Cəbrayıl
ÜMUMİ MƏLUMAT
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1.05 min km2, əhalisi 74,2 min (01.10.2012) nəfərdir. Rayon 1 şəhər(Cəbrayıl), 4 qəsəbə(Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 90 kənddən ibarət idi. Kəndləri bunlardır – Xubyarlı, Xudaverdili, İmambağı, Qurbantəpə, Şahvələdli, Yarəhmədli, Balyand, Xələfli, Qaracallı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Çərəkən, Əfəndilər, Papı, Dağ Tumas, Çələbilər, Qarağac, Sofulu, Hacılı, Hüseynalılar, Kavdar, Mirək, Tulus, Horovlu, Çapand, Safarşa, Hovuslu, İsaqlı, Qalacıq, Doşulu, Mahmudlu, Yuxarı Maralyan, Qazanzəmi, Çullu, Dağ Maşanlı, Əsgərxanlı, Söyüdlü, Qumlaq, Dərzili, Məstalıbəyli, Quycaq, Nüzgar, Şəybəy, Maşanlı, Alıkeyxalı, Mehdili, Çaxırlı, Minbaşılı, Ağtəpə, Daş Veysəlli, Sədi, Sarıcallı, Əmirvarlı, Məzrə, Yuxarı Məzrə, Sirik, Aşağı Sirik, Molla Həsənli, Xanağabulaq, Şahvəlli, Göyərçin Veysəlli, Hacı İsaqlı, Qoşabulaq, Qovşudlu, Niyazqulular, Tinli, Şükürbəyli, Dəjəl, Fuğanlı, Həsənqaydı, Şıxalıağalı, Qışlaq, Karxulu, Tatar, Aşağı Maralyan, Şıxlar, Cəfərabad, Kürdlər, Daşkəsən, Yuxarı Nüsüs, Süleymanlı, Niftalılar, Yanarxac, Quşçular, Keçəl Məmmədli, Qərər, Soltanlı, Aşıq Məlikli, Nüsüs.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı.
Azərbaycanda eramızın I əsrindən yaradılmış kəhriz şəbəkəsindən Cəbrayılda daha geniş şəkildə istifadə olunurdu. Respublikamızda olan 813 kəhrizin 118-i Cəbrayılın payına düşür. O cümlədən rayonda 360-dan çox dişgöynədən, təbii minerallarla zəngin bulaqlar vardır. Rayon ərazisindəki iki böyük suvarma kanalı – “Teymur Quliyev” və “Maralyan” kanalları kənd təsərrüfatının intensiv inkişafını təmin edirdi. Rayonda 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi var idi.
Cəbrayil rayonu 1993-cü il avqust ayının 23-də əzəli və əbədi düşmənlərimizin tapdağı altına keçdi. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazilərdə birlikdə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd büsbütün ermənilərin işğalına məruz qaldı, vəhşicəsinə dağıdıldı. Qarabağ müharibəsində 362 nəfər şəhid olmuş, 191 nəfər əlil olmuşdu. 6 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bundan başqa vaxtilə Cəbrayıldan 7 nəfər Sosialist Əməyi Qəhrəmanı, 1 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
TARİXİ VƏ MƏDƏNİYYƏT ABİDƏLƏRİ
Qarabağın öz dilbər guşələri ilə seçilən buz bulaqları, zümrüd meşələri, əzəmətli dağları, zəngin tarixi-mədəni abidələri ilə yaddaşlarda qalan ən gözəl yerlərindən biridir Cəbrayıl rayonu.
Şəriət risalələrində deyilir: “Cənnət torpağı gümüşdən hazırlanmış ağ mərmərə bənzər. Çınqılı mirvari və yaqut, tozu zəfərandır. Ora düşən səadətə çatar, ümidsiz olmaz, əbədi yaşayar. Cənnətdə dadı dəyişməyən sudan irmaqlar, təmi çönməyən süddən çaylar var. Uca Allah cənnətə ab – Kövsər çayı bəxş edib ki, ondan içən bir daha susamaz. Suyu baldan şirin, süddən ağdır”.
Bu ilahi kəlamları oxuyanda istər-istəməz əsrarəngiz gözəlliklər diyarı, heyrətamiz maddi-mənəvi sərvətlər məskəni Cəbrayılımız yada düşür. Tarixi kökü lap qədim dövrlərə gedib çıxan bu ulu diyarın təkcə adının yaranmasında nə qədər sirlər, müəmmalar gizlənmişdir…
Tarixçi Həmdullah Qəzvininin (XIII-XIV əsrlər), Azərbaycan tarixçiləri A.Bakıxanov, Əhməd bəy Cavanşir, Mirzə Camal Cavanşir, Mirzə Adıgözəl bəy və başqalarının əsərlərində zəngin tarixi keçmişi olan Cəbrayıl haqqında qiymətli məlumatlara rast gəlinir. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Qasım bəy Zakir, Cəlil Məmmədquluzadə vaxtilə Cəbrayıl qəzasının əhalisinin güzəranı, onların adət-ənənələri, mədəniyyəti barəsində maraqlı fikirlər söyləmişlər.
Alimlərin fikrincə, Cəbrayıl əraziləri insanın formalaşdığı yerlərdən biri olmuşdur. Belə ki, Dağtumas kəndi yaxınlığındakı yaşayış üçün təbii məhsulların və əmək alətlərinin bol olduğu “Nəfəsli dərə” deyilən ərazidə yerləşən “Divlər sarayı” mağarası deməyə əsas verir ki, ibtidai insanın yaşadığı yerlərdən biri də məhz Cəbrayıl ərazisidir. Bəzi tədqiqatçılara görə, Azıxda yaşayan ulu əcdadlarımızla “Divlər sarayı”nda yaşayan qədim insanlar arasında müəyyən əlaqələrin olması istisna deyildir.
Rayonun Diridağı zonası, Ziyarət və Gordubaba dağ əraziləri yaşayış üçün əlverişli olmuşdur. Bunlar bitki örtüyü ilə daha zəngindir. Diridağın cənub ətəklərində, Arazboyu zolaqlarında, Qız qalası yaxınlığında, hətta XX əsrin əvvəllərinə qədər də keçilməz meşələr var imiş.
Fikirimizcə, bu dağın Diri adlandırılması da burada insanın yaşaması üçün hər şəraitin olması ilə bağlıdır. Şübhəsiz ki, hələ Cəbrayıl yer adının formalaşmasından çox-çox əsrlər öncə bu torpağın insanları ayrı-ayrı yaşayış məskənləri salmışlar.
Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Bu adı İslamda və monoteist dinlərdə Allaha ən yaxın mələk olan Cəbrayılın adı ilə əlaqələndirilənlər də vardır. Cəbrayıl sözü ərəb dilində “Allahın qulu”, məcazi mənada Allaha yaxın olan adam deməkdir.
Cəbrayıl əraziləri ən qədim dövrdən Azərbaycanda mövcud olmuş müxtəlif dövlətlərin – e.ə. VII-İV əsrlərdə Midiya dövlətinin, e.ə. IV-III əsrlərdə Əhəmənilər imperiyasının, daha sonralar Səlcuqların, eləcə də Pazkank, Əhristan, Dızaq adlandırılan mahalın tərkibində idi. 971-1086-cı illərdə Şəddadilərin, 1250-ci ildə monqolların, 1387-ci ildə Teymurilərin, 1412-ci ildə Qaraqoyunluların, 1478-ci ildə Ağqoyunluların, 1501-ci ildə Səfəvilərin tərkibində olmuşdur.
Bu kəndin əsasını qoymuş Cəbrayıl ata təxminən VIII-IX əsrlərdə yaşayan, Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olmuşdur. Hazırda bu ərazilərdə yerləşən Mirzəcanlı, Yarəhmədli, Hasanlı, Maşanlı, Xubyarlı və digər kəndlər də, deyilənlərə görə, onun övladlarının adı ilə bağlıdır. Bu müqəddəs şəxs hələ öz sağlığında böyük hörmət və nüfuz sahibi olduğundan, vəfat edərkən öz mülkünün axar-baxarlı bir yerində – Alpaşa dağının üstündə dəfn edilmiş və üzərində məqbərə tikilmişdir.
Cəbrayılın “ağa”, “müqəddəs şəxs”, nəhayət, “ata” adlandırılması sübut edir ki, o, həqiqətən, bu ərazilərin çox nüfuzlu adamı, doğma elini sevən, övladlarına, təbəələrinə doğru yol göstərən xeyirxah bir el ağsaqqalı imiş.
Cəbrayıl ata məqbərəsi Qarabağın dağlıq hissəsində, erməni kəndlərinin yaxınlığında olduğundan erməni “tədqiqatçıları” bu abidəni də öz ibadətgahlarına çevirmək məqsədi ilə onun üzərində sonralar xaç işarəsi həkk etmişlər.
Cəbrayılın “ata” adlandırılmağa layiq nüfuzlu bir şəxs olmasını təsdiq edən faktlardan ən mühümü onun adını daşıyan Cəbrayıllı tayfasının mövcudluğudur. Cəbrayıllı tayfası haqqında məlumatlara A.Bakıxanovun, Mirzə Həsən Əfəndinin əsərlərində, habelə akademik S.Sumbatzadənin və tarix elmləri doktoru S.Onullahinin tədqiqatlarında rast gəlirik. Belə görünür ki, Cəbrayıl hələ öz sağlığında “ata” kimi tanınan el ağsaqqalı olduğu kimi, onun övladları da öz dövrlərinin sayılan adamları imiş, zaman keçdikcə onların törəmələri artıb çoxalmış, nəhayət, bir tayfa kimi təşəkkül tapmışdır.
Cəbrayıllı tayfası və bu tayfaya daxil olmayan kəndlərin əhalisi Azərbaycanda yaranmış siyasi vəziyyətlə əlaqədar XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu, XVI-XVII əsrlərdə qızılbaşlar və şahsevənlər, XVIII əsrdə əfşarlar, nəhayət Cavanşir tayfa ittifaqlarının tərkibinə daxil idilər. Ona görə tədqiqatçıların bəziləri cəbrayıllıları gah cavanşir, gah da Əfşar tayfasının bir tirəsi kimi qələmə verirdilər. Lakin Cəbrayıllı tayfası tayfa ittifaqlarına daxil olsa da, !tayfa” sözü “kənd” sözü ilə əvəz edildiyindən XIX əsrin 30-cu illərindən sonrakı yazılı mənbələrdə və rəsmi dövlət sənədlərində Cəbrayıllı tayfasının adına rast gəlinmir.
1841-ci ildə Qarabağ əyaləti, o cümlədən Cəbrayıl ərazisi mərkəzi Şamaxı şəhəri olan Xəzər vilayətinin, 1846-cı ildə isə yeni yaradılmış Şuşa qəzasının tabeliyində olmuşdu. 1873-cü ildə Cəbrayıl və ona qonşu olan ərazilər Şuşa qəzasının tabeliyindən çıxarılaraq Yelizavetpol (Gəncə) quberniyasının tərkibində Cəbrayıl qəzası təşkil edildi. Qəzanın məhz Cəbrayılda yaradılması təsadüfi deyildi. Şuşa qəzasının ərazisi böyük olduğundan qəza idarələri yerlərlə, xüsusilə Cəbrayılın Arazboyu məntəqələri ilə əlaqə saxlaya bilmirdi. Cəbrayıl kəndi strateji cəhətdən əlverişli mövqedə olduğundan rus hərbi qarnizonu hələ 1802-ci ildə burada hərbi şəhərcik salmışdı. Xudafərin karvan yoluna nəzarət edən Karantin – Gömrük idarəsi və çar hökumətinin müvəkkili bu kənddə idi.
Yeni yaradılmış Cəbrayıl qəzasının əhalisi 66360 nəfər idi (1897). Qəza indiki Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının, Qubadlı rayonunun Xanlıq kəndindən Araza və oradan da Zəngilan rayonunun Bartaz kəndinə qədər əraziləri əhatə edirdi.
Cəbrayıl ərazisində dünya memarlıq sənətini bəzəyən, Azərbaycan memarlıq tarixində özünə məxsus yer tutan çoxlu monumental abidələr – körpülər, qalalar, türbələr, kümbəz və məscidlər vardır. Bu gün o abidələr nankor qonşularımızın murdar ayaqları altında inləməkdə, erməni vandalizminin dünyaya sığmayan vəhşiliklərinin şahidi olmaqdadır.
Cəbrayıl ərazisində yerləşən və ermənilər tərəfindən işğal edilən abidələrdən biri dünya memarlıq sənətinin nadir incilərindən olan Xudafərin körpüləridir. Araz çayı üzərində ucalan bu möhtəşəm abidələrin biri 11, digəri isə 15 aşırımlı körpülərdir. On bir aşırımlı körpünün uzunluğu 130, eni 6, hündürlüyü 12 metrdir. On beş aşırımlı körpününsə uzunluğu 200, eni 4.5, hündürlüyü 10 metrdir. Körpülər bir-birindən 800 metr aralı tikilmişdir. Onların tikinti texnikası və tarixi haqqında müxtəlif fikirlər söylənməkdədir.
On bir aşırımlı körpünün daha qədim olması, onun Əhəmənilər imperiyası zamanında, e.ə. VI-III əsrlərdə ağacdan tikilməsi, sonralar XII əsrdə Eldəgəzlər hakimiyyəti dövründə yenidən qurulması söylənilir. On beş aşırımlı körpünün isə eramızın I əsrində inşa edilməsi, XIII əsrdə Elxanilər dövründə yenidən bərpa edilməsi alimlərimiz tərəfindən təsdiq edilmişdir.
Xudafərin körpüləri Azərbaycan inşaatçılarının müstəsna mühəndislik qabiliyyətinin ən gözəl nümunələrindən biridir. Hər iki körpünün ayrı-ayrı tağlarını birləşdirən sütunların hər biri çayın içərisində olan sal qayaların üzərində tikilmişdir. Bu da körpülərin bünövrəsinin əbədiliyinin təminatıdır. Xudafərin “xuda” və “afərin” sözlərindən ibarətdir. “Xuda” – Allah deməkdir, “afərin” isə alqış, mərhəba mənasını verir. İfadə bütövlükdə “Allah tərəfindən yaradılmış”, “Allaha alqış”, Allaha mərhəba” deməkdir. Bu körpülərin Hindistandan tutmuş Yaxın və Orta Şərqlə Şimali Azərbaycan, bütün Zaqafqaziya və Dərbənd vasitəsilə Rusiya və Qərbi Avropa ölkələri arasında ticarət əlaqələrinin inkişafı, qədim ipək Yolunun müntəzəm fəaliyyətdə olması, Azərbaycanın cənubu ilə şimalının iqtisadi və mədəni əlaqələri üçün müstəsna əhəmiyyətinə şahidlik edir.
Bir vaxtlar Azərbaycanı iki yerə bölən coşqun Arazın üzərində o taylı, bu taylı həmvətənlərimizin bir-birinə uzanan nisgilli qollarına çevrilmiş insan addımlarına həsrət qalan bu körpülər indi adi insan baxışlarına belə həsrətdir. Indi bu körpüləri inşa edənlərin nəvə-nəticələrinə bu əzəmətli abidələrə baxmaq da qadağan edilib.
Bunlardan başqa, Cəbrayıl çoxlu digər arxeoloji və tarixi memarlıq abidələri ilə zəngindir. Qalacıq kəndində “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığında e.ə III minilliyə aid siklop tikintiləri, Dağtumasda “Başıkəsik kümbəz”, Sirikdə “Qala”, Çələbilər kəndində məscid-mədrəsə kompleksi, Şıxlar kəndində “Dairəvi türbə”, Xubyarlıda Dairəvi və Səkkiz guşəli türbələr belə maraqlı sənət əsərləridir. Cəbrayılada həm dünya əhəmiyyətli, həm respublika əhəmiyətli, həm də yerli əhəmiyyətli çoxlu abidələr – başqa sözlə 120-yə yaxın qədim tariximizi özündə əks etdirən abidələr var idi. Bu abidələrin hər biri doğma yurda həsrət qalan insanların isti nəfəsinə, hənrinə möhtacdır. Bu həsrəti, ayrılığa salan isə xalqımıza düşmən kəsilmiş insafsız və namərd qonşularımız – ermənilərdir.
Erməni işğalına məruz qalmış abidələrimizdən biri Arazın sol sahilində Diri dağın üzərində tikilmiş “Qız qalası” dır. Tədqiqatçılar bu abidəni XII-XIII əsrlərə aid edirlər. Ümumiyyətlə Azərbaycanın bir sıra guşələrində Qız qalası adlandırılan qalalar vardır. Şübhəsiz ki, bu qalalar haqqında müxtəlif rəvayətlər olsa da, bunlar o dövrlər üçün xarakterik hesab olunan müdafiə qalaları – başqa sözlə göz qalası idi. Qlanın tikinti-memarlıq üslubuna nəzər saldıqda onun orta əsr memarlığının ən gözəl nümunələrindən biri olduğu məlum olur. Qaladan baxarkən Diri dağından Naxçıvan istiqamətinə qədər ərazilər və iranın Arazboyu hissəsi tam aydın görünür.
Belə qalalardan biri də V-VI əsrlərə aid olan Sirik qalasıdır. Qala təxminən 500 kv.metrlik ərazini əhatə edir. Çaxmaq daşı ovuntusunun əhənglə qarışıq məhlulundan istifadə edilərək daşdan tikilmiş, bürcü palıd ağacının özəyi üzərində qurulmuşdur. Qalaya yalnız bir tərəfdən ancaq sıldırım qayalıqlarla çıxmaq olar. Bu tikintidən də müşahidə və düşmən işğalından uzun müddət müdafiə olunmaq üçün istifadə olunmuşdur.
Ermənilərin Azərbaycan xalqına və onun tarixinə, mədəniyyətinə qarşı “səlib yürüşü” heç də beş ilin, on ilin söhbəti deyildir. Tarixin bütün dövrlərində öz bədxah niyyətlərini həyata keçirən ermənilər hələ Dağlıq Qarabağ münaqişəsi başlamamışdan qabaq Cəbrayıl rayonunda olan qədim tarixi abidələri gəzir özlərinin hansısa bir saxta tarixini əks etdirən kitabələr, nişanələr və s. basdırmışlar. Bu çirkin əməllər deyəsən təkcə Cəbrayıl ərazisində yox, digər ətraf rayonlarda və Dağlıq Qarabağ ərazilərində həyata keçirilmişdir.
Cəbrayıl rayonunda ermənilərin tapdaqları altında qalan abidələrimizdən biri Dağtumas kəndində yerləşən Başıkəsik gümbəzdir. XIII-XIV əsrlərə aid hesab edilən dairəvi kümbəzin üstü açıq olduğundan ona “Başıkəsik gümbəz” deyirlər. Bu yerlərdə dolanan rəvayətlərə görə bu gümbəzin tikintisi yarımçıq qalmışdır. Abidənin yerləşdiyi Dağtumas kəndi isə çox vaxt el arasında Gümbəz kəndi adı ilə adlandırılmışdır. Gümbəzin hündürlüyü təxminən 12, diametri 5 metrə çatırdı. Bu maraqlı abidə süni şəkildə yaraılmışhündür bir təpənin üzərində məqbərə üslubunda tikilmişdir.
Cəbrayıl rayonunun Şıxlar kəndi yaxınlığındakı Şıxlar türbəsi də maraqlı abidələrdən biri hesab edilir. Tikinti tarixi XIV əsrə aiddir. El arasında ona Şıx babanın türbəsi də deyilir. Şeyx Səlap İbn Qiyasəddin adına möhürlənmiş türbənin hündürlüyü təxminən 7-8, diametri isə 6 metrə yaxındır. Deyilənlərə görə gümbəz hissəsi sonradan uçub tökülmüşdür.
Cəbrayıl rayonunun Xubyarlı kəndi yaxınlığında qədim türk qəbristanlığında yerləşən dairəvi və səkkizguşəli türbələr də öz tikinti texnikasına, memarlıq üslubuna görə orta əsr memarlıq tarixində özünəməxsus yer tutur. Buradakı XV əsrə aid olan dairəvi türbə və XVI əsrə aid Səkkizgüşəli türbə çox maraqlı abidələrdir. Bu abidələr və yuxarıda adlarını şəkdiyimiz türbələr Azərbaycan memarlığı tarixində dairəvi və səkkizguşəli türbələrin ən gözəl nümunələridir. Bu gün bu abidələrin taleyi bizi çox narahat edir. İndi onlar hansı səviyyədədir? Əsrlərin, yüzilliklərin zərbələrindən, tarixin aşılanmalarından keçərək bu günümüzə qədər gəlib çıxmış bu tarixi abidələr görəsən erməni vandalizmindən canlarını qurtara biliblərmi? Bəlkə də hansısa top, mərmi onların əzəmətli divarlarını dağıtmışdır. Bu barədə heç nə deyə bilmərik, çünki indi bu abidələrə əlimiz çatmır. Ancaq onu bilirik ki, Azərbaycan xalqına düşmən kəsilmiş erməni millətçiləri bu xalqın tarixini və mədəniyyətini özündə yaşadan maddi nümunələrə də qənim kəsilib, onları məhv ediblər.
Cəbrayılın Çələbilər kəndi ərazisində tikintisi XVI əsrə aid olan əzəmətli bir məscid-mədrəsə də var. Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən hicri 1088, miladi 1678-ci ildə tikilmişdir. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə ən böyük din xadimləri alimlər dərs deyiblər. XVIII əsr məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olmuşdur ki, bu hücrələrdə şagirdlərə dərs verilmişdir. Dağlıq Qarabağ hadisələri başlamamış bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdir.
Cəbrayıl kəndində yerləşən XVI əsrə aid Sultan Məcid hamamı da orta əsr Azərbaycan memarlığının gözəl abidələrindən biridir. Forma və tikinti üslubuna görə Cəbrayıl ərazilərindəki türbələrlə qonşu Füzuli, Qubadlı və Zəngilan ərazilərindəki abidələr arasında çox oxşarlıqlar var. Ona görə də tarix elmləri doktoru Məşədixanım Nemətova güman edir ki, Araz və həkəri çayları hövzəsindəki türbələr Məmmədbəyli kəndindəki türbənin memarı Əli Məcdəddin və onun şagirdləri tərəfindən tikilmişdir.
Azərbaycanın bütün rayonlarında müxtəlif qəbirüstü abidələr, o cümlədən qəbirüstü qoç və at fiqurları olmuşdur. Bu qəbirüstü abidələrin üzərində verilmiş təsvirlər xalqın adət-ənənəsi, məşğulliyəti, peşəsi haqqında bilgilər verir. Təbii ki, bunlar da Azərbaycan tarixinin müəyyən bir dövrünü əks elətdirir. Belə abidələri daşımaq mümkün olduğundan hələ neçə illər öncə ermənilər bu abidələri daşıyır, sındırır və ya məhv edirdilər.
Bütün bunlarla bərabər Cəbrayıl ərazilərində onlarla arxeoloji abidələr, kurqanlar qədim yaşayış məskənləri, qədim qəbirstanlıqlar bu yerlərin tarixini öyrənmək baxımından ən mötəbər mənbələr idi. Bu gün o mənbələr də yerlə-yeksan edilmişdir.
Son illərdə rayon mərkəzində ucadılımış ayrı-ayrı inzibati binalar hər biri öz dövrünün tarixi memarlıq abidəsi idi. Bəs bu abidələrin taleyi necə oldu? – Bunların hamısı üçün məsuliyyət şübhəsiz ki, ermənistan dövlətinin və erməni millətçilərinin üzərinə düşür.
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
Cəbrayıl rayonu zaman-zaman görkəmli elm xadimləri, keçmiş SSRİ və dünya miqyasında tanınmış alimləri – ziyalıları ilə tanınmışdır. Cəbrayıl torpağı Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, ictimai fikir tarixinə nadir şəxsiyyətlər vermişdir. Təkcə Soltanlı kəndindən 40-dan çox alim yetişmişdir.
Azərbaycan aşıq poeziyasının yaradıcısı Dirili Dədə Qurbani məhz bu torpaqda doğulmuş, burada boya-başa çatmışdır. Alimlərimizin çoxsaylı mülahizələrindən sonra belə qənaətə gəlinmişdir ki, Qurbani təxminən 1477-ci ildə Diri dağının ətəklərində yerləşən keçmiş Diri kəndində anadan olmuş, başı qalmaqallar çəksə də, təxminən 70-71 il ömür sürmüş, 1548-ci ildə doğulduğu kənddə dünyasını dəyişmiş, sevgilisi Pəri ilə birlikdə Diri dağının hündür bir yerində dəfn edilmişdir.
Qurbani səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətai və onun oğlu I Təhmasibin hakimiyyəti illərində yaşayıb-yaratmış, onların sarayına yaxın olmuş, şeri ədəbiyyatı sevən , özü də gözəl şerlər yazan Xətai ilə şəxsən tanış olmuşdur. Qurbani öz şerlərində vətəni, doğma torpağı, təbiəti sevgi və məhəbbət hissi ilə, xüsusi bir məftunluqla tərənnüm etmişdir. Böyük el sənətkarı haqqın, ədalətin təntənəsinə inanırdı. Qurbani aşıq şerinin əksər formalarında əsərlər yazmış, özü də novator sənətkar kimi ədəbi formaya yenilik gətirmiş, divani şeir formasını yaratmışdır. Bunlardan ən məşhurları Şah İsmayıl Xətainin ölümünə yazdığı mərsiyə-divaniləridir.
XIX əsrdə Cəbrayılın Azərbaycan poeziyasına bəxş etdiyi nadir simalardan biri də Aşıq Pəridir. O, araz qırağında yerləşən Maralyan kəndində doğulmuşdur. Firidun bəy Köçərli yazır ki, Aşıq Pəri ibtidai təhsilini öz kəndində almış, özü də əhli-hal, sahibcamal bir xanım olmuşdur.
Aşıq Pərinin həyatı haqqında müxtəlif versiyalar söylənməkdədir. Aparılmış son tədqiqatlardan məlum olmuşdur ki, o, 1813-cü ildə bu kənddə anadan olmuş, 1848-ci ildə isə vəfat etmişdir. Qəbri Karxulu kəndinin qədim qəbiristanlığında yerləşir. İşğal dövrünə qədər onun qəbri üstündə kiçik bir məqbərə – abidə də ucaldılmışdır.
Hələ orta əsrlərdə Cəbrayılda təhsil yüksək səviyyədə idi. Bütün Qarabağda öz təsir dairəsi ilə tanınan Çələbilər məscid-məqbərə kompleksi geniş şəkildə fəaliyyət göstərirdi. Mollaxana məktəbi kimi fəaliyyət göstərən məscidin həyətindəki hücrələrdən sinif otaqları kimi istifadə olunurdu. Burada dövrün ən tanınmış din xadimləri, alimləri dərs keçirdilər. Bu mədrəsəni bitirən məzunlar Şərqin bir sıra nüfuzlu dini məktəblərinə göndərilir, Nəcəf, Bağdad, tehran və digər şəhərlərdə fəaliyyət göstərən ruhani məktəblərində təhsillərini davam etdirirdilər. XVIII əsrdə yaşamış böyük Azərbaycan şairi Molla Vəli Vidadinin də bu mədrəsədə dərs deməsi artıq bir sıra tutarlı ədəbi-tarixi dəlillərlə sübuta yetirilmişdir.
· Hüseynov Əşrəf İskəndər oğlu (1907-1980) Azərbaycan EA-nın həqiqi üzvü – akademik, Fizika-riyaziyyat elmləri doktoru, professor
· Mehdizadə Mehdi Məmməd oğlu (1903-1984) SSRİ Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü-akademik, pedaqoji elmlər doktoru, professor
· Hacıyev Tofiq İsmayıl oğlu (1936) AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, BDU-nin kafedra müdiri
· Həsənov Arif Həsən oğlu (1938-2008) AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor
· Quliyev Novruz Məhəmməd oğlu (1952) AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya Nazirinin müavini
· Əhmədov Azər Sahib oğlu (1974) Fəlsəfə və riyaziyyat elmləri doktoru, ABŞ-ın Kaliforniya Universitetinin professoru
· Əhmədov Anar Sahib oğlu (1976) Fəlsəfə və riyaziyyat elmləri doktoru, ABŞ-ın Corciya Universitetinin professoru
· Əlizadə Rəfail Qubad oğlu (1956) Fizika-riyaziyyat elmləri doktoru, İzmir Universitetinin professoru
· Nacızadə Nailə Nəriman qızı (1955) Filologiya elmləri doktoru, Türkiyə Səlcuq Universitetinin professoru
· Həsənov Əli Şamil oğlu Azərbaycan Respublikasının Baş Nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri.
· Hümbətov Ramiz Topuş oğlu (1944) Texnika elmləri doktoru, professor, Beynəlxalq İnformasiya Akademiyasının (Rusiya) həqiqi üzvü, ADNA-nın prorektoru
· Hüseynov Həsən Əhməd oğlu (1944) ) Texnika elmləri doktoru, professor, Rusiya Federasiyası Keyfiyyət Problemləri Akademiyasının akademiki, Azərbaycan Texniki Universitetində Kafedra müdiri
· Qarayev Yəhya Hüsən oğlu (1951) Kənd təsərrüfatı elmləri doktoru, Beynəlxalq İnformasiya Akademiyasının həqiqi üzvü
· Quliyev Yusif Nəsib oğlu (1939-1994) Fizika – riyaziyyat elmləri doktoru, SSRİ EA-nın müxbir üzvü
· Quliyev Novruz Əmirxan oğlu (1956) Pedaqoji elmlər doktoru, professor Omsk Texnologiya İnstitutunun prorektoru
· Nəsirov Yasif Mirzə oğlu (Yasif Nəsirli) (1938) Nasir, tənqidçi, publisist, tərcüməçi və ictimai-siyasi xadim. Filologiya elmləri doktoru, “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti
· Nuriyev Ürfət Qubad oğlu (1954) Fizika – riyaziyyat elmləri namizədi, Türkiyənin Ege Universitetinin professoru
· Rüstəmov Elman Sirac oğlu (1952) İqtisad elmləri doktoru, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri
· Vəliyev Kamil Nəriman oğlu (Kamil Vəli Nərimanoğlu) (1946) Türk Dil Qurumu və Atatürk Kültür Mərkəzinin fəxri üzvü Ç.Aytmatov Akademiyasının akademiki, Filologiya elmləri doktoru, professor.
· Vəliyev Oqtay Əliş oğlu (1954) Fizika – riyaziyyat elmləri doktoru, İstanbulun Doğuş Universitetinin professoru.
· Əhmədov Cəmil Məhəmməd oğlu – Sovet İttifaqı Qəhrəmanı.
· və başqaları
MİLLİ QƏHRƏMANLARI
· Aslanov Şikar Davud oğlu
· Məmmədov Kazım Ərşad oğlu
· Hüseynov Vüqar Tofiq oğlu
· Quliyev Mətləb Kamran oğlu
· Əkbərov Akif Abbas oğlu
· Quliyev Vahid Həbibulla oğlu