Ukrayna saytında Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı məqalə dərc edilib
Ukraynanın gordonua.com saytında Ermənistanın Azərbaycanla sərhəddə Tovuz istiqamətində törətdiyi təxribatla bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, hüquq üzrə elmlər doktoru Hikmət Cavadovun müəllifi olduğu məqalədə Ukrayna Xarici İşlər Nazirliyinin Ermənistanın son təxribatı ilə bağlı verdiyi ədalətli bəyanat və bunun ətrafında rəsmi Yerevanın barbar siyasəti barədə ətraflı məlumat verilib.
“Ukrayna tərəfi beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə riayət olunmasına əsaslanaraq vəziyyətin siyasi yolla həll olunmasının tərəfdarıdır. Burada nə problemi var ki? Ukraynanın Xarici İşlər Nazirliyi vəziyyətin gərginləşməməsini və atəşkəs rejiminin bərpasını arzulayır. Ancaq bu bəyanata bu təxribatı təşkil edən və sonrakı qan tökülməsində maraqlı olan tərəf qarşı çıxa bilər. Bu tərəfin Ermənistan olması bizə bəllidir. Sözsüz ki, təxribat Qarabağ istiqamətində deyil, Azərbaycanın Tovuz bölgəsindəki sərhəd xəttində həyata keçirilib”, – deyə müəllif əlavə edib.
H.Cavadov məqalədə vurğulayır ki, Ermənistanın Ukraynaya qarşı reaksiyası absurddur və heç nəyi dəyişməyəcək: nə Ukrayna XİN-in mövqeyində, nə də Azərbaycan-Ukrayna münasibətlərində.