ULUSLARARASI QURUM VƏ QURULUŞLARA ÇAĞRI
Biz uluslararası bir ictimai qurum – yazarlar biliyi olaraq, Sizin diqqətinizi Ermənis¬tanın son günlər ərzində daha da artan təcavüzkarlıq siyasətinə – mülki və hərbçi şəxslərin həlakedilməsinə, yaralanmasına, geniş kütlələr arasında narahatçılıq dalğasının yaranmasına yönəltmək istəyirik. Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazisinin 20%-ni işğal altında saxlayan, 1992-ci ilin fevralında Xocalı Soyqırımı törədən Ermənistan, 2014-cü ilin bugünlərində yenə qanlar tökməkdədir..! Biz Sizdən öz nəcib diqqətinizi bu hadisələrə -yeni insanların həlak və şikəst edilməsinə yönəltməyinizi, təcavüzkara “dur!” deməyinizi xahiş edirik.
Məsələ ondadır ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan ərazilərindən xüsusi təyinatlı diversiya qrupları ilə hücuma keçərək, ondan artıq Azərbaycan hərbçisini həlak edib, bir neçə hərbçi yaralanıb, neçə mülki şəxs də bu hadisələrdən fiziki, psixoloji və başqa şəkildə xəsarət görüb, həyatını itirib… Bununla belə atəşkəs rejiminin tələblərini böyük ölçüdə pozan Ermənistan hakimiyyət orqanları, öz qeyri-qanuni, qeyri-insani əməllərini pərdələmək məqsədi ilə köhnə “üsul”larını dövriyyəyə daxil edib. – Erməni tərəfi guya Azərbaycan silahlı qüvvələrinin hücuma keçdiyi haqqında yanlış informasiyalarla dünya ictimaiyyətini çaşdırmağa çalışır… Biz yazarlar olaraq, Ermənistanın bu addımlarını pisləyir, uluslararası qurum və quruluşlardan, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusdan məsələni (həm Ermənistanın növbəti sistemli hücumlarını, həm də yanlış informasiya müharibəsi aparmalarını) diqqətdə saxlamağı xahiş edirik. Hesab edirik ki, yeni qanlı hadisələr nə bölgəyə, nə də dünyaya lazım deyil və Ermənistan dövləti dünya ictimaiyyətini çaşdırmaq cəhdlərindənsə, dinc yanaşı yaşamaq, Azərbaycanın öz ərazisində suveren hüquqlarına hörmət göstərmək sənətini öyrənsə daha yaxşı olar.
Hörmətlə,
Dünya Gənc Türk Yazarlar Birliyi Məclisi