır. Onun yeraltı hissəsi plana görə çıxıntılara malik kvadrat şəklindədir. Onun ölçüləri 5,4 x 5,4 m-dir. Onun 3 qolu çatmatağla, 4-cü tərəfi isə müstəvi tavanla örtülmüşdür. Sərdabənin cənub divarında dördbucaqlı formada taxçaya oxşar, çox da dərin olmayan mehrab vardır. Onun yan tərəfləri nazik tilli sütunlarla bəzədilmişdir.

Tağın üstü üçbucaq formalı xonçalarla bəzədilmişdir. Divarlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Onun şərq qolu çatmatağla örtülmüşdür. Həmin qolun qurtaracağında üstü kəsilmiş tağ şəkilli qapı yeri vardır. O, müstəvi tağ tavanla örtülü dəhlizə açılır. Tikintinin mərkəzi hissəsi günbəzlə örtülmüşdür. Divarlar və tağlar yaxşı cilalanmış daş piltələrdən hörülmüşdür. Abidənin yerüstü qalıqları onun bürcvari türbələrə oxşarlığını sübut edir.

 

HACALLI DAİRƏVİ BÜRCÜ XIV ƏSR

     Bu tarixi memarlıq abidəsi də qorunurdu. Çox təəssüflər olsun ki, onun haqqında bizim əlimizdə nə şəkil nə də məlumat vardır. Bu abidə Məmmədbəyli və Şərifan türbələrindən fərqli olaraq səkkizguşəli deyil, dairəvi formada olmuşdur. Bu bürcün dəqiq tikilmə tarixi bəlli deyil. Onun da səbəbi mütəxəssis rəyinin və arxeoloji tədqiqatların aparılmamasının nəticəsidir. Burada orta əsrlərə aid kəhriz, karvansara qalığı və məscid də mövcud olmuşdur.

YENİKƏND SƏRDABƏSİ.

     Həkərinin sağ sahilində olan Yenikənd kəndində də XIV əsrə aid sərdabə mövcud idi. Onun da üst hissəsi uçmuş, ancaq alt hissəsi dövrümüzə gəlib çatmışdır. Bu abidə də vaxtında tədqiq olunmadığından onun haqqında ətraflı məlumat vermək imkanımız yoxdur.

 BARTAZ QIZ QALASI

    Rayonun Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan bir qala da var idi. Qala əsasən müşahidə məntəqəsi rolunu oynamışdır. Çünki yoldan xeyli aralı və yüksəklikdə olan və bir o qədər də böyük olmayan belə bir qala nə sığınacaq nə də müdafiə istehkamı rolunu oynamayıb.

   Orta əsr müdafiə qalaları və sığınacaqlar hündür və geniş bir ərazidə inşa edilir və onun ətrafı ya təbii şəraitlə qorunurdu, ya da ki, qalanın ətrafına hündür divar çəkilir və müəyyən məsafələrdən bürclər inşa edilirdi. Burada biz onlara təsadüf etmirik. Bunlara əsasən deyə bilərik ki, Bartaz qız qalası müşahidə məntəqəsi rolunu oynamışdır.

 

 KOROĞLU DAŞI

 

Xalq qəhrəmanı Koroğlunun adı ilə hallandırılan bu daş əslində ondan xeyli əvvəllər mövcud olmuşdur. Bu daş ağ rəngdədir və onun nisbətən baş tərəfində bir oyuq var. Həmin daşın yerləşdiyi yerə Ağ oyuq deyirlər. Bu ərazinin belə adlanması bu daşla əlaqədardır. Ağ(daş) oyuq (yenə daşda) sözləri hər şeyi aydın göstərir. Daşın üzərindəki oyuqda qədim türklər, atəşpərəstlər od qalayırdı. Bu oyuqda da çox güman ki şam yanardı, müxtəlif ayinləri icra edərdilər.

    Daşın üzərində qəribə yazılar da vardır. Onlar qədim türk yazılarına bənzəyir.

Bunlar Orxan-Yenisey yazılarıdır. Bu əraziyə bəzən «Yazı düzü» də deyilir. Bu ad da həmin daşla, onda olan yazılarla əlaqədar yaranmışdır. Həmin ərazi rayon mərkəzindən Bakıya gedən yolun üstündə, hündür bir yerdədir. Son zamanlar burada daş abidələrdən ibarət bir muzey yaradılmışdır.

Daşın ölçüləri təxminən 90 sm x 40 sm x 20 sm-dir. O yonulmuş haldadır. Neçə əsrdir günün və yağışın altında qalmasına baxmayaraq, öz keyfiyyətini itirməmişdir.

 Qəbiristanlıqlar

    XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. Deməli, Zəngilanın 1360 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, ərazi arxeoloji və memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri uçurub dağıdıb və yuyub aparıb. Şəhər qalığının ərazisi 9 hektara yaxındır. Şəhər təbii, coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşib, qərb tərəfdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunub. Burada aparılan tədqiqat zamanı şəhər ətrafında iki qəbiristanlığın olduğu müəyyən edilib. Onların biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdir. Bu qəbiristanlıq təqribən 1 km şimalda yüksək dağın döşündə salınıb. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvari hissədə həndəsi və nəbati formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində olub üstü dirəklərlə örtülən qəbirlərdən ibarətdir. Hər iki qəbiristanlıqda dəfn islam adəti üzrə aparılıb.

 

 

Mənbə:

 

Nəsirov Mehman –  “Zəngilan abidələri” Zəngilan rayon Mədəniyyət və turizm idarəsinin rəisi

İsgəndərov Xuduş Əmən oğlu – Bəsitçay Dövlət Təbiət Qoruğunun direktoru

     Əli Sobulu. “Zəngəzurun zəngilanlı ziyalıları”. “Ağrıdağ” nəşriyyatı. Bakı-

     2001. 288 səh

 

 

 

 

 

 

 

ZƏNGİ BOYU

   

    Azərbaycandakı çoxsaylı türk boylarından biri də qədim çağlarda adı sanqi şəklində yazılan zəngilərdir. Zəngibasar bölgə adının ortaya çıxmasına səbəb olan Zəngi çayı da vaxtilə öz adını yaxasında məskunlaşmış zəngi boyundan almışdır. Zəngilər təkcə Ağrı vadisində deyil, həm də Zəngi (Zəngəzur) bölgəsində yaşamışlar. Ümumiyyətlə, İrəvan mahalının digər qədim tayfaları kimi, zəngi boyları da sonralar geniş ərazilərə yayılmışdır. Belə ki, Quzey Azərbaycanda Zəngilan və Sanqaçal toponimlərində də izini qoymuş zəngilər bir zamanlar Türküstan çöllərinə qədər köç etmişlər. Böyük qazax mütəfəkkiri Çokan Valixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. Buradan da görünür ki, zəngi sözü müqəddəs anlamlı ifadədir.

   Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi. Lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyyətdə idi. Bu isə onu göstərir ki, Ak-Sonqurun oğlu Zənginin mənsub olduğu zəngi soyu əhali arasında geniş dayağı olan tirələrdən imiş.

Bizcə, Zəncan şəhərinin adı da sanqi-zəngi boyu ilə bağlıdır. Azərbaycan bölgələrindən 1403-də keçən Klavixo elçi heyətinin Miyanə yolunda dincəldiyi Sanqa şəhəri haqqında yazır: “Bu şəhər tamamilə boş idi, lakin deyirlər ki, bu əvvəllər Persiyanın ən iri şəhəri imiş”.

   İrəvan mahalı birbaşa Asur hücumlarına məruz qalmadığı üçün yalnız bu mahalın güney periferiyaları barədə Asur mənbələrində məlumat vardır. Arazdan aşağı, Urmu gölünün quzey sahilləri Asur qaynaqlarında Sanqibut ölkəsi adlanır. Qədim türk dilində but-bud “tayfa”, “boy” anlamında işlənən sözdür və “xalq” anlamlı budun sözü də bu kökdən yaranmışdır. Ona görə də, Sanqibut adı “sanqi boyu” mənasını verir. Həmin bölgədə, Maku şəhərinin güneyində axan indiki Zəngi-mar çayının adı məhz qədim sanqi-zəngi boylarının nişanəsidir. İrəvanla Makunun arası isə 2-3 saatlıq yoldur, yəni hər iki Zəngi çayı ətrafında yaşayan zəngi adlı qədim türk boyları bir-birindən o qədər də uzaq deyildi, buradan güneydə olan Zəngi də yaxında idi.

   Asur qaynaqları Urmu gölündən aşağıda da zəngilərin yaşadığından xəbər verir. Buradakı Zəngi ölkəsinin adına Bit-Sanqi və Bit-Sanqibut şəklində rast gəlirik ki, bu da həmin adın asur dilindəki ev, yurd anlamında işlənən "bit" sözü ilə verilməsi, yəni asurca "sanqi (boyunun) yurdu" anlamında işlənməsidir. Bu bölgədən b.e.ə. VIII əsrdə asurların Suriyaya deportasiya etdikləri boylar içində sanqilli (zəngili) tayfa adı da 738-ci ilə aid Tiqlatpalasar analında qeyd olunmuşdur.

   Miladdan öncə Azərbaycanın batı bölgələrində qaşqay, qəmər, qızıl, polad, ərmən, ağ hun, kuman, kedar, gögər, qorus, dəli, qapan, azər və şad boylarının xeyli izi vardır. Bu boylar haqqında ayrı-ayrı yazılarımızda məlumat vermişik, ona görə də, zəngi boyları ilə yanaşı, yuxarıda adı çəkilən boyları da nəzərə alsaq, bu elmi qənaətə gəlmiş olarıq ki, azər xalqının formalaşmasında mühüm rol oynayan İrəvan mahalı 1920-ci ilə qədər beş min il fasiləsiz Azər-Türk boylarının ölkəsi olmuşdur.( Professor Firidun Ağasıoğlu. www.zengilan.com)

 

 

GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ

 

·        Quliyev Vəli Əli oğlu – Vətən müharibəsi qəhrəmanı, Şöhrət ordeninin her dərəcəsi ilə təltif edilib.

·        Əsədov Məhəmməd Nəbi oğlu(1941-1991) – Azərbaycan Respublikasının Daxili İşlər naziri, Dövlət müşaviri.

·        Hüseynov Sofiq Kəlbi oğlu(1950-1997) – İqtisad elmləri doktoru, professor, millət vəkili.

·        Xudiyev Şamil Yusif oğlu(1928-1999) –  İqtisad elmləri doktoru, professor.

·        Vəliyev Xostan Ələsgər oğlu(1932) – Coğrafiya elmləri doktoru, peofessor.

·        Xanəliyev Nəriman Məhəmməd oğlu(1925) – Tibb elmləri doktoru.

·        Məmmədov Zahid Səttar oğlu(1947) – Coğrafiya elmləri doktoru, peofessor.

·        Məmmədov Ziyad İsgəndər oğlu(1911-1995) – Sosialist Əməyi Qəhrəmanı, Biologiya elmləri namizədi.

·        Abasova Adilə Ziyad qızı(1943) – Fizika-riyaziyyat elmləri doktoru, professor.

·        Məmmədov Aydın Ziyad oğlu(1950) – Moskva Dövlət Xidmət Akademiyasının professoru.

·        Heydərov Mikayıl Xudayar oğlu(1926-1991) – Tarix elmləri doktoru, professor.

·        Bağırov Bayram Məhəmməd oğlu(1942) – Texnika elmləri doktoru.

·        Ələkbərov Mikayıl Behbud (1940) – Ukrayna Elmlər Akademiyasının Akademiki.

·        Rəhimov Həsən Piri oğlu(1940) – Filologiya elmləri doktoru, professor.

·        Əliyeva Firuzə Allahverən qızı(1912-1987) – Sosialist Əməyi Qəhrəmanı.

·        Məmmədov Əmir Bayram oğlu(1907-1984) – Sosialist Əməyi Qəhrəmanı.

·        Həsənov Allahverdi Gülmalı oğlu(1908-1976) – Sosialist Əməyi Qəhrəmanı.

·        Kərimov Yusif Xankişi(1925-1995) – Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası.

·        Haşımov Ələsgər Mirhaşım(1912) – Sosialist Əməyi Qəhrəmanı.

·        Dünyamalıyev Əhməd İsmayıl oğlu – Sosialist Əməyi Qəhrəmanı.

·        Nemətova Mədinə Nurəli qızı – Sosialist Əməyi Qəhrəmanı.

·        Əmirov Qaraş İbrahim oğlu – Sosialist Əməyi Qəhrəmanı.

·        Yusifova Zeynəb Kərəm qızı –   Sosialist Əməyi Qəhrəmanı.

·        Məmmədova Mehparə Qara qızı – Sosialist Əməyi Qəhrəmanı.

·        İsmayılov İmamverdi İbiş oğlu – Millət Vəkili.

·        Məmmədyarova Zeynəb Həmid qızı – 18 yaşlılar arasında şahmat üzrə dünya çempionu.

 

 

MİLLİ QƏHRƏMANLARI

 

·       Əsədov Əsəd Soltan oğlu(1958-1991)

·       Məmmədov Firdovsi Xeyrulla oğlu(1961-1991)

·       Nuriyev Elnur Eyvaz oğlu(1975-1994)

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?

ən çox oxunanlar

Oktyabr 2022
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31