Bakı
0° C
Şuşa
0° C

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

Ətraflı

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

Ətraflı

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

Ətraflı

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

Ətraflı

Tarix

Azərbaycanın Qarabağ bölgəsi ən qədim dövrdə

 

    Qarabağ dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx, Tağlar düşərgəsi insanlarının yaşadığı ərazidir. Bu yer Şelldən əvvəlki mədəniyyətin daşıyıcılarının tarixini davam etdirən tarixi-coğrafi ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay (1 milyon 200 min ildən artıq tarixə malikdir) (Hüseynov M.M. Azıx mağarası.) sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir (Hüseynov M.M. Azıx mağarası.).

 

Azərbaycanın Qarabağ bölgəsi antik dövrdə

 

   Azərbaycanın dövlətçilik tarixi qədər də onun bölgələrindən biri olan Qarabağ böyük tarixi ənənəyə malikdir. Antik dövrdə Qarabağ ərazisi Albaniyanın tərkibində ən iri vilayətləri əhatə etmişdir. bütünlüklə Kürün sağ sahil boyu alban tayfaları yayılmışdı. Alban tayfaları – utilər, sovdeylər və qarqarlar Qarabağda yerləşirdilər.

   Qaynaqlar Qarabağ bölgəsinin tayfalarının alban mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir.

   Azərbaycanın Qarabağ bölgəsi I-III əsrlərdə alban arşakilərinin hakimiyyəti altında olmuşdur.

   Tədqiqatlar göstərir ki, Qafqaz Albaniyasının, onun tərkib hissəsi –  Qarabağ ərazisinin iqtisadi və mədəni tarixi başlıca olaraq öz əksini antik yazıçıların əsərlərində və arxeoloji materiallarda tapmışdır.

   Əsrlər boyu dəyişməyən «böyük Ermənistan» barədə yazan müəlliflər Favstos Buzand, Movses Xorenli kimi orta əsr erməni tarixçilərinin əsərlərinə əsaslanırlar. Bu zaman onlar son dərəcə vacib bir cəhəti unudurlar: Favstos Buzandın, yaxud Movses Xorenlinin yaratdığı görünüş –  «onların əsas ideyaları – yalnız zərdüşt İranının təhlükəsinə qarşı Ermənistanı birləşdirmək» idi ki, bu da real həqiqətləri əks etdirmir (Алиев И.Г. Нагорный Карабах: историйа, факты событие, Баку, 1989, с. 49).

    Ancaq bu zaman ermənilərin əcdadlarının bir vaxtlar uzaq Balkanlardakı Frakiyadan gəlməsi «unudulur», bu ərazilərdə alloxtonluğu kimi uydurma yaranır.

Qarabağ torpaqları heç cür Ermənistanın «əzəli» torpağı, tarixi ərazisi ola bilməzdi. Bu mifologiya orta əsr erməni müəlliflərinin uydurmasıdır və indiyə qədər erməni tarixşünaslığına daxil edilmişdir.

   «Qafqaz Ermənistanı» anlayışı XX əsrdə meydana çıxmışdır ki, bu da Azərbaycan xanlıqları – Naxçıvan və İrəvanın torpaqlarında XX əsrin əvvəllərində qurulan erməni dövləti idi (Капанцян Г.А. Хаяса – колыбель армян. Ереван, 1947; Обегян М. История древне армянской литературы. Ереван, 1975; Парсамян В.А. Историа армянского народа. Ереван, 1972; История Армянская народа. Ереван, 1980).

    Beləliklə, qaynaqların Qarabağ bölgəsinin tayfalarının alban (azərbaycanlı) mənşəli olması və bu ərazinin Albaniya dövlətinə məxsus olmasını təsdiq edir.

 

Azərbaycanın Qarabağ bölgəsi IV-VII əsrlərdə

 

    Qafqaz Albaniyası IV-VII əsrlərdə geniş əraziyə malik idi. O, şimaldan Böyük Qafqaz dağlarına, cənubdan Kür və Araz çaylarına, şərqdən Xəzər dənizinə, qərbdən İberiyaya qədər torpaqları əhatə edirdi. Albaniya dövlətində 11 tarixi vilayət yerləşirdi. Bunlardan Uti (burada Albaniya dövlətinin paytaxtı və Albaniya katolikosluğunun iqamətgahı – Partav (indiki Bərdə) şəhəri olmuşdur), Kambisena (İberiyaya qədər olan sərhəddə), Paytakaran, yaxud Kaspiana, yaxud Balasakan (Mil və Muğan çölü), Arsak (indiki Yuxarı Qarabağ və Mil düzünün bir hissəsi), Sünik, yaxud Sisakan, yaxud Zəngəzur (cənubi Arsak)  Qarabağ, başqa sözlə Kür və Araz çayları arasında yerləşirdi (Məmmədov T.M.. Qafqaz Albaniyası ilk orta əsrlərdə. Bakı, 2007, s.43-79).

     Yunan–Bizans, Alban, Gürcü, erməni, Suriya və Ərəb mənbələrinin məlumatına görə erkən orta əsrlərdə Albaniyanın avtoxtonları (yerli əhalisi) albanlar, utilər, lipinalılar, kaspilər, çilblər, qarqarlar, leqlər, girdmanlar, savdeylər olmuşlar. Uti, Paytakaran və Arsakda əsəsən türk mənşəli tayfalar –albanlar, utilər, qarqarlar və savdeylər, həmçinin gəlmə tayfalar maskutlar, saklar, gellər və ballar yaşayırdılar (Мамедов Т.М. Кавказская Албания в IV-VII вв., Баку, 1993, s.178-179 Həsənov A.H. Çar skiflər (Çar skiflərin və digər oğuzların etno-dil eyniləşdirilməsi) çarlığı. Bakı, Əbilov, Zeynalov və qardaşları, 2005, 480 s.; Дъафаров Г.Ф., Махмудов Ф.Р. Итоги работы второго отряда Мил-Карабахской археологической экспедиции // АЭИА (1985). Баку, Элм, 1986, с. 14-15.; Mahmudova H.R. Sibir skifləri və Azərbaycan (tarixi-arxeoloji tədqiqat), t.e.n. dis.avtoreferatı. Bakı, 2006; Халилов М.Дъ. Протоскифы и их потомки в Карабахе // Ирс-Наследие. Международный Азербайджанский журнал, №2-3(14-15), 2005, с.14-15.).

     Albaniyada erkən orta əsrlərdə müxtəlif cinsli çoxsaylı səslərdən tərtib edilmiş xüsusi yazı var idi. Alban yazısı zəngin boğaz səsləri olan qarqar ləhcəsi əsasında yaradılmışdır (M.Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993). Alban əlifbası 52 işarədən ibarət idi.

     Bir çox dini kitablar qədim Suriya, Yunan, Pəhləvi dilindən Alban dilinə tərcümə edilmişdir(M.Kalankatuklu. Albaniya tarixi, k.I, f.25; Мамедов Т.М. Кавказская Албания в IV-VII вв.., с.100.) Mənbələrdən Alban çarları və din xadimlərinin yazışmaları məlumdur. Alban dilində yazıların mövcudluğunu sübut edən ədəbiyyat Alban çarı III Vaçaqanın «Qanunları» və Moisey Kalankatuklunun «Albaniya tarixi»dir (M.Kalankatuklu. Albaniya tarixi, Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989, f.II).

    V əsrin əvvəllərində Albaniyanın mərkəzi – Bərdədə məktəb var idi.  Burada çar III Vaçaqanın əmri ilə xüsusi məktəblər açılmış, bütpərəst uşaqlara yazı və xristianlıq ehkamları öyrədilmişdir (M.Kalankatuklu. Albaniya tarixi, k.I, f.25; Мамедов Т.М. Кавказская Албания в IV-VII вв.Баку, 1993, с.100; Hacıyev Q.Ə. Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008).

    Albaniyada, o cümlədən Qarabağda xristianlıq IV əsrin əvvəllərindən qəbul edilmiş, rəsmi dövlət dininə çevrilmiş, lakin geniş yayılmamışdır (M.Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993; Р.Б.Геюшев. Христианситво в Кавказской Албании. Баку, 1984).

     Albaniya hökmdar Cavanşir (616-681) ölkəni soyğunçu basqınlardan qorumuşdur. O, Albaniyada təsərrüfatın, sənətkarlığın, mədəniyyətin inkişafına şərait yaratmışdır. Cavanşir Albaniyanın mədəni inkişafına nail olmuşdur. Həmçinin onun tapşırığı ilə Moisey Kalankatuklu «Albaniya tarixi»ni yazmışdır. Habelə şairlərin, memarların, musiqiçilərin yaradıcılığına diqqət yetirmişdir. Qarabağ bölgəsinin qədim şəhəri Bərdə Albaniyanın mühüm mədəniyyət mərkəzinə çevrilmişdir (Hacıyev Q.Ə. Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi. Bakı, 2008).

 

Azərbaycanın Qarabağ bölgəsi VIII-XVII əsrlərdə

 

    VIII əsrin başlanğıcında Albaniya uğrunda gedən müharibələr nəticəsində Bizansın Cənubi Qafqazda mövqeyini zəiflətdi. Əbdülməlik (685-705) Xilafət ərazisində sürətlə iqtisadi və hərbi islahatlar keçirməklə hakimiyyətini möhkəmləndirdi Xilafət üçün iqtisadi və strateji cəhətdən əhəmiyyətli olan Albaniyada “qayda-qanun” yaratmağa başladı (Əl-Kufi. Kitab əl-fütuh (Fəthlər kitabı). Bakı, 1995, s.41; N.M.Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993, s.58). Alban hökmdarını hakimiyyətdən kənarlaşdırdı. Xilafətin şimal ərazilərini idarə etmək üçün Bərdəni ərəb canişinlərinin iqamətgahına çevirdi (N.M.Vəlixanlı. Ərəb Xilafəti və Azərbaycan. Bakı, 1993; Hacıyev Q.Ə. Bərdə şəhərinin tarixi (b.e.ə.III-b.e.XVIII əsri), Bakı, 2000).

   VIII əsrdən etibarən Azərbaycanın hər yerində olduğu kimi Qarabağda da yeni dövr başlandı. Albaniyada təşəkkül tapan İslam dini yeni bir mərhələnin başlanğıcını qoydu (Qarabağ: suallar və faktlar, Bakı, 2005).

   VIII-IX əsrlərdə Qarabağ nəhəng sənətkarlıq və ticarət mərkəzi kimi tanındı. Ticarət Xilafət üçün böyük gəlir mənbəyinə çevrildi. Qarabağın yüksək tərəqqiyə malik olduğu dövrdə (IX əsr-X əsrin əvvəlləri) şimal ölkələri ilə Xəzər-Volqa, Dnepr, Don vasitəsilə geniş ticarət əlaqəsi var idi (Masudi. Murudc az-zaxab s. 29-78; İbn Xaukal. Mudcam al-buldan c.23). Dünyanın bir çox ölkələrindən, xüsusilə Avropa və Şərq ölkələrinin bir çox şəhərlərindən Bərdəyə ticarət karvanları gəlirdi. Bərdənin ticarətinin əsas dayaq nöqtələri onun məşhur bazarları beynəlxalq ticarət həyatında mühüm rol oynamaqla bərabər, şəhərlərin, həmçinin bölgənin, inkişafında xüsusi rol oynayırdı (Q.Ə. Hacıyev. Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr-b.e.XVIII əsri). Bakı, 2000, 320 s.).

    Ərəb xilafəti parçalandıqdan sonra Qarabağ ərazisində (Yuxarı Qarabağda) Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. Xaçın knyazlığı dövrün narrativ və epiqrafik abidələrində «Albaniya hökmdarı» mehranilər soyuna mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatdı. Alban memarlığının ən mühüm əsərlərindən olan Gəncəsər (Qanzasar) məbədi də onun zamanında tikildi.

    Qarabağ XII əsrin birinci rübündən Azərbaycan Atabəyləri dövlətinin  tərkibinə daxil idi (Mxitar Qoş. Alban salnaməsi. Bakı, Elm, 1993, s..250; Bünyadov Z.M. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər), Bakı, 1984, s.15). Belə ki, 1136-cı ildə Səlcuq sultanı Məsud Aranı iqta kimi atabəy Şəmsəddin Eldənizə bağışlamışdı. İqamətgahı Qarabağda yerləşən Eldəgiz, tezliklə yerli əmirləri öz tərəfinə çəkdi, sultana xidmət asılılığından çıxdı, tədricən bütün Azərbaycana yiyələndi (Mxitar Qoş. Alban salnaməsi. Bakı, 1993, s.250; Ал-Хусайни. Ахбар ад-даулат ас-Селдъукиййа (Зубдат ат-таварих). Перевод З.М.Бунйадова, М., 1980, с.144).

    Qarabağ XIII əsrin əvvəllərində monqolların hücumu zamanı xeyli zərər çəkmişdir, şəhərləri dağıdılmış, əhalisi qırğına məruz qalmışdır (Fazlullax Raşid ad-Din. Göstərilən əsəri, s.28; Киракос Ганзакетси. История, с.167; Azərbaycan tarìxì üzrə qaynaqlar, s.137-145).

   1259-cu ildə Hülakü xanın əmri ilə monqol ordusu Arqunun başçılığı altında Qarabağı tutub Hülakülərə itaətə məcbur etmişdir (Fazlullax Raşid ad-Din. Göstärìlän əsəri; Пириев В.З. Об исторической георафии,.. с.69; Gəncə (tarìxì oçerk), s.22).

   XIV əsrin əvvəllərindən etibarən Azərbaycan uzun müddət Qızıl Orda ilə Hülakülər arasında döyüş meydanı olmuşdur (Piriyev V.Z. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə. Bakı, Elm, 1978, 160 s).

    XIV əsrin sonlarında, Qarsı, Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil oldu. Qarabağın da tərkibinə daxil olduğu Cəlairlər dövləti Teymurun hücumları nəticəsində süquta uğradı. XV əsrdə Qarabağ Teymurilərlə qaraqoyunluların müharibə meydanına çevrildi  1408-ci ildə Azərbaycanda Teymurilərin hakimiyyətinə son qoyuldu. 1410-cu ildə Qaraqoyunlu Azərbaycan dövləti yarandı. Onun tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Kürdüstan, Ərəb İraqı və daxil oldu (Mahmudov. Y.M. Osmanlı Türkiyəsinin xarici siyasəti və Ağqoyunlu-Venesiya münasibətləri. Bakı, 1970).

    1410-cu ildən etibarən Qarabağ da daxil olmaqla Kürdən cənubda yerləşən Azərbaycan torpaqları Qaraqoyunluların hakimiyyəti altına salındı.

     1467-ci ildə Qaraqoyunlular və Ağqoyunlular arasında baş vermiş döyüşdən sonra Qaraqoyunlu dövləti süqut etdi və Ağqoyunlu dövlətinin əsası qoyuldu. Ağqoyunlu tayfa birliyi hələ erkən orta əsrlərin başlanğıcından, bəlkə də əvvəl Cənubi Qafqazda, başlıca olaraq Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə, o cümlədən Qarabağda, Göyçə gölü ətrafındakı torpaqlarda, Alagöz yaylaqlarında və başqa yerlərdə yaşayırdılar. Ağqoyunluların ön dəstələri Azərbaycanın Cənub rayonları, Şərqi Anadolu, Qərbi İran, Dəclə və Fərat vadiləri də daxil olmaqla çox geniş ərazidə yayılmışdı.

     XV əsrdə Qarabağın hakimi olmuş əmir Yar Əhməd Qaraman 1496-cı ildə Azərbaycana hücum etdi və hakimiyyəti ələ aldı (Фазлуллах ибн Рузбихан Хундъи. Тарих-и алам-ара-и амини. Пер. с англ. на русский Т.А.Минорской. Баку, Элм, 1987, 172 с, с.24; Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и.., Л., Наука, 1949, 382 с., с.163). Hüseynəli Tərxan Yar Əhmədi padşah elan etdi və onun adına pul kəsdirdi. Həmin pullar Bərdədə kəsilirdi (Пахомов Е.А. Монетные клады Азербайдъана и других республик, краев и областей Кавказа, вып. Ы. Баку, Изд. АН Азерб. ССР, 1957, с. 34-95, с.28).

    XVI əsrin başlanğıcında (1501-ci ildə) I Şah İsmayılın başçılığı altında olan Azərbaycan Səfəvilər dövləti yaranmış və Azərbaycan ərazisi qısa müddət ərzində bu dövlət ətrafında birləşdirilmişdir (Mahmudov Y.M. Azərbaycan diplomatiyası (XV-XVII yüzilliklər). Bakı, 1996; Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti, s.33; Fərzəlìyev Ş.F. Azərbaycan XV-XVÍ əsrlərdə, s.113; Onullahi S.M. XIII-XVIII əsrlərdə Təbriz şəhərinin tarixi; Жюзе. Выдержки переводов по Азербайджану, с.26).

   XVI əsrin sonlarında Osmanlı sultanı III Muradın (1574-1594) vaxtında 1578-ci ildə Mustafa paşa Azərbaycanı tutarkən Fərhad paşa Gürcüstandan keçərək Qarabağa daxil olmuş, Osmanlı hərbi hissələrini burada yerləşdirmişdir (Mahmudov Y.M. Azərbaycan diplomatiyası (XV-XVII yüzilliklər). Bakı, 1996; Əfəndiyev O.Ə. Azərbaycan Səfəvilər dövləti, s.178).

   Qarabağ bəylərbəyiliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər aşağıdakı rayonlar daxil idi: Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil (Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. Bakı, 2000, 576 s.).

   Beləliklə, Qarabağ əvvəllərdə olduğu kimi VIII-XVII əsrlərdə də Azərbaycanın ayrılmaz hissəsi olmuş, Xilafətdən sonra yaranmış Sacilər, Salarilər, Şəddadilər, Eldəgəzlər, Elxanilər (Hülakülər), Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar kimi türk hakimlərin idarə etdikləri dövlətlərin tərkibində olmuşdur. Qarabağ əhalisinin əsas, aparıcı hissəsini türk tayfaları təşkil etmişdir.      

 

Qarabağ XVIII əsrdə

 

    XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi İran, Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi (İsgəndər bəy Münşi. Tarix-i aləm aray-i Abbasi. AMEATİEA, inv. №934, 49 s; Мустафазаде Т.Т. Азербайджан и Русско-Турецкие отношения в первой трети XVIII в. Баку, 1993, 240 с).

    Səfəvilər dövlətinin hərbi qüdrətində rolu olan Nadir xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoydu, keçmişdə Səfəvi dövlətinin tərkibinə daxil olmuş əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə apardı və buna nail oldu (Мустафазаде Т.Т. Азербайджан и Русско-Турецкие отно¬шения в первой трети XVIII в. Баку, 1993, с.193-195).

   Nadir şah öldükdən sonra (1747-ci il) onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərə parçalandı (Бакиханов А.К. Гюлистани Ирам. Баку, 1991, с. 154). Azərbaycan ərazisində 20 xanlıq 7 sultanlıqdan ibarət feodal dövlət qurumları  yarandı. Bu xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu.

   Qarabağ xanlığının əsasını Cavanşirlər sülaləsinin sarıcalı oymağından olan Pənah Əli xan qoydu (Mirzə Adıgözəl bəy. Qarabağnamə. //Qarabağnamələr, birinci kitab, Bakı, 1989, s.6-102; Axundov N. Qarabağ salnamələri, Bakı, 1989, s.36).

   Həmin dövrdən etibarən ermənilər Azərbaycan torpaqlarında «erməni dövləti» yaradılmaq üçün müxtəlif layihələr işləyib hazırlayır və bu layihələri reallaşdırmaqdan ötrü Rusiya hakimiyyət orqanlarına təqdim edirdilər. Bu məsələnin ermənilərin xeyrinə həlli üçün Rusiyaya böyük ümid bəsləyirdilər. (Nəcəfli G.C. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri. Bakı  2007, 246 s.).

 

Azərbaycanın Qarabağ bölgəsi XIX – XX əsrlərdə

 

   XVIII əsrdən Qafqazı, o cümlədən Cənubi Qafqazı ələ keçirmək üçün geniş hərbi fəaliyyətə başlayan Rusiya XIX əsrin birinci yarısında buna nail oldu.

1805-ci ildə Qarabağ xanı ilə Rus imperatoru arasında «Kürəkçay» traktatı imzalandı (Трактат между Карабахским ханом и Российской империей о переходе ханства под власть России от 14 мая 1805 года). Belə ki, iki yüz ildən artıq bir müddətdə müstəqil Azərbaycan dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi (Карабах: Кюракчайский договор-200, Баку, 2005, 176 с).

    «Kürəkçay»ın (1805-i il) ardınca Rusiya ilə İran arasında bağlanan «Gülüstan» (1813-cü il) və «Türkmənçay» (1828-ci il) müqaviləsindən sonra Qarabağda erməniləşdirmə prosesi başlandı. Rusiya dövləti Qarabağa ermənilərin köçürməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırdı (Umudlu V.U. Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı və müstəmləkəçilik əleyhinə mübarizə (1801-1828), Bakı, 2004,180 s.).

   1822-ci ildə Qarabağ xanlığı ləğv olundu. Onun yerinə eyni adlı əyalət yarandı. Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhətdən müstəmləkəçilik siyasəti gücləndi

    Qeyd etmək lazımdır ki, Rusiya Qafqazı öz təsiri altında saxlamaqla iqtisadi maraqlarını təmin etmək üçün Rusiya hökuməti öz nüfuz dairəsinə daxil etdiyi bölgələrdə imperiyanın siyasi təsir gücünü göstərirdi. XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Qarabağ da Rusiya imperiyasının tərkibinə keçdi. Rus hökuməti İran və Türkiyədən bu ərazilərə 200 mindən artıq erməni köçürdü. Rəsmi sənədlərə görə bu ermənilər İrandan və Türkiyədən köçürülmüşdür (Описание переселения армиян аддербижанских в пределы Росии. Москва, 1831).

   Rəsmi və tarixi sənədlərdə (1828-1830-cu illərdə) İrandan 40 min nəfər, Osmanlı Türkiyəsi ərazisindən isə 84 min nəfər erməninin Azərbaycan ərazisinə köçürüldüyü bildirilir. Həmin dövrdə rus ordusunun köməyi ilə Qarabağın müsəlman-türk kəndləri boşaldılır, boşaldılan kəndlərə erməni ailələri yerləşdirilirdi. Qafqaza köçürülmüş erməninin hesabına demoqrafik quruluş dəyişdirildi, süni surətdə ermənilərin yerli türk-müsəlman əhalisindən sayca üstünlüyü təmin edildi (Описание Кавказкие провинции (составленное в 1823 году по распораъению главноупралящего в Грузии Ермолова), Тбилиси УНК, 1866, Баку, 2003).

   Qarabağda 1832-ci ildə keçirilmiş kameral sayımının nəticələri göstərir ki, burada ermənilərin sayı 34,8 faizə çatdırılmış, türk-müsəlman əhalinin sayı isə 64,8 faizə enmişdir (Şükürov K.K. Azərbaycan əhalisi: öyrənilməsi tarixi və qaynaqları. Bakı, Elm, 2004, 974 s.).

   Beləliklə, XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı ələ keçirmək üçün Osmanlı dövləti və İranla apardığı müharibə nəticəsində Azərbaycan torpaqları iki hissəyə bölündü. Qarabağ Rusiya imperiyasının tərkibinə keçdi. Rus hökuməti İran və Türkiyədən bu ərazilərə 200 mindən artıq erməni köçürdü. Bununla da Rusiya Cənubi Qafqazdakı kaloniya siyasətini həyata keçirmək üçün özünə dayaq məntəqəsi yaratdı. Bu siyasətdən yararlanan ermənilər heç vaxt olmadıqları bir ərazidə erməni dövləti yaratdılar. Bununla da Azərbaycanın Qarabağ bölgəsi münaqişə yuvasına çevrildi.

 

Azərbaycanın Qarabağ bölgəsi XX əsrin əvvəllərində

 

    XX əsrin əvvəllərində Qarabağda vəziyyət belə idi ki, ermənilərin möhkəmləndirilməsi üçün həyata keçirilən etnik təmizləmə siyasəti geniş vüsət almış, 1905-1906-ci illərdə türk-müsəlmanların silahlandırılmış ermənilər tərəfindən qırğını ilə nəticələnmişdi. Həmin dövrdə silahlanmış erməni quldur dəstələri Qarabağda dinc azərbaycanlı əhaliyə divan tutmuş, yüzlərlə kənd və qəsəbə dağıdılmış, yandırılmışdı (Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993; Ordubadi M.S. Qanlı illər. Bakı, 1991).

   Eçmiədzin sinodunun prokuroru A.Frenkelin 1907-ci ildə ermənilər haqqında rus çarı üçün hazırladığı xüsusi arayışda qeyd olunur: «Şəhər sakinləri olan ermənilərin fəxr edə biləcəkləri vətənləri yoxdur, yalnız acı bir etirafları vardı ki, onların xalqı artıq 1300 ildir ki, – qul və hamının nifrət etdiyi bir parazitdir» (Бахрамов Дж. О чем говорится в справке прокурора Эчмиадзинского Синода А.Френкеля от 1907 года святейшему синоду русской православной церкви для передачи царю Николаю II. Азербайджан и Азербайджанцы. 2005, № 1-6, с. 128-132).

   Beləliklə, ermənilər çarizmin hərtərəfli dəstəyi və yaratdığı əlverişli şərait nəticəsində Qarabağda möhkəmlənə bildilər.

 

Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920)

 

    Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər görmüşdü.

    1918-1920-ci illərdə Qarabağda soyqırım törədən erməni daşnakları Qarabağın qəzalarında kəndləri məhv edərək minlərlə azərbaycanlını öz doğma yurdlarından qovdular. Nuru Paşanın rəhbərliyi ilə Türk-İslam ordusu Xosrov bəy Sultanovun başçılıq etdiyi müqavimət hərəkatı ilə birgə 1920-ci il iyun ayının əvvəllərində Şuşanı XI Ordunun silahlı dəstələrindən təmizləyə bilsə də Dağlıq Qarabağa rus və erməni quldurlarına kömək məqsədi ilə gətirilmiş birləşmiş ordu hissələri iyunun 15-də Şuşada Sovet hökumətini bərpa etdi (İmanov R. Azərbaycanın ərazi bütövlüyünə qəsd – qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti. Bakı, 2005, s.80).

    1920-1921-ci illərdə Ermənistandan Azərbaycana 850 erməni ailəsi köçürüldü. Bunlardan 765 ailə Yuxarı Qarabağda yerləşdirildi. Onların məskunlaşdırılması və yaşaması üçün hər cür şərait yaradıldı (ARMDA, fond 27, siyahı 1, iş 649, vər. 190; fond 24, siyahı 1, iş 137, vər.18; fond 410, siyahı 1, iş 11, vər.45.). Tədqiqat göstərir ki, həmin dövrdə Qarabağın hər yerində azərbaycanlıların hüquqları tapdalanmış, hər hansı bir münaqişəyə görə yalnız onlar cəzalandırılmışlar (Məmmədov N. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti iyun 1941-dekabr 1950-ci illərdə. Bakı, 2006, s.38).

    Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti yaranan zaman dövlətin ərazisi 114 min kv.km idi. Azərbaycan  ikinci dəfə müstəqillik əldə edəndə bu rəqəm 86,6 min kv.km-ə  enmişdir. Göründüyü kimi, həmin ərazilər  SSRİ dövründə Moskva tərəfindən hissə-hissə Ermənistana verilmişdir.

Bu cəhətdən 1920-ci ilin əvvəllərindən başlayaraq 1988-ci ilədək Kremlin «xeyir-duası» ilə daha 10,7 min kv.km Azərbaycan torpaqları itirildi, yəni müxtəlif bəhanələr altında ermənilərə bağışlandı. Sovet hakimiyyətinin süqutuna yaxın sovet Azərbaycanının ərazisi artıq 86,6 min kv.km təşkil edirdi.

 

Azərbaycanın Qarabağ bölgəsi 1923-80-cı illərdə, DQMV-nin yaradılması.

 

    XX əsrin əvvəllərində Rusiya imperiyasının dağılmasından istifadə edərək Cənubi Qafqazda ilk cümhuriyyət quran Azərbaycana «Qızıl ordu» adı altında gələn Rus bolşevik ordusu Türkiyə ilə əlaqələrin yaranmasına imkan verməmək üçün onların arasında erməni dövləti yaratdı. Əzəli türk-oğuz torpaqları, əhalisinin dörddə üçü türk olan İrəvan və Naxçıvan torpaqlarında Ermənistan (Ararat) adlı dövlət yarandı, Zəngəzur və Göyçə də ona verildi.

   Eyni zamanda, bunun əvəzində, ermənilər Avropa ölkələrinə hər cür nökərçilik xidməti göstərmək yükünü boyunlarına götürdülər. Ermənilərin Rusiyaya onlara kömək edəcəyi təqdirdə hər cür xidmət göstərəcəkləri təklifi ilə müraciət etdilər. Tarixi proseslər göstərir ki, əlverişli məqamlarından istifadə etməyi “yaxşı bacaran” ermənilər XX əsrdə Rusiyada çarizmin süqutu və Sovet imperiyasının yaranması ilə meydana çıxan əlverişli şəraitdə inzibati ərazi məsələsini qaldırdılar və DQMV kimi nə tarixi, nə də sosial-iqtisadi əsası olmayan bir qurum yaratdılar (7 iyul 1923-cü il). DQMV-nin yaradılması isə Azərbaycanın ərazi bütövlüyünə qəsd idi.

   Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölünmüş və Azərbaycan rəhbərliyi Qarabağın Dağlıq hissəsində sonradan məskunlaşmış ermənilərə muxtariyyət statusu verməyə məcbur edilmişdir. Özü də bu addım həmin hissədə – Dağlıq Qarabağda yaşayan azərbaycanlıların nəzərə alınmadan, onların hüquqları kobudcasına tapdalanaraq atılmışdır (Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər (Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dillərində). Bakı, 2005, s.65). 

   Ermənilər Azərbaycan türklərinə qarşı bəşər tarixində görünməmiş vəhşiliklər, soyqırımlar, deportasiyalar həyata keçirmişlər. Bir əsrdə azərbaycanlı əhali ermənilər tərəfindən iki dəfə soyqırıma məruz qalmışdır. Sovetlər dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün DQMV – də gizli işlər aparan erməni siyasətbazları və ermənipərəstlər «Türksüz Ermənistan» yaratmaq ideyası ilə etnik təmizləmə aparmaq məqsədilə dəhşətli faciələr törətmişlər (Paşayev A. Qarabağ bölgəsində erməni vəhşilikləri // Açılmamış səhifələrin izi ilə, Bakı 2001, s.267-292; Paşayev A. “XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları və deportasiyalar (arxiv sənəd və materialları əsasında)” t.e.d. alimlik dərəcəsi almaq üçün avtoreferatı). Bakı, 2008).

Sovetlər dövründə DQMV-nin inzibati ərazi bütövlüyündə dəfələrlə dəyişikliklər edilmişdir.

    1920-1930-cu illərdə bütövlükdə  Azərbaycan, eləcə də DQMV sosial-iqtisadi və mədəni cəhətdən inkişaf etmişdir.

    İkinci dünya müharibəsi bir sıra dünya xalqları kimi Azərbaycan xalqının da tarixində çox ağrılı izlər qoymuşdur. 1941-1945-ci illərdə bütün Azərbaycan xalqı kimi DQMV-nin də əhalisi SSRİ tərəfindən faşizmə qarşı mübarizədə iştirak etmişdir. DQMV-dən 45 min nəfər adam cəbhəyə getmiş, onların 22 min nəfəri döyüşlərdə həlak olmuş, geri qayıtmamışlar. DQMV-də anadan olmuş 15 min döyüşçü müxtəlif orden və medallarla təltif edilmiş, 18 nəfər Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüşdür. Faşizm üzərində qələbənin əldə edilməsində DQMV əhalisinin ön cəbhədə olduğu kimi arxa cəbhədə də xidmətləri olmuşdur (Məmmədov N. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti iyun 1941- dekabr 1950-ci illərdə.  Bakı: Elm, 2006, s.38).

   Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları müharibə dövründə də davam etdirilmişdir. 1945-ci ilin payızında DQMV-nin Ermənistan SSR-ə verilməsi haqqında ermənilərin Sovet rəhbərliyi qarşısında növ¬bəti dəfə qaldırdıqları məsələyə dair Azərbaycan K(b)P MK-ın birinci katibi M.C.Bağırovun tutarlı cavabından sonra Dağlıq Qarabağa əsassız erməni iddiaları xeyli müddət gündəmə gəlmədi (ARDSPİA, f.1, siy.169, iş 249, v.7).

   Sovetlər dövründə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün DQMV-də gizli işlər aparan erməni siyasətbazları və ermənipərəstlər «türksüz Ermənistan» yaratmaq ideyası ilə etnik təmizləmə aparmaq məqsədilə dəhşətli faciələr törətmişlər. 1948-1953-cü illərdə minlərlə azərbaycanlı ailəsinin öz ata-baba yurdları Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) deportasiya edilməsi, yaşayış şəraitinə uyğun gəlməyən ərazilərdə yerləşdirməklə çoxunun məhvinə səbəb olmuşdular (Məmmədov İ., Əsədov S. Ermənistan Azərbaycanlıları və onların acı taleyi. Bakı, 1992).

   Dağlıq Qarabağın Ermənistana verilməsinə dair növbəti cəhd 1960-cı illərdə A.Mikoyanın vasitəsilə edildi. N.S.Xruşovun etirazından sonra bu məsələ yenə də təxirə salındı (бах: Гасанли Дж. Необоснованные претензи армян на Карабах в Советское время. ИРС-Наследие, №6 (24), 2006, с.34). Lakin xaricdə yaşayan daşnak liderləri ardıcıl təbliğat işlərini dayandırmadılar. Ermənilər Sovetlər dövründə müxtəlif vaxtlarda Azərbaycan Respublikasına Dağlıq Qarabağla bağlı 16 dəfə əsassız ərazi iddiası irəli sürmüşlər (Гасанли Дъ. Необоснованные претензии армян на Карабах в Советское время. ИРС-Наследие, №6 (24), 2006, с.31). Dağlıq Qarabağdakı erməni millətçi liderləri və gizli təşkilatları ilə qeyri leqal əlaqə saxlamaqda davam etdilər. Belə separatçı hərəkətlər xalqın onsuz da ağır olan sosial-iqtisadi vəziyyətini daha da ağırlaşdırırdı.

     Sovetlər dövründə ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparıldığı dövrdə (1960-1970-ci illərdə) mühüm dövlət vəzifələrində işləyən Heydər Əliyev bunun qarşısının alınması üçün bir sıra tədbirlərin görülməsinə nail oldu. Azərbaycan KP MK Birinci Katibi seçildikdən sonra Heydər Əliyev erməni separatçılarının mənfur niyyətlərinin qarşısını almaq məqsədilə DQMV-nin iqtisadi inkişafı və əhalisinin sosial şəraitini yaxşılaşdırmaq üçün müəyyən tədbirlər həyata keçirərək onlara bəhanə yeri qoymadı. Bu da erməni ekstremistlərinin gizli planlarının və niyyətlərinin puça çıxmasına səbəb oldu.

     1969-cu ildən etibarən idarəçilik möhkəmləndirildi, işdə qanunlar öz yerini tutdu və korrupsiyaya qarşı ciddi mübarizə başlandı. Azərbaycanın hər yerində və bütün sahələrdə irimiqyaslı inkişaf baş verdi. DQMV-nin inkişafı həmişə uzaqgörən dövlət başçısının diqqət mərkəzində oldu. 1971-1985-ci illərdə Azərbaycan hökuməti tərəfindən DQMV-nin xalq təsərrüfatının inkişafına 483 milyon manat vəsait ayrılmışdı. Bu, son 15 ildəkindən 2,8 dəfə artıq demək idi. Həmin vəsait hesabına DQMV-də 15 yeni sənaye müəssisəsi tikilmiş və məhsul istehsalı 1923-cü illə müqayisədə 912 dəfə artmışdı. Kənd təsərrüfatının inkişafına isə 171 milyon manat vəsait ayrılmış, 24 milyon 803 min manat uzunmüddətli kredit verilmişdi. 1985-ci ildə DQMV-də 40 sovxoz, 33 kolxozun 1269 traktoru, 250 taxılyığan kombaynı, 1096 yük avtomobili var idi. DQMV-nin iqtisadi və mədəni inkişafını daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Şuşa şəhərinin inkişafı üçün bir neçə qərar vermişdi. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş tədbirlər nəticəsində Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi. 1973-cü ildə Xankəndində APİ-nin filialı əsasında Pedaqoji İnstitut açılmış, 1979-cu ildə Ağdam-Xankəndi dəmir yol xətti çəkilmişdi. Beləliklə, Heydər Əliyevin uzaqgörən siyasəti erməni separatizminin canlanmasına imkan verməmişdir.

    Beləliklə 1988-ci ilin əvvəllərindən başlayaraq DQMV-də Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları qızışdırıldı 1988-ci ildə erməni ideoloqları «dənizdən–dənizə böyük Ermənistan» uydurmasını yenidən ortaya atmaqla növbəti dəfə ərazi iddiaları irəli sürdülər. Bu problemi dünya ölkələrindəki erməni lobbisinin, dini mərkəzlərinin və bəzi iri dövlətlərin irticaçı qüvvələrinin dəstəkləməsi ilə əlaqədar olaraq Ermənistan adlandırılmış qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycanda azərbaycanlılara məxsus kəndlərin və qəsəbələrin dağıdılması prosesi başlandı, yüzlərlə günahsız insan öldürüldü, 10 minlərlə soydaşımız öz tarixi-etnik ərazilərindən vəhşicəsinə qovuldu.

Moskvanın planı əsasında 1989-cu ildə DQMV-də A.Volskinin rəhbərliyi altında «Xüsusi İdarəçilik Komitəsi» yaradıldı və bununla da DQMV-nin Azərbaycanla əlaqələri kəsildi. Silahlandırılmış erməni quldur dəstələri Dağlıq Qarabağ ərazisindən yerli azərbaycanlı əhalini öz doğma yurd-yuvasından çıxardı.

 

Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğalı

 

    1991-ci ildə erməni silahlı birləşmələri açıq hərbi əməliyyatlara başladılar. 1991-ci il sentyabrın 2-də erməni separatçıları Yuxarı Qarabağda qeyri-qanuni bir qurum, oyuncaq «Dağlıq Qarabağ Respublikası»nın yarandığını və müstəqilliyini elan etdilər. Buna cavab olaraq 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Soveti Dağlıq Qarabağın Vilayət statusunu ləğv etdi və «Dağlıq Qarabağ Respublikası»nı tanımadığını bildirdi. 1992-ci ildə isə erməni silahlı birləşmələri Yuxarı Qarabağda irimiqyaslı hərbi əməliyyatlara başladılar. Erməni cəlladları tərəfindən tarixdə misli görünməmiş vəhşiliklər törətdilər.

   1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiya Federasiyasının Stepanakertdə (Xankəndində) yerləşən silahlı qüvvələrinin 366-cı qvardiya motoatıcı alayının köməyi ilə əhalisinin hamısı (7 min) azərbaycanlı olan DQMV-nin Xocalı şəhərini yerlə yeksan etdilər. Dinc mülki əhali dəhşətli soyqırıma məruz qaldı. Qadınlar, uşaqlar, qocalar, xəstələr ağlasığmaz vəhşiliklə məhv edildi. Ermənilərin törətdikləri soyqırımı nəticəsində 613 dinc Xocalı sakini vəhşicəsinə öldürüldü. Həmin faciə zamanı 487 nəfər yaralanmış, 1275 nəfər əsir götürülmüş, 150 nəfər isə itkin düşmüşdür.

Ermənilərin əsassız torpaq iddiası və bundan alovlanan müharibə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olundu, 30 min nəfərdən artıq insan qətlə yetirildi, 1 milyonadək  azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi, 4581 nəfər adam əsir və itkin düşdü.

   Respublikamıza külli miqdarda maddi ziyan dəydi. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye, tikinti və kənd təsərrüfatı obyekti (173 sənaye, 122 tikinti) 3225 ticarət obyekti,  131 min ev, 1025 məktəb, 798 səhiyyə ocağı təcavüzün qurbanı olmuş, 280 min hektar meşə, 1 milyon hektar məhsuldar torpaq, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdir.

   Erməni vandalları mədəni irsimizə dağıdıcı zərbə vuraraq 927 kitabxananı, 100 arxeoloji abidəni, 454 tarixi abidə və muzeyi, 40 min muzey eksponatını qəddarcasına məhv etmişlər. İşğal olunmuş ərazilərdə nadir flora və faunaya malik meşə sərvətləri amansızcasına qarət edilərək Ermənistana daşınmışdır. İlkin hesablamalara görə işğal nəticəsində Azərbaycan öz iqtisadi potensialının 16 faizini itirmiş və ölkəyə 60 milyard ABŞ dollarında ziyan dəymişdir. Ermənistan bu gün də, Dağlıq Qarabağ ərazisində öz işğalçılıq siyasətini davam etdirir. Ermənilər işğal olunan ərazilərdə yanğınlar törədir, narkotik maddələr yetişdirir, yeraltı və yerüstü sərvətlərimizi mənimsəyirlər.

 

Q.Ə.Hacıyev

Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix   İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, t.e.d.

Xəbər lenti

• 20.09.2022, 10:53

Kosmik teleskopdan möhtəşəm görüntü – FOTO

• 20.09.2022, 9:58

MN: “Laçında 100 mina zərərsizləşdirilib” – FOTOLAR

• 20.09.2022, 9:56

Blinkendən Əliyevə gecə zəngi – ABŞ Ermənistanı intihara sürükləyir

• 20.09.2022, 9:02

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

• 20.09.2022, 8:48

Azərbaycanın üç stolüstü tennisçisi erməni rəqiblərinə qalib gəlib

• 20.09.2022, 8:41

Ceyhun Bayramov üçtərəfli görüşdə Azərbaycanın mövqeyini AÇIQLADI

• 20.09.2022, 8:39

Blinken, Bayramov və Mirzoyan arasında görüş keçirilib

• 20.09.2022, 8:38

“İlham Əliyev və Paşinyan sülhə hazır olduqlarını bildirdilər” – Blinken

• 20.09.2022, 8:37

Rusiyadan yolların açılması üçün Ermənistana 5 milyardlıq TƏKLİF

• 16.09.2022, 9:28

KTMT Paşinyana “yox ”dedi – sərhəddə təxribatların davam etməsinin səbəbi nə?

• 16.09.2022, 9:25

“Qarabağ”ın qrupdakı ilk qələbəsindən şəkillər

• 16.09.2022, 9:24

“Qarabağ” Prezidentə təşəkkür etdi – Şəkil

• 16.09.2022, 9:23

“Bu qələbə Qarabağ adına, Azərbaycan adına yaraşır” – Qara Qarayev

• 16.09.2022, 9:22

“Avroliqada pley-off mərhələsinə yüksəlmək istəyirik” – Qurban Qurbanov

• 16.09.2022, 9:21

Bərdədə erməni raketi ilə dağıdılmış ev “indi vurulmuş hayk evi” nə döndü…-FOTOLAR

• 15.09.2022, 17:10

Ordumuzun azad etdiyi strateji əhəmiyyətli yüksəkliklər – ADLAR

• 15.09.2022, 14:16

Azərbaycan icması Ermənistanın sərhəd təxribatı ilə bağlı Fransa hökumətinə müraciət ünvanlayıb

• 15.09.2022, 14:09

Ermənistan hökümətinin iclası təxirə salındı

• 15.09.2022, 14:05

Ordumuzun erməni təxribatına cavabının yeni görüntüləri – VİDEO

• 15.09.2022, 14:04

Daha 21 şəhidimizin adı açıqlandı – YENİ SİYAHI

• 15.09.2022, 13:15

Azərbaycan qalib tərəfdir və sülhün tərəfindədir – MÜSAHİBƏ

• 15.09.2022, 13:14

Ötən gün ermənilərə dəstək verən ukraynalı müğənninin Bakıdakı konserti LƏĞV EDİLDİ

• 15.09.2022, 13:11

Bakı mantaşovların, şaumyanların şəhərinə necə dönmüşdü? – 15 sentyabr qurtuluşu…

• 15.09.2022, 13:10

Ermənistan parlamentində dava düşdü – VİDEO

• 15.09.2022, 13:07

KTMT ölkələrindən Ermənistana RƏDD CAVABI

sorğu

İşğal olunmuş torpaqlarımızın azad olunacağına inanırsız?
Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
« Avq    
 1234
567891011
12131415161718
19202122232425
2627282930