Ağdam
Ümumi məlumat
Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 1,15 min kv km, əhalinin sayı isə 184,4 min nəfərdir (01.10.2012). Rayon kimi yaranma tarixi 08.08. 1930-cu il. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardı. Kəndləri bunlardır – Eyvazlı, Bağbanlar, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Saybalı, Baş Güneypəyə, Boyəhmədli, Qızıl Kəngərli, Mollalar, Salahlı Kəngərli, Sofulu, Çəmənli, Sarıcalı, Şükürağalı, Əfətli, Hacıməmmədli, Hacıturalı, Həsənxanlı, İsalar, Küdürlü, Qəhrəmanbəyli, Məmmədbağırlı, Əhmədağalı, Çıraxlı, Kolqışlaq, Mirəşelli, Əlimədətli, Cinli, Əliağalı, Xaçındərbətli, Kürdlər, Qalayçılar, Mollalar, Göytəpə, Abdınlı, Cavahirli, Kosalar, Gülablı, Abdal, Əhmədavar, Xındırıstan, Baharlı, Bəybabalar, Birinci Yüzbaşılı, Dadaşlı, İkinci Yüzbaşılı, Kəlbəhüseynli, Paşabəyli, Sarıçoban, İmamqulubəyli, Çullu, Kəngərli, Qaraqaşlı, Şirvanlı, Qaradağlı, Evoğlu, Rzalar, Qasımlı, Qaradağlı, Qurdlar, Poladlı, Şelli, Baş Qərvənd, Ayaq Qərvənd, Qazançı, Şıxlar, Qiyaslı, Ətyeməzli, Keştazlı, Maqsudlu, Çullu, Eyvazxanbəyli, Şahbulaq, Salahsəmədlər, Şişpapaqlar, Talışlar, Təpəməhlə, Tərnöyüt, Tükəzbanlı, Məlikli, Orta Qərvənd, Güllücə, İlxıçılar, Suma, Tağıbəyli, Xatınbəyli, Xıdırlı, Çuxurməhlə, Mərzili, Nəmirli, Şoltanlı, Şuraabad, Təzəkənd, Umudlu, Novruzlu, Orta Güneypəyə, Papravənd, Ballar, Sarıcalı, Qarazeynallı, Qullar, Seyidli, Bozpapaqlar, Sarıhacılı, Sırxavənd, Ballıqaya, Bəşirlər, Qaraşlar, Şıxbabalı, Muğanlı, Üçoğlan, Alıbəyli, Baharlı, Qarapirimli, Böyükbəyli, Kiçikli, Orta Qışlaq, Yeni Qaralar, Mahrızlı, Yusifcanlı, Zəngişalı, Yusifli.
Rayonun mərkəzi olan Ağdam Bakıdan 362 km məsafədə, Qarqar çayının sahilindən 3 km aralı, Qarabağ düzünün cənub-qərbindədir.
Ağdam ağır, yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik rayon idi.
Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmiryol vağzalı və aeroport, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları, Üzeyir Hacıbəyov adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəaliyyət göstərirdi.
Rayon ərazisinin 1700 hektarı meşəlik, 91,3 hektarı isə kənd təsərrüfatına yararlı torpaqlardan ibarət idi. Kənd təsərrüfatının istiqaməti, əsasən, pambıqçılıq, üzümçülük və heyvandarlıqdı.
Coğrafiyası
Ağdam rayonunun ərazisi Kiçik Qafqaz dağları ilə Kür-Araz ovalığının təmas zonasında yerləşir. Rayon əsasən, Qarabağ düzünün dağətəyi hissəsində yerləşir.
Ağdam ərazisi Qarqar, Xaçın, Qabartı, Papravənd, Gülablı çaylarının dərəsi boyunca 15-16 km qarabağ silsiləsinin Şimal-Şərq ətəklərinə uzanır. Bu yerlərdə mütləq yüksəklik 600-700 m-ə qədər çatır. Maksimum hündürlük 1365 m-dir (Kolanı). Rayonun bu hissəsi, xüsusilə, Xaçın çayının aşağılarında, Dərbənd çökəkliyində çox genişlənir. Dağların Ağdam rayonu ərazisinə düşən hissəsində bir sıra silsilə, tirə və təpələr yerləşmişdir. Bunlardan ən əsası Ağdərə ilə Tərnöyüt kəndi arasında meridiana yaxın istiqamətdə 20 km məsafədə uzanan Şahbulaq silsiləsidir. Silsilə təbaşir dövrünün əhəng daşlarından təşkil olunmuş və kəskin simmetrik quruluşa malikdir. Silsilənin ən yüksək yeri (820 m) onun şimal hissəsinə müvafiq gəlir və cənub-şərq istiqamətində 500 m-ə qədər alçalır. Silsilənin Xaçın, Qabartı, Gülyataq çaylarının dərələri kəsib keçir. Dərələrin dərinliyi çayların axım əmsalına müvafiq olaraq 100-180 m. arasında dəyişir və maksimum dərinliyə (180 m) Xaçın çayında çatır.
Şahbulaq silsiləsi cənub-şərqdə Ağdam şəhəri yaxınlığında kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlı kəndləri yaxınlığında nisbi yüksəkliyi 10-25 metrə çatan qayalı təpələr yaradır.
Ağdam şəhərindən bir qədər cənub-qərbdə Qarqar çayı dərəsində Şahbulaq dağının geoloji əsası qövsvari əyilir, gömülür və parçalanır. Alçaqdağlılığın və dağətəyinin burda əmələ gətirdiyi qövsün qabarıq hissəsi cənub-qərbə Xankəndi çökəkliyinə doğru yönəlmiş, xeyli alçalmış və Əsgəran keçidini əmələ gətirmişdir. Relyefin belə quruluşu Qarabağ düzü arasında hava, rütubət və istilik mübadiləsini xeyli asanlaşdırır.
Qarqar çayının sağ sahilində yerləşən Mantar (580 m) dağı və Şelli, Qasımlı, Şıxbabalı kəndlərinin bağlarında müşahidə edilən və təbaşir əhəng daşından təşkil olunmuş, nisbi yüksəkliyi 5-15 m arasında dəyişən təpələr Şahbulaq silsiləsinin geoloji davamında yerləşmişdir. Bu təpələr sırası Mərzili kəndindən cənubda yerləşən Qızılqaya tirəsi istiqamətində yönəlmişdir. Mərzilidən cənub-şərqdə Ağdam-Xocavənd yolu üstündə təbaşirin mergellərindən təşkil olunmuş və mütləq yüksəkliyi 416 metrə çatan Pirbulaq tirəsi uzanır. Bu tirədən şimalda mütləq hündürlüyü 100-150 m arasında dəyişən Ergi maili düzü yerləşmişdir.
Ağdam rayonu ərazisi quru subtropik iqlim zonasında yerləşmişdir. Burda əsasən, qışda quru keçən mülayim-isti iqlim tipi hakimdir. Bu iqlim tipi mülayim nəmliyi, qışının yağıntılı və yumşaq, yayının isə mülayim-isti keçməsi ilə səciyyələnir.
Havanın orta illik nisbi rütubəti 69% olub, il ərzində 50-80% arasında dəyişir. İllik yağıntının miqdarı 400-500 mm-dir. Yağıntılar çox bitkilərin vegetasiya dövrünə düşür.
Güclü küləklərin (saniyədə 15 m) illik sayı bir gündür. Ağ yelli günlərin sayı 20-25-ə çatır. Qarla torpağın örtülü günlərinin illik miqdarı 10-15-dən çox olmur. İl ərzində cəmi 1-2 gün dolu düşür.
Rayon ərazisində relyef, iqlim və bitki örtüyünün xüsusiyyətlərindən asılı olaraq şabalıdı torpaqların müxtəlif növləri, dağ-meşə, qəhvəyi torpaqlar yayılmışdır. Qəhvəyi torpaqlar rayonun alçaq dağlıq və dağətəyi hissəsində, seyrək meşə və kolluqlar qırılmış və torpaqlar bozqırlaşmaya məruz qalmışdır. Düzənliklərin dağətəyi hissəsində tünd şabalıdı, ondan aşağıda isə şabalıdı torpaqlar yayılmışdır. Rayonun Ağcabədi və Bərdə rayonları ilə sərhəddə yaxın yerlərində boz torpaqlara rast gəlinir.
Ağdam rayonu ərazisində təbii landalar demək olar ki, bütünlüklə antropogen landalarla əvəz edilmişdir. Burda taxıl zəmiləri, pambıq tarlaları, üzümlüklər, meyvə bağları, yem bitkiləri əkini, biçənək və örüşlər geniş sahə tutur. Təbii bitki örtüyü yovşanlı-şoranlı otlu quru çöllərdən, çəmənliklərdən, ağotlu çöllərdən, kollardan və seyrək meşələrdən ibarət olmuşdur. Meşələr yalnız dağ ətəklərində və alçaq dağlıq yerlərdə yerləşib, 1,7 min hektar sahə tutur. Sultanbud yaxınlığında hazırda qorunan saqqız ağacı, püstə seyrək meşələri saxlanmışdır. Heyvanat aləmi əhalinin sıxlığı və insanın əmək fəaliyyəti ilə əlaqədar olaraq çox kasaddır. Burda heyvanlardan çaqqala, tülküyə, dovşana, canavara, sürünənlərə, quşlardan kəkliyə, çilə, turaca, və s. rast gəlinir.
Rayon ərazisində faydalı qazıntılardan əhəng daşı, gil, çaqıldaş, qum, gillicə daha çoxdur.
AĞDAMIN TARİXİNDƏN
Azərbaycanın ən qədim guşələrindən biri də Ağdamdır. Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi əsrlərin minillik keşməkeşli illərindən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdam ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Ağdam rayonu ərazisində aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu yerlərdə insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşmışlar. Ağdam rayonu ərazisində ən qədim abidələrin böyük kolleksiyası eneolit (mis-daş) dövrünə aiddir. Bu cəhətdən ən möhtəşəm yaşayış məskənləri rayonun Xındırıstan, Qərvənd, Sarıcalı, Ağdamkənd, Zəngişalı, Kəngərli və digər kəndlərində qeydə alınmış və qismən tədqiq edilmişdir. Bunların içərisində Ağdam-Ağcabədi yolunun 17-ci km-də yerləşən Çalağantəpə, Orta Qərvənd kəndindəki İlanlı təpə abidələri ağdamlıların həyat şəraitini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlan təpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. VI-IV minilliyi əhatə edir, mənası "misdaş" dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar. Alim rayonun digər ərazilərində qədim yaşayış məskəni olmuş Leylatəpə və Üzərliktəpə deyilən yerlərdə apardığı arxeoloji tədqiqatlar zamanı Eneolit və orta Tunc dövrünə aid (e.ə. II minilliyin birinci yarısı) dulusçuluq, metaləritmə, zərgərlik və digər sahələrə dair maddi-mənəvi abidələr aşkar edib. Burdan tapılan taxıl və üzüm dənələri bir daha sübut etmişdir ki, yerli əhali oturaq həyat keçirmiş və yüksək əkinçilik mədəniyyətinə malik olmuşdur. Rayonun ərazisi tunc dövrü abidələri ilə də zəngindir. Göytəpə, Quzanlı, Kəngərli, Boyəhmədli, Gülablı və digər kəndlərində tunc dövrü (b.e.ə. III-II minilliklər) abidələrinin, xüsusilə, qəbirüstü təpələrin (kurqanların) geniş şəbəkəsi aşkar edilmişdir. Təəssüflə bildirməliyik ki, bu ərazilərdəki tunc dövrü abidələri kifayət qədər öyrənilməmişdi. Görkəmli Azərbaycan arxeoloqu, mərhum Rəşid Göyüşov "Qarabağın keçmişinə səyahət" kitabında qeyd edərək göstərmişdir ki, Qarabağın Ağdam bölgəsi ərazisində 3-4 min il bundan əvvəl yaşamış əhalinin maddi-mədəniyyət abidələrinin zənginliyini və onların öz həyatlarını qoruyub saxlamaq üçün Qafqazda ilk şəhər tipli yaşayış məskənlərinin salınması ilə nəticələnmişdir. Bu məskənlərdən biri də Ağdam şəhəri yaxınlığında, Ağdamdan Ağcabədiyə gedən magistral yolunun keçdiyi Üzərliktəpədir. Üzərliktəpə abidəsi tunc dövrünün sonu-dəmir dövrünün öyrənilməsi üçün qismən tədqiq olunmuş abidələrdən biri idi. Təpənin qərb hissəsi qəbiristanlığa çevrilmişdir. Ağdam-Ağcabədi yolu çəkilərkən təpənin dağıdılmış hissəsindən 3-4 min il bundan əvvələ aid xeyli maddi-mədəniyyət qalıqları tapılmışdır. Qazıntılar nəticəsində məlum olmuşdur ki, Üzərliktəpə uzun əsrlər boyu yaşayış yeri olmuşdur. Burda yaşayış arasıkəsilmədən təxminən iki min il davam etmişdir. Arxeoloqlar Üzərliktəpədə apardıqları tədqiqatlar nəticəsində tapılan maddi-mədəniyyət qalıqlarına əsaslanaraq qeyd edirlər ki, bura Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələrdən biri olmuşdur. Bu abidə nəinki Ağdamda, eləcə də bütün Azərbaycanda ibtidai icma quruluşunun sonu və sinifli cəmiyyətin yaranması prosesini öyrənmək baxımından böyük əhəmiyyət kəsb edir. Təpə üzərində salınmış yaşayış məskəni ətrafında qala divarları çəkilmiş və sakinləri ətrafda özünümüdafiə tədbirləri üçün dərin xəndəklər qazmışlar.
80-ci illərin ortalarında rayonun Sarıçoban kəndi yaxınlığında aşkar edilmiş son Tunc və Dəmir dövrünə aid (e.ə. XIV-XIII əsrləri əhatə edir) möhtəşəm kurqan tarixi cəhətdən çox qiymətli bir abidədir. Kurqanda aşkar edilən e.ə. XII-XIII əsrlərə aid maddi tapıntılar sübut edir ki, bu abidə varlı bir insanın qəbri olmuşdur. Bu isə həmin dövrdə Azərbaycanda ibtidai-icma quruluşunun dağılaraq sosial və əmlak bərabərsizliyinin yaranmasına ən yaxşı əyani sübutdur. Ağdam bölgəsinin də daxil olduğu Kür və Araz çayları arasında yerləşən, Aran Qarabağ torpaqları adlanan əraziyə Qarabağın dağlıq və aran hissəsi, Gəncə-Qazax, XVIII əsrin I yarısında Nadir şah Əfşar tərəfindən Gürcüstana verilmiş Borçalı, 1918-1920-ci illərdə Rusiyanın köməkliyi ilə süni surətdə yaradılmış Ermənistan ərazisinə birləşdirilən Zəngəzur, Göyçə, Şəmsəddin torpaqlarının əraziləri də daxil idi. Ağdam bölgəsinin yerləşdiyi Qarabağ torpaqları Kiçik Qafqaz dağları, Kür və Araz çayları arasındakı düzənlikləri əhatə etdiyinə görə, elmi aləmdə və tarixi əsərlərdə bu ərazidə yaranmış qədim dövrə aid olan mədəniyyəti alimlərimiz Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyəti adlandırmışlar.
Müasir Qarabağın Ağdam bölgəsi adlanan torpaqlarda dövri-qədimdən türkdilli tayfalar məskun idilər. Türkdilli tayfaların Qarabağın Ağdam bölgəsində yaşadıqlarına dair bir çox tarixi dəlillər var. Eramızdan əvvəl I minillikdən Şərqi Türküstanda və Qara dənizin şimal çöllərində yaşayan türk tayfaları "İşquzlar" yunanlar tərəfindən "skif”, latınlar tərəfindən "skut" adlandırılırdı. Eramızdan əvvəl VII əsrin axırlarında "İşquzlar" Şərqi Avropa düzənliyində öz həmsoyları olan "Kəmərli" tayfalarını sıxışdıraraq onları Cənubi Qafqaza köçməyə məcbur etdilər. Cənubi Qafqaza köçən kəmərlilər eramızdan əvvəl 715-ci ildə Urartu ordusunu darmadağın etdilər.
Qarabağın mərkəzində, yəni, Ağdam bölgəsində son antik və ilk orta əsrlərdən yerli avtaxton türkdilli tayfalar məskun idilər. Ağdam daxil olmaqla mərkəzi Qarabağ torpaqlarında Qarqar çayı boyunca yaşayan qarqar tayfasının adı ilə Qarqarlar ölkəsi adlanmışdır. Məlumdur ki, Azərbaycan ərazisində IV əsrin sonu, III əsrin əvvəllərində Alban dövləti formalaşır. Bu dövlətin tərkibinə daxil olan tayfalardan ikisinin, o cümlədən, qarqarların və utilərin Ağdam və ona yaxın ərazilərdə yerləşməsi barədə çoxlu yazılı mənbə var. Hər iki tayfa ittifaqı Alban dövlətinin həyatında mühüm yer tuturdu.
Ümumiyyətlə, antik dövrdə Ağdam ərazisində yeni yaşayış məskənləri, xüsusilə, yeni şəhərlər meydana gəlir. Bunlardan biri Şahbulaq ərazisindəki Tərnöyüt şəhəri idi. 16 hektara yaxın ərazini əhatə edən bu şəhər Şahbulaq dağından başlayaraq eyni adlı kəndin ərazisində şərq-qərb istiqamətində uzanmışdır. Axtarışlar göstərmişdir ki, Tərnöyüt şəhəri b.e.ə IV əsrdə ticarət yolu üzərində meydana gəlmiş və utilərə məxsus şəhər olmuşdur. İlk orta əsrlərdə çiçəklənmə dövrü keçirən şəhərlərdən biri də rayonun Boyəhmədli kəndi ərazisindəki Govurqala şəhəridir. Alban hökmdarının yay iqamətgahı Aluen şəhərinin xarabalığı olduğu ehtimal edilən Govurqala şəhəri yüksək təpə üzərində salınmış narın qaladan və ətraf şəhərdən ibarətdir. Su təchizatı sistemi olan bu şəhərin abad küçələri, xüsusi sənətkarlıq məhəllələri, dini ibadət kompleksi vardı. Şəhərdə böyük məbəd fəaliyyət göstərmişdir.
Qarqar tayfası Alban tayfa ittifaqına daxil olmaqla, Mil düzünün böyük bir hissəsində yaşamışdı. Qarqarlar barədə məlumat verən müəlliflər onları Albaniyanın ən qədim və ən iri tayfasından biri hesab etmişlər. Onlar qarqarların özlərinə məxsus eyniadlı şəhərin də mövcud olduğunu göstərmişlər.
Mənbələrin verdiyi məlumata görə, qədim Albaniya ərazisində 26 tayfa var idi ki, bunlardan da biri – yüksək mədəniyyətə malik olan Qarqarlar Ağdam ərazisindəki Qarqar çayı boyunca məskunlaşmışdılar. Bu isə Ağdamın Azərbaycan ərazisində ilk formalaşan dövlət quruculuğunda mühüm rol oynadığını bir daha əyani göstərir. Ağdam sonralar ilk orta əsrlər dövründə də, Alban feodal dövləti mövcud olan vaxtlarda da əsas siyasi və dini mərkəz kimi mühüm rol oynamışdır.
Alban hökmdarı III Vaçaqanın (493-510-cu illər) hakimiyyəti dövründə yerli hakimiyyəti gücləndirmək, xristianlığı yaymaq məqsədi ilə 498-ci ildə Aquendə (indiki rayonumuzun ərazisi hesab edilir) din xadimlərinin iri feodallarla birlikdə məclisi keçirilmişdir. Və bu məclis o dövrün ən mühüm siyasi hadisələrindən biri sayılır. Bəzi mənbələrdə Aquen o dövrdəki Alban hökmdarlarının istirahəti üçün yay iqamətgahı kimi göstərilir və ilk orta əsrlər dövründə şəhər kimi formalaşmasından bəhs olunur. 1958-ci ildə rayonun Sofulu kəndi ərazisində Xaçın çayının orta axarında aparılan arxeoloji qazıntılar zamanı böyük şəhər tipli yaşayış məskəni aşkar edilmişdir. Gavurqala adlanan bu yaşayış məskənində qazıntılar zamanı insanların burda III əsrdən başlayaraq X-XI əsrlərə qədər yaşadıqlarını sübut edən mədəni təbəqələr aşkar edilmişdir. Burda olan antik və xristian dövrünə aid məbədlər, binalar, su yolları, toxuculuq, dulusçuluq, şüşə istehsalına dair əmək alətləri bir daha Gavurqalanın tarixi inkişafı haqqında müəyyən təsəvvürlər yaradır. Tarix elmləri doktoru, professor Rəşid Göyüşov özünün “Azərbaycan arxeologiyası” adlı kitabında qeyd edir ki, Gavurqala sakinləri Yaxın Şərqin bir çox ölkələri ilə iqtisadi və mədəni əlaqədə olmuşlar. Qazıntılar zamanı Suriyadan gətirilmiş şüşə qablar, Bizans imperatorları adından zəbt edilmiş pullar, İran mənşəli bəzək əşyaları və s. aşkar olunmuşdur .
Tədqiqatçı alimlərin apardıqları çoxsaylı axtarışlardan sonra belə ehtimal olunur ki, Gavurqala yaşayış məskəni elə Aquenin özüdür. Bu versiyanın dürüstlüyü ondadır ki, Aquen, mənbələrin göstərdiyi kimi, Alban dövlətinin paytaxtı Partava (indiki Bərdə şəhəri) yaxın yeganə şəhər kimi qeyd edilir. Digər inandırıcı fakt da budur ki, Gavurqalada arxeoloji qazıntılar zamanı Alban hökmdarından birinin qardaşının dəfn edildiyi məbədin qalıqları aşkar edilmişdir. Və bu da həmin yaşayış məskəninin Aquen olduğunu və o dövrün hakim dairələrinin diqqət mərkəzində olmasını bir daha inandırıcı şəkildə sübut edir.
İlk orta əsrlərdə Azərbaycanın hər yerində olduğu kimi Ağdam ərazisində də türkdilli tayfalara məxsus yeni abidələr, xüsusilə, daş heykəllər yayılmağa başlayır. Rayonun Mollalar, Papravənd, Maqsudlu, Xıdırlı və digər kəndləri ərazisində onlarla belə daş heykəl aşkar edilmişdir.
VII əsrdə Ağdam ərazisi də ərəblər tərəfindən işğal edilir. Burda İslam mədəniyyətinin izləri X-XI əsrlərdən sonra nəzərə çarpır. Ondan əvvəlki dövrdə isə ölkənin hər yerində olduğu kimi bu ərazidə də xristianlıq hakim idi. Ağdamda Alban xristianlığının iki abidəsi bu günümüzə qədər gəlib çatmışdır. Onlardan biri Xaçın çayının sağ sahilində, Bozdağın sıldırım qayalığında düzəldilmiş mağara-məbəddir. VIII əsrə aid bu məbəddə Alban rahibləri yaşamışlar.
İkinci xristian abidəsi isə Şahbulaq dağının cənub zirvəsində ağ daşdan inşa edilmiş məbəddə Xəzinədağ rahibliyinin nümayəndəsi fəaliyyət göstərmişdir. Bu dövrdə türkdilli xalqlara məxsus belə abidələr (türkdilli xalqlardan xəzərlərin bir qismi də xristianlığı qəbul etmişlər) geniş yayılmışdır.
Hələ VII əsrin ortalarından başlayaraq ərəblərin, XIII əsrin əvvəllərindən monqolların, XIV əsrin axırlarından teymurilərin Azərbaycana aramsız dağıdıcı hərbi yürüşləri ölkənin hərtərəfli inkişafına sarsıdıcı zərbələr vurmuş, bir çox şəhər və kəndləri xarabalığa çevirmişdir. Şübhəsiz, belə dağıdıcı yürüşlər zamanı işğalçılar tərəfindən Ağdama da güclü zərbələr dəymiş və o, uzun müddət tarix səhnəsində Gəncə, Naxçıvan, Təbriz, Dərbənd, Şamaxı, Bakı və başqa bu kimi qədim, möhtəşəm şəhərlərlə ayaqlaşa bilməmişdi. Güman etmək olar ki, şəhər işğalçılar tərəfindən dağıdıldıqdan sonra əhali oranı tərk edərək, indiki Ağdam şəhərinin yerləşdiyi ərazidə məskunlaşaraq yeni şəhərin təməlini bina etmişlər. Bu versiya tarixi baxımdan daha inandırıcı görünür. Yuxarıda qeyd etdiyimiz kimi, Gavurqala (yəni, Aquen) yaşayış məskəni X-XI əsrlərə qədər tarix səhnəsində mövcud olmuşdur və sonralar mənbələrdə nə şəhərin özü, nə də adı haqqında heç bir məlumat verilmir. Bu da onunla bağlıdır ki, yuxarıda qeyd etdiyimiz kimi, artıq şəhər Xaçın çayı sahilində deyil, başqa bir ərazidə, Qarqar çayı yaxınlığında bina edilmişdir. Artıq şəhərin adı Aquen deyil, Ağdam adlanırdı. Ən maraqlı cəhətlərdən biri də Aquen sözünün Ağdamla nə vaxt əvəz olunmasıdır. Qeyd etmək lazımdır ki, həm Aquen, həm də Ağdam toponomik adı türk mənşəli söz olub, coğrafi məkanla daha sıx bağlıdır. Aquen adının mənşəyi mənsub olduğu Alban dövlətinin adı ilə eyni kökdən qaynaqlanır. Aquen adındakı "aqu" sözü türk dillərində "equ", "eyi" kimi işlənərək, "yaxşı", "xoş", "mülayim" mənasını daşıyır. Addakı "en" morfimi isə Alban adındakı "ban", "van" sözləri ilə sinonim olaraq mənası "məkan", "yurd" kimi ifadə olunur. Onda bu deyilən sözlərdən belə nəticəyə gəlmək olar ki, Aquen adının mənası "yaxşı", "xoş", "mülayim", "məkan", "yurd" deməkdir.
IX əsrdən başlayaraq Azərbaycanda bir sıra feodal dövlətləri yaranır. Bunların içərisində ən möhtəşəmi Xaçın knyazlığı olmuşdur. Alban Mehranilər sülaləsinin nümayəndələri tərəfindən idarə olunan bu knyazlığın məhsuldar torpaqları Ağdam ərazisində idi. XI əsrdə ölkə bütünlükdə Atabəylər dövlətinin himayəsinə keçir.
XI əsrin ortalarında isə Ağdam bütün Azərbaycanla birlikdə səlcuq sultanlığının himayəsinə daxil olur. Ağdam rayonu ərazisində səlcuq mədəniyyətinin izlərinə təsadüf olunurdu.
XII-XIII əsrlərdə Qarabağ ərazisində səlcuq-oğuz tayfalarının bəziləri məskunlaşmışlar.
Tarixdə Aquen adının Ağdam adı ilə nə vaxt əvəz olunması haqqında heç bir dəqiq məlumat yoxdur. Ancaq tarixi məqamlara nəzər yetirərək belə fikir söyləmək olar ki, bu ad dəyişikliyi XI-XII əsrlərə təsadüf etmiş olur. Və həmin vaxtlardan sonra bəzi tarixi hadisələrdə Ağdamın adı çəkilməyə başlayır.
Akademik Ziya Bünyadovun "Azərbaycan Atabəyləri dövləti" adlı monoqrafiyasında XIII əsrin əvvəllərində Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddinin monqollar tərəfindən pərakəndə salınmış qoşunlarının Ağdam yaxınlığındakı Qarqar çayı ətrafında məskən salması haqqında məlumat verilir. Digər bir mənbədə Ağdamın adı Əmir Teymurun Azərbaycana və Türkiyəyə hərbi yürüşü dövrü çəkilir. Qeyd olunur ki, Teymur 1402-ci ildə Osmanlı sultanı I Bəyazidi Ankara döyüşündə məğlub etdikdən sonra Azərbaycana dönərək Ağdamda öz qoşunu ilə dayanır. O, burda iki il qaldıqdan sonra 1404-cü il martın 27-də Ağdamdan Ərdəbil-Həmədan istiqamətinə yola düşərək Səmərqəndə qayıdır. Yuxarıda göstərilən tarixi faktlardan belə məlum olur ki, həmin dövrlərdə yerin adı Aquen yox, Ağdam adlanırmış. Ağdam adının mənşəyi iki geniş yayılmış "ağ" və "dam" türk-azərbaycan sözlərinin birləşməsindən ibarətdir. Bəzi adamlar bu adın yaranmasını XVIII əsrdə mövcud olmuş Qarabağ xanlığı ilə, o cümlədən, xanlığın banisi Pənah xanın adı ilə bağlayırlar. Guya, Pənah xanın "İmarət" deyilən yerdə tikdirdiyi binanın damı ağ olduğu üçün xalq tərəfindən ona "ağ ev" və yaxud "ağ dam" adı verilmişdir. Əgər rayon ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində bəzi maddi sübutlar olmasaydı və yaxud mənbələrdə Ağdam adı erkən orta əsrlər dövrlərində çəkilməsəydi, onda bu deyilən sözlərlə razılaşmaq olardı. Govurqala yaşayış məskənində alimlər tərəfindən bünövrəsi çay daşından, üst hissəsi isə ağ daşdan tikilmiş məbəd və bir neçə ev aşkar edilmişdir. Bu da əyani surətdə onu göstərir ki, yerli əhali ta qədimdən rayonun ərazisində mövcud olan əhəng tərkibli dağ mənşəli ağ daş mədənlərindən öz təsərrüfat işlərində geniş istifadə etmişlər.
Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, Qorqudşünas alim, filologiya elmləri doktoru, əməkdar elm xadimi, Atatürk adına Türk Dil Qurumunun Fəxri üzvü Şamil Cəmşidov türk xalqlarının "Dədə Qorqud" dastanını araşdırarkən elmdə səriştə və təcrübəsi olan bir tədqiqatçı kimi müəyyən edərək ,öz elmi əsərlərində sübuta yetirilmiş nəticəyə gəlmişdir ki, İç Oğuz eli Aran-Qarabağda Kür və Araz çaylarının qovşağında yerləşən torpaqlarda məskunlaşmışlar. Bu tarixi torpaqlar Ağdam bölgəsini tamamilə əhatə edir. Bayandur xanın və Qazan xanın divanları da burda, Mil-Qarabağ düzənliyində yerləşmişdir ("Kitabı-Dədə Qorqud. Bakı, 1988, səh 263). İşquzların -İçoğuzların Qarabağda – Ağdam bölgəsi ərazisində olduqlarını sübut edən, onların adı ilə bağlı olan yer adlarıdır. Bu adlardan Ağdam və ətraf bölgələrdə yerləşən Quzanlı və Bala Quzanlı kəndlərini, Quzanlı arxını və s. göstərmək olar.
Alban tarixçisi Musa Kalankatuklu (Bərdə yaxınlığında olmuş Kalankatuklu kəndindəndir) I əsrdə yaşamış alban çarı Aran (Əran) haqqında danışarkən yazmışdır ki, qarqarlar, girdmanlar və utilər onun nəslindəndir (M. Kalankatuklu "Alban tarixi", Bakı, 1993, səh.17). Şura hökuməti dövründə Respublikanın aran bölgələrində pambıqçılıq və üzümçülük təsərrüfatının daha geniş və sürətli inkişafını təmin etmək üçün uzaq düşünməyən rayon, kolxoz və sovxoz rəhbərlərinin göstərişləri ilə xalqımızın tarixini özündə saxlayan türk kurqan təpəlikləri Qarabağda və o cümlədən, Ağdam bölgəsində yerlə-yeksan edilmişdir.
Dövri qədimdən Qarqar çayının dağlıq hissəsi olan sahil torpaqlarında yaşamış türkdilli aran və hun tayfalarının adını daşıyan yer adları müasir dövrə kimi gəlib çatmışdır. Bu yer adlarından Xankəndi bölgəsində Əsgəran (Əski – qədim Aran), Aranzəmin və bir çox başqa yer adlarını misal gətirmək olar. Ağdam bölgəsi torpaqlarında yaşamış hun türklərinin adını daşıyan Xındırıstan kəndi, Ağdam və Əsgəran bölgələrində, Hindarx kəndi Ağcabədi bölgəsində bu gün də mövcuddur. Qaradağ düzünün 36 min desyatin torpaq sahəsi Xonaşen (Hunaşen) adlanırdı. Xonaşen Qarabağın maldar elləri üçün qışlaq yeri idi. Tarixən bütün dünya xalqlarının həyatında qabaqcıl – aparıcı rol oynayan nəsillər olmuşdur. Bu nəsillər öz xalqı və vətəninə sədaqətlə xidmət etmiş, yağı düşməndən yurdlarını qorumaq üçün ölüm-dirim savaşlarından şərəflə çıxaraq tarixdə böyük iz qoymuşlar. Azərbaycan tarixində böyük iz qoymuş nəsillərdən biri də Cavanşirlərdir. Cavanşirlər XI əsrdən başlayaraq adı çəkilən türk-oğuz tayfalarından biri olmuşdur. Onlar səlcuq-türk ordusu tərkibində Orta və Yaxın Şərqdə hərbi yürüş və savaşlarda, Anadolu yarımadasının şimalında, 1071-ci ildə Malazgird döyüşündə səlcuq-türk ordusunun sultanı Alp Arslanın ordusunun tərkibində Bizans ordusunun məğlub edilməsində fəal iştirak etmişlər. XIII-XV əsrlərdə Cavanşirlərin adı Hülakü, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi orduları içərisində çəkilir.
Cavanşirlər tayfasının Qarabağın Ağdam, Ağcabədi, Bərdə, Tərtər bölgələrində, Cəbrayıl və Zəngəzur qəzalarında böyük torpaq sahələri və kəndləri, Şuşa şəhərində mülkləri olmuşdur. "Qarabağnamə''lərin müəlliflərindən Mirzə Camal Cavanşir, Əhməd bəy Cavanşir Cavanşir tayfasını türk-monqol nəslindən olan Hülakülər dövlətinin sultanları olmuş xanlara aid edirlər. Ümumiyyətlə, türk-monqol ordusu düzümündə – hərbi səfində olan qüvvələrin sol qoluna Cavanşir deyilirmiş. Mərhum tarixçi Ənvər Şükürzadə Qarabağ xanlığının əsasını qoymuş Cavanşirlərin nəsil şəcərəsini araşdırarkən belə nəticəyə gəlmişdir ki, Cavanşirlərin Qarabağda yaşamaları barədə hələ eramızdan əvvəllərə aid olan tarixi mənbələr məlumat vermişdir. Rzaqulu xan Hidayətin "Rövzətüs-Səfa" əsərində deyilir ki, Qarabağ xanlığının əsasını qoymuş Pənah Əli xan Monqol türklərindən olan Hülakü xanın (1256-1265) nəvəsi Arqun xanın (1284-1291) nəslindəndir. Cavanşir elatı isə Oşirxan tayfasına mənsubdur. Oşirxan İldızxanın oğlu, o da Uğuz (Oğuz) xanın eramızdan əvvəl (209-174) dördüncü oğludur. İyirmi dörd türk boyu arasında onlar Ovşarlar və ya Avşarlar adlanır. Bərdə şəhərindən cənuba doğru Qarabağ düzündə Otuziki adı altında olan ərazidə yerləşən tayfaların irsi hakimləri onların içərisindən olan Cavanşirlər olmuşdur. I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşi 1628-ci ildə əmirlər siyahısında Qarabağ əmirlərindən Cavanşir və Otuziki tayfalarının başçılarından Otar sultanın adını çəkmişdir. Yuxarıda deyilənlərdən aydın olur ki, Qarabağ ərazisindən axan Qarqar və Xaçın çayları boyunca olan torpaqlarda yerləşmiş kənd, dərə, təpə, dağ, bulaq və düzənlik adlarının doxsan doqquz faizindən çoxu türk dil qrupu ilə adlanır.
Ağdam inzibati ərazi bölgüsünə görə, 1822-ci ildə Qarabağ xanlığının ləğvindən sonra yaranan Şuşa qəzasına daxil olur.
Ağdam hər zaman Qarabağın ictimai-siyasi həyatında həlledici rol oynamışdır. 1905-ci ildə erməni-Azərbaycan milli münaqişəsi və çar hökumətinin bu milli ədavəti qızışdıran səyləri, əksər halda isə erməni qaragüruhçularının dəstəklənməsi azərbaycanlıların da təşəbbüskarlıq meylini artırırdı. Mir Möhsün Nəvvab XX əsrin əvvəllərində erməni millətinin törətdiyi qırğınlardan, vəhşilikdən bəhs edən “Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri” əsərində Ağdamın əməli fəaliyyəti olan xeyriyyə cəmiyyəti haqqında məlumat verir.
Azərbaycanda Sovet hakimiyyəti demək olar ki, qan töküləndən sonra quruldu. Yerlərdə onun möhkəmləndirilməsi isə olduqca ağır və mürəkkəb siyasi hərbi şəraitdə, güclü müqavimətlə, qalmaqalla həyata keçirilirdi.
Dəhşətli əzazilliklə yatırdılmış Gəncə üsyanından lap az sonra Sovet hakimiyyəti elan olunmuş Qarabağda güclü üsyan başladı. 1920-ci ilin 3-4 iyununda Qarabağda üsyan qaldırıldı.
Qarabağa gələn Qızıl Ordu hissələrinin başında Azərbaycanın Xalq Daxili İşlər komissarı D.Bünyadzadə dururdu. Xalq hərbi və dəniz işçilərinin komissarı Ç.İldırım da Qarabağa ezam edilmişdi.
Ağdam üsyanı yatırılsa da, əhali arasında yaranmış narazılıq respublika rəhbərlərini təşvişə salmaya bilməzdi. 1920-ci il oktyabrın əvvəllərində Nəriman Nərimanovun başçılıq etdiyi nüfuzlu heyət – xalq komissarlarının, Bakı fəhlələrinin nümayəndələri və xüsusi təşviqat briqadaları Ağdama gəlir, geniş təbliğat kompaniyası keçirirlər. Bu tədbirlər nəticəsində kütləvi narazılığın qarşısı bir qədər alınır. Bununla belə, ayrı-ayrı kəndlərdə silahlı müqavimət uzun müddət davam edir.
1923-cü ilin iyulunda azərbaycanlıların iradəsi və mənafeyinə zidd olan bir akt həyata keçirildi – Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Qarabağın bir hissəsi – Zəngəzur Ermənistana verildi. Qalan ərazilərdə isə Ağdam, Cəbrayıl qəzaları təşkil edildi.
Böyük Vətən müharibəsinə Ağdamdan 7361 nəfər yollanmış, onlardan 3686 nəfəri həlak olmuş, 511 nəfəri isə əlil olmuşdur.
İŞĞAL
Mövcud dövlətini qədim Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür, 1988-ci ilin son aylarında Ermənistandan – öz dədə-baba yurd-yuvasından, daha sonra isə Dağlıq Qarabağdan doğma ocaqlarından qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bununla kifayətlənməyərək, Dağlıq Qarabağın ətrafında yerləşən rayonlara da dişini qıcadı.
Ermənistanın separatçı hakimiyyəti bəzi xarici dövlətlərin yaxından köməyi, bilavasitə iştirakı ilə Şuşa, Laçın, Kəlbəcər rayonlarını işğal etdikdən sonra Ağdamı hədəf seçdi. Ermənilər bu rayonu da ələ keçirmək üçün irimiqyaslı hücum əməliyyatlarına başladılar. 1993-cü il iyun ayının 11-dən başlayaraq bu hücum, həmin ilin iyul ayının 23-də Ağdamın işğalı ilə başa çatdı. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə düşmən ayağı dəyməyən Ağdam beş illik mübarizədən sonra işğal olundu.
1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. İşğal edilmiş Ağdam şəhəri və rayonun 89 kəndi bəşər tarixində bənzəri olmayan bir vəhşiliklə darmadağın edilərək, yerlə-yeksan edildi. Həmçinin əkinə yararlı 28 min hektar sahə, 38 kolxoz və sovxoz, 24 tikinti-quraşdırma idarəsi, 12 sənaye müəssisəsi, 74 məktəb, 105 səhiyyə müəssisəsi, 271 mədəniyyət evi, 67 idarə, 99 klub işğal altında qalmışdır.
Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə Qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
• Məmmədov Xudu Surxay oğlu (1927) – Geologiya-mineralogiya elmləri doktoru, professor, AME-nın müxbir üzvü.
• Namazova Adilə Əvəz qızı – Tibb elmləri doktoru, professor, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü.
• Göyüşov Rəşid Bahadur oğlu – Tarix elmləri doktoru, professor.
• İmanov Xanoğlan İman oğlu – Texnika elmləri doktoru, professor.
• Göyüşov Ziyəddin Bahadur oğlu – Fəlsəfə elmləri doktoru, professor.
• Mehdiyev Famil Ağalar oğlu(1934-2003) – Filologiya elmləri doktoru, professor, şair.
• Əliyev Rafiq Əziz oğlu – AME-nın müxbir üzvü, professor.
• Vəliyev Tofiq Talış oğlu – Tarix elmləri doktoru, professor.
• Vəliyev Teymur Süleyman oğlu – İqtisad elmlər doktoru, professor, AME-nın müxbir üzvü.
• Qasımov Əlfi Səhlik oğlu – Publisist, yazıçı, şair.
• Rüstəmov Qədir –Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti.
• İbrahimov Mənsum İsrafil oğlu (1960) – Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti.
• Abbasova Xuraman Zeynal qızı – Sosialist Əməyi qəhrəmanı.
• Məmmədov Məmməd İsgəndər oğlu (1904-1981) – Sosialist Əməyi qəhrəmanı.
• Məmmədov Turab Süleyman oğlu (1911-1986) – Sosialist Əməyi qəhrəmanı.
• Tamaşa Əliyeva – Sosialist Əməyi qəhrəmanı.
• Hədiqə Əliyeva – Sosialist Əməyi qəhrəmanı.
• Alagöz Süleymanova – Sosialist Əməyi qəhrəmanı.
• Sürəyya Kərimova – Sosialist Əməyi qəhrəmanı.
· Babayev Arif İmran oğlu (1938) – Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti. Professor.
· Bayramova Aygün Əliqulu qızı – Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti.
· Teymurova Nəzakət – Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti.
Milli qəhrəmanlar
• Mirzəyev Şirin Vəli oğlu
• Məhərrəmov Asif Yusif oğlu
• Bağırov Allahverdi Teymur oğlu(1946-1992)
• Edilov Yelmar Şahmar oğlu (1946-1994)
• İsgəndərov Qara Əlabbas oğlu
• Ağayev Faiq Alış oğlu (1969-1991)
• Qasımov Muxtar Cahid oğlu (1958-1992)
• Rüstəmov Hidayət Eldar oğlu (1970-1991)
• Paşayev Baxşeyiş Xanəhməd oğlu (1936-1992)
• Əhmədov Natiq İlyas oğlu (1969-1991)
• Mehdiyev Fazil Umud oğlu (1966-1991)
• Qasımov İxtiyar Qasım oğlu (1970-1992)
• Hüseynov Rövşən Şamil oğlu (1969-1992)
• Rzayev Canpolad (1969-1992)
• Əliyev Nadir Alış oğlu (1962-1993)
Mənbə:
Surxay Əlibəyli – AĞDAMIM–QIBLƏGAHIM (birinci kitab) “Şuşa” nəşriyyatı Bakı-2001, 648 s
Surxay Əlibəyli – AĞDAMIM–QIBLƏGAHIM (ikinci kitab) “Şuşa” nəşriyyatı Bakı-2005, 704 s
www.karabakhmonuments.az