2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı haqqında
Ümumi daxili məhsul. 2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, tikinti-quraşdırma işləri, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə) məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 13861,8 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 169,0 manat təşkil etmişdir.
2020-ci ilin birinci yarısında rayon üzrə məhsul buraxılışının ümumi həcminin 2019-cu ilin müvafiq dövrünə nisbətən artmasının əsas payı kənd təsərrüfatı və tikinti sahələrinə düşür.
Məhsulun 11706,7 min manatı kənd təsərrüfatında, 1105,1 min manatı tikintidə, 954,6 min manatı sənayedə, 73,7 min manatı informasiya və rabitə sahələrində, 21,7 min manatı isə nəqliyyat və anbar təsərrüfatı sahələrində olmuşdur.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul istehsalı nəqliyyat və anbar təsərrüfatı sahələrində 9,6 faiz azalmış, kənd təsərrüfatında 0,7 faiz, sənayedə 0,4 faiz, tikintidə 22,3 faiz, informasiya və rabitədəsahələrində isə 19,8 faiz artmışdır.
Ərazisi və əhalisi. Cəbrayıl rayonunun ərazisi 1,05 min kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat kilometrə 78 nəfər təşkil edir.
2020-cİ ilin 01 iyul vəziyyətinə rayonun əhalisi 82,0 min nəfər olmuş (o, cümlədən şəhər yeri 13,5 min nəfər, kənd yeri 68,5 min nəfər) və 2020-ci ilin əvvəlindən 351nəfər, yaxud 0,4 faiz artmışdır. Rayon əhalisinin ümumi sayından 49,0 faizini kişilər (40,2 min nəfər), 51,0 faizini qadınlar (41,8 min nəfər) təşkil edir. Əhalinin 22,0 faizi 0-14 yaşda (18,0 min nəfər), 71,4 faizi 15-64 yaşda (58,6 min nəfər), 6,6 faizi (5,4 min nəfər) 65 və yuxarı yaşda olanlardır. Əhalinin 24,3 faizini (19,9 min nəfər) 14-29 yaşda olan yeniyetmələr və gənclər təşkil edir.
2020-ci ilin yanvar-iyun aylarında Cəbrayıl rayonunda 525 doğulan, 202 nəfər ölən qeydə alınmışdır. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə hesabı ilə doğulanların sayı 1,3 faiz azalmışdır. İlin əvvəlindən ölənlərin sayı 202 nəfər olmuşdur. 2019-cu ilin eyni dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə ölənlərin sayı 0,5 faiz artmışdır.
2020-ci ilin yanvar-iyun aylarında rayonda 95 nikah bağlanmış və 67 boşanma faktı qeydə alınmışdır. Əhalinin hər min nəfərinə hesabı ilə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 1,1 faiz azalmış, boşanma faktlarının sayı isə 0,2 faiz artmışdır.
2020-ci ilin yanvar-iyun aylarında 28 nəfər rayon ərazisinə daimi yaşamaq üçün gəlmiş, qeydiyyatdan çıxan olmamışdır. Rayon üzrə miqrasiyanın müsbət saldosu 28 nəfər olmuşdur.
Əmək. İşləyən və işsiz əhalini əhatə edən iqtisadi fəal əhali Cəbrayıl rayonunda 01 iyul 2020-ci il tarixə 40354 nəfər olmuş, 15 və yuxarı yaşda olan əmək qabiliyyətli rayon əhalisinin 76,1 faizini təşkil etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi çəkisi 94,5 faiz olmuşdur.
Yeni iş yerləri. 2020-ci ilin yanvar-iyun aylarında rayonda 57 vahid yeni iş yeri açılmışdır ki, onlardan hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 10 vahid mövcud müəssisə və təşkilatların, 1 vahid yeni açılmış müəssisə və təşkilatların, 46 vahid isə fiziki şəxslərin payına düşür.
2020-ci ilin yanvar-iyun aylarında rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 495,8 manat təşkil etmişdir.Ötən ilin müvafiq dövründə isə orta aylıq əmək haqqı 365,1 manat təşkil etmişdir. Orta aylıq əmək haqqı ötən ilin altı ayı ilə müqayisədə 35,8 faiz artmışdır.
Sənaye. Cəbrayıl rayonu üzrə 2020-ci ilin yanvar-iyun aylarında mövcud olan 3 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. Cəbrayıl rayon kənd içməli su təchizatı müəssisəsi, Cəbrayıl Rayon Paylayıcı Elektrik şəbəkəsi, və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Cəbrayıl rayon filialı fəaliyyət göstərir.
2020-ci ilin yanvar-iyun aylarında istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 954,6 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 951,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehsal olunmuş mallar, yerinə yetirilmiş iş və xidmətlər 3,6 min manat və ya 0,4 faiz artmışdır.
Sənaye fəaliyyəti ilə məşğul olan müəssisələr üzrə 2020-ci ilin yanvar-iyun aylarında hesablanmış əmək haqqı fondu 335,2 min manat olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstərici 307,3 min manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 109 faiz deməkdir.
Bir işçiyə düşən orta aylıq nominal əmək haqqı 2020-ci ilin yanvar-iyun aylarında 335,2 manat, ötən ilin müvafiq dövründə bu göstərici 266,3 manat olmuşdur. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125,8 faiz deməkdir.
Əsaslı tikinti və investisiya. Rayon üzrə tikinti təşkilatlarının 2020-ci ilin yanvar-iyun aylarında öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin dəyəri 1105,1 min manat olmuşdur. Xərclərin hamısı cari təmirə çəkilmişdir.
Ötən ilin müvafiq dövründə yerinə yetirilmiş podrat işlərinin dəyəri 903,5 min manat olmuşdur. Baxılan dövrdə yerinə yetirilmiş podrat işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 201,6 min manat və ya 22,3 faiz çox olmuşdur.
Tikinti təşkilatlarında hesabat dövrünə işçilərin sayı 103 nəfər olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 117 faiz deməkdir. Onlara 280,1 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 451,7 manat olmuşdur. Ötən ilin müvafiq dövründə isə tikinti təşkilatlarında 88 nəfər calışmış, onlara 203,3 min manat əmək haqqı hesablanmışdır. Bir işçiyə düşən orta aylıq əmək haqqı 383,5 manat olmuşdur. Bu rəqəmləri müqayisə etsək görərik ki, baxılan dövrdə bir işçiyə düşən orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrünə nisbətən 117,8 faiz təşkil edir.
Kənd təsərrüfatı. Cəbrayıl rayonu üzrə 2019-cu ildə kənd təsərrüfatı məhsullarının istehsalı 4035,0 hektar əkin sahəsindən götürülmüşdürsə, 2020-ci ilin kənd təsərrüfatı məhsullarının istehsalı isə 3494,0 hektar əkin sahəsindən gözlənilir. Bu əkin sahələrinin 3130 hektarı ailə kəndli təsərrüfatlarının payına, 364 hektarı isə özəl sektorun payına düşür.
Əkin sahələrinin 1446,0 hektarını buğda, 668,0 hektarını arpa, 8,0 hektarını şəkər çuğunduru, 31,6 hektarını kartof, 64,0 hektarını tərəvəz, 1,4 hektarını bostan, 327,0 hektarını cari ilin yazlıq çoxillik otları(yonca), 948,0 hektarını keçmiş illərin çoxillik ot bitkiləri (yonca) təşkil edir.
01 iyul 2020-ci il vəziyyətinə əkin altında olan sahələrdən 7164 ton dənli (o cümlədən 5020 ton buğda, 2144 ton arpa), 542 ton kartof, 145,4 ton tərəvəz istehsal olunmuşdur.
01 iyul 2020-ci il tarixə heyvandarlıq sahəsində qənaətbəxş vəziyyət olmuşdur. Belə ki, qeyd edilən dövrdə rayon üzrə bütün təsərrüfat kateqoriyalarında 10789 baş iri buynuzlu mal-qara, o cümlədən 4197 baş inək və camış, 100133 baş qoyun və keçi mövcud olmuşdur.
01 iyul 2020-ci il tarixə mövcud olan mal-qaranın sayını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, iri buynuzlu mal-qara 24 baş, o, cümlədən inək və camış 17 baş artmış, qoyun və keçilər isə 11721baş azalmışdır.
Baxılan dövrdə rayon üzrə ət istehsalı 1014 ton (dirı çəkidə), süd istehsalı 4345 ton, yumurta istehsalı 2735 min ədəd, yun istehsalı isə 164 ton olmuşdur. 01 iyul 2020-ci il tarixə heyvandarlıq məhsullarının istehsalını ötən ilin müvafiq dövrü ilə müqayisə etsək görərik ki, ət istehsalı (diri çəkidə) 7 ton, yun istehsalı isə 6 ton azalmış, süd istehsalı 127 ton, yumurta 105 min ədəd artmışdır.
Nəqliyyat və rabitə. Rayon üzrə 2020-ci ilin yanvar-iyun aylarında dövlət rabitə və nəqliyyat müəssisələrində göstərilmiş rabitə və nəqliyyat xidmətlərinin həcmi 95,4 min manat, başqa sözlə keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz çox olmuşdur.
Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi
S.Süleymanov