ABŞ Ermənistan-Azərbaycan savaşına biganədir
ABŞ-ın dövlət katibi Rusiyanın Xarici İşlər naziri ilə bu barədə heç danışmayıb da
İran və Rusiya boşluğu doldurmağa çalışır
Şotland əsilli ABŞ xeyriyyəçisi Endryu Karneginin adını daşıyan Beynəlxalq Sülh Fondunun nümayəndəsi olan baş elmi işçisi Paul Stronski Ermənistan ordusunun iyulun 12-də Tovuz rayonu istiqamətində Azərbaycan ordusunun mövqelərinə qəfil hücumuna münasibət bildirərkən deyib ki, qonşu İran tərəflər arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib:
“Lakin ABŞ-ın yüksək səviyyəli dövlət məmurları bu hərbi qarşıdurmaya az əhəmiyyət verirlər. ABŞ-ın Dövlət katibi Mayk Pompeo iyulun 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Ancaq o bu məsələyə toxunmağı lazım bilməyib. Aradan daha iki gün keçəndən sonra dövlət katibi mətbuat konfransında bu məsələyə münasibətini dilə gətirib”.
"Dörd il iqtidarda olan prezident Donald Tramp administrasiyası Cənubi Qafqaz regionu ilə bağlı siyasəti qeyri-müəyyəndir. Yaranmış bu boşluğu digər güclər, o cümlədən İran və Rusiya doldurmağa can atır. Bu hərbi qarşıdurmaya Amerikanın yüksək səviyyədə reaksiya verməməsi bir daha göstərir ki, rəsmi Vaşinqton üçün Qafqaz prioritet hesab olunmur”, – Paul Stronski "intellinews.com” saytına belə deyib.
Xəbərdə vurğulanır ki, hərbi əməliyyatlar başlayandan bəri erməni diasporu Kaliforniya və Nyu-Yorkda iddia edilən Azərbaycanın təcavüzünə qarşı bir neçə nümayiş təşkil edib.
İyulun 12-də Ermənistanla Azərbaycan arasında baş verən atışmalarda ən azı 16 əsgərin, əsasən də Azərbaycan hərbçilərinin həyatını itirdiyi söylənilir. Bu savaşda Rusiya Ermənistana, Türkiyə isə Azərbaycana himayədarlıq edir.
ATƏT-in Minsk qrupu isə tərəfləri danışıqlar masasına dönməyə çağırıb.
Elbəyi Həsənli, Sürix