“Azərbaycan əslində beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir…”
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla sərhədin Laçın və Kəlbəcər istiqamətində yaranmış vəziyyət barədə yeni bəyanatla çıxış edib. Nazirliyin rəsmi nümayəndəsi Leyla Abdullayeva bəyan edib ki, Azərbaycanın Ermənistanın “suveren ərazilərinə” müdaxilə etməsi barədə iddialar tamamilə əsassızdır. Onun sözlərinə görə, əslində Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir və bu texniki prosesdir, siyasiləşdirilməli deyil.
“Əvvəla onu vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir. Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir”- XİN rəsmisi bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edib.
“Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası / demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.
Ermənistan və Azərbaycan müharibədən yeni çıxıb, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır. Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”.
Nazirliyin nümayəndəsi bildirib ki, sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Leyla Abdullayeva deyib ki, rəsmi Bakı üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşür. Və hesab edir ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.
L.Abdullayeva xatırladıb ki, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.
“Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir”,-Azərbaycan XİN rəsmisi bildirib.