Qarabağda kritik mərhələyə qədəm qoyuldu – Türk professor
44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə təmin olunan atəşkəsin yeni bir mərhələyə qədəm qoyduğu görünür.
Axar.az xəbər verir ki, bunu türkiyəli professor Kürşad Zorlu qeyd edib. O, hazırda atəşkəs bəyanatının daha çətin bir mərhələyə keçdiyini bildirib:
“Atəşkəs razılaşmasının daimi və yekun razılaşmaya çevrilib-çevrilməyəcəyini müəyyənləşdirəcək kritik proses başlayıb. Razılaşmadan əvvəl Rusiyanın Qarabağ bölgəsində hər hansı hərbi qüvvəsi yox idi. Ancaq Kreml münaqişə bölgəsinə ordusunu artıq yerləşdirib. Onlar buna müvəffəq oldular və təsir güclərini artırdılar.
Müqavilənin 4-cü maddəsində 5 ilin tamam olmasına 6 ay qalmış Azərbaycan və ya Ermənistan “mən Rusiyanın hərbi iştirakını istəmirəm” deməsə, mövcud təsir gücü daha 5 il davam edəcək. Əlbəttə, bir də Naxçıvan dəhlizi ilə bağlı məsələ var. Oraya da nəzarət ruslarda olacağı üçün mümkün vəziyyətin bu dəhlizlə bağlı məsələyə də təsir edəcəyi nəzərə alınmalıdır”.
Kürşad Zorlu onu da qeyd edib ki, sazişin ikinci mərhələsində Qarabağdakı qeyri-müəyyənliyin davam etməsi Ermənistanda nifrətə və düşmənçiliyə rəvac verə bilər:
“İki gün əvvəl Ermənistan xarici işlər naziri Ara Ayvazyan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfər etdi və burada qondarma qurumun nümayəndələri ilə görüşlər keçirdi. Azərbaycan XİN-i buna reaksiya verdi və bunun qanunsuz olduğunu bildirdi. Haqlıdırlar. Çünki ora Azərbaycan torpağıdır, bunu Putin də deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Qarabağda nəqliyyat şəbəkəsinin genişləndirilməsi və şəhərlərin xaricə sürətlə açılması barədə qərarlarında haqlıdır. Məsələn, Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və Füzulidə beynəlxalq hava limanının yaradılması qərarı Zəngilan və Kəlbəcərə qədər davam etməlidir.
Şuşanın əhəmiyyəti yalnız Qarabağ probleminə görə deyil. Bu şəhər həm də Azərbaycanın tarixi və kimliyi üçün böyük bir xəzinənin ən ciddi izlərinə sahibdir”.