Paşinyan Azərbaycanla ermənilər üçün ağlasığmaz şeyləri gerçəkləşdirir – “Vaşinqton Post” YAZIR
Amerikanın nüfuzlu “Vaşinqton Post” qəzetinin bugünkü sayında Ermənistandakı vəziyyətlə bağlı geniş məqalə dərc edilib.
Modern.az-ın məlumatına görə, məqalədə qeyd edilir ki, Qarabağdakı 44 günlük müharibədə acınacaqlı məğlubiyyətlə üzləşən rəsmi İrəvan hazırda Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır, ancaq Ermənistan müxalifət buna qarşı çıxır.
Qəzet yazır ki, ABŞ rəsmiləri o fikirdədir ki, İrəvanda keçirilən etiraz aksiyaları ilə baş nazir Nikol Paşinyanı iqtidardan uzaqlaşdırmaq mümkün deyil…
Məqalədə o da vurğulanır ki, Avropa Birliyi və ABŞ Ermənistanla qonşuları arasında münasibətlərin normallaşmasına dəstək verir. Hətta bu məsələdə Rusiya ilə ABŞ-ın mövqeyinin üstü-üstə düşdüyü də vurğulanır.
“Vaşinqton Post” qeyd edir ki, Ermənistanın qonşuları ilə anlaşmaq cəhdi Ukrayna-Rusiya münaqişəsi üçün də münbit şərait yarada bilər…
“Dünyanın diqqəti Ukraynadakı gərgin döyüşlərə yönəldiyi bir vaxtda Qafqazda diplomatik məsələlər şou kimi görünə bilər”,-deyə qeyd edən “Vaşinqton Post”un müəllifi yazır ki, Ermənistanın Türkiyə və Azərbaycanla anlaşa bilməsi həm də ABŞ və Rusiyanın maraqları üçün ümumi dialoqun faydalı yollarını aça biləcək potensial yaxınlaşma nöqtəsi təklif edir.
Məqalədə Rusiyanın təkbaşına Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək cəhdinə də toxunulub. Qeyd edilib ki, Rusiya prezidenti Vladimir Putin Nikol Paşinyana təsir etməyə çalşır:
“Şübhəsiz ki, Rusiya prezidenti Vladimir Putin şəxsi mənafeyini güdən etibarsız vasitəçidir”.
Məqalədə ATƏT-in Minsk qrupunun da adı çəıkilib. Bildirilib ki, Ermənistan-Azərbaycan sülh danışıqlarında ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupunun dirçəldilməsi müsbət addım olardı.
“Lakin Moskva bu qrupu boykot edir. Əvəzində keçən ay Brüsseldə Paşinyan-Əliyev görüşünə ev sahibliyi edən Avropa İttifaqı danışıqların həmsponsoru kimi Rusiyaya qoşulub. Bu, normallaşma üçün Qərbin dəstəyini təmin edir.”,-deyə qeyd edilib.
“Vaşinqton Post”un yazısında Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə və Azərbaycanla apardığı diplomatik siyasətə də toxunulub.
“Bu diplomatik raundda ən maraqlı, lakin eyni zamanda qeyri-müəyyən oyunçu Paşinyandır. O, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistana rəhbərlik edən korrupsioner isteblişmentə qarşı etiraz hərəkatına rəhbərlik etdikdən sonra 2018-ci ildə baş nazir oldu. Az siyasi təcrübəsi olduğu üçün islahatları həyata keçirmək üçün mübarizə apardı.
Daha sonra 2020-ci ildə fəlakətli müharibə baş verdi və bu, qanuni olaraq Azərbaycanın bir hissəsi olan, lakin əsasən etnik ermənilərin məskunlaşdığı bölgəyə təxminən 30 illik nəzarətdən sonra Ermənistanı Qarabağın böyük hissəsini tərk etməyə məcbur etdi”.
“Vaşinqton Post”un məqaləsində qeyd edilir ki, Paşinyan erməni nəsillərinin ağlasığmaz hesab etdiyi şeyləri gerçəkləşdirir – baş nazir Türkiyə və Azərbaycanla ilkin şərt olmadan danışıqlar aparmağın vaxtı çatdığını dərk edir.
“Keçən ay diqqətəlayiq bir çıxışında o, 2020-ci ildəki “fəlakətli” məğlubiyyətə görə “günah və məsuliyyəti” qəbul etdi. Lakin o, daha sonra dedi ki, onun “əsl günahı” müharibədən əvvəl Ermənistanın Qarabağla bağlı ərazi güzəştlərinə getməli olduğunu deməməsidir, çünki Ermənistanın dönməz diplomatik mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edilmişdir”.
“Azərbaycanla mümkün qədər tez sülh müqaviləsi imzalamaq bizim planlarımızın bir hissəsidir”, – deyə qəzet məqalənin sonunda Paşinyandan sitat gətirib.
A.Qorxmaz