ABŞ-ın “Stratfor” kəşfiyyat mərkəzinin agenti Qarabağa gəldi?- Nə məqsədlə?..
Hələ 2019-cu ilin sonlarında adı Amerikanın özəl “Stratfor” kəşfiyyat mərkəzinin məlumat verən mənbələri siyahısında çıxmış Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan bu günlərdə Azərbaycanın işğal altındakı torpaqlarına gəlib.
Moderator.az xəbər verir ki, işğalçı ölkənin bu haqda geniş məqalə dərc edən “Ermənistanın səsi” nəşri A.Babacanyanın məhz həmin kəşfiyyat xidmətinin tapşırığı, həm də L.T.Petrosyan –Paşinyan xətti ilə gəldiyini iddia edir.
Erməni deputat Xankəndidə qondarma separatçı rejimin rəhbəri Araik Arutyunyan və “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanla görüşüb. Bundan sonra A.Babacanyan özünün “Facebook” səhifəsində həmin görüşlərdə Qarabağ məsələsinin Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın “Müharibə, yoxsa sülh” məqaləsindəki ideyalar əsasında həll edilməsi müzakirə olunub. Lakin sonradan A.Arutyunyanın “Azad vətən” “partiya”sının mətbuat xidməti bu məlumatı təkzib edib.
Xatırladılır ki, L.Ter-Petrosyanın bəhs edilən məqaləsi 1997-ci ilin payızında dərc olunub və məhz həmin material onun 1998-ci ilin fevralında istefasına gətirib çıxarıb. Məqalədə işğalçı ölkə lideri Dağlıq Qarabağ deyilən qondarma qurumu statusu nəzərə alınmadan işğal altındakı torpaqların mərhələ-mərhələ Azərbaycan qaytarılmasını təklif edib.
Bundan əlavə, deputat A. Babacanyanın 1998-ci ildə Nairi Unanyanla birlikdə prezidentliyə namizəd, Ermənistan SSR-in 1-ci katibi(1974-1988) işləmiş Karen Dəmirçiyanın seçki qərargahında çalışdığı bildirilir. Məlum olduğu kimi, 1999-cu ilin oktyabrında məhz həmin N.Unanyan Ermənistan parlamentində o vaxt spiker olan Karen Dəmirçiyan başda olmaqla bir neçə deputat və 8 məmurun qətli ilə nəticələnmiş terakt törədib.
Onu da qeyd edək ki, erməni nəşrləri Babacanyanın ABŞ-ın agenti olması barədə məlumatlar yaydıqdan sonra A.Babacanyan hər hansı bir açıqlama verməkdən yayınıb, səlahiyyətli orqanlar isə anlaşılmaz bir sükuta qərq olublar. Bunun əvəzinə, erməni deputat prokurorluğa şikayət məktubu yazıb və Ermənistan polisinin 6-cı bölməsinin əməkdaşlarının məlumatı dərc edən “Ankakh.com” saytının redaktorunun evinə göndərilməsinə nail olub. Lakin bu günədək Arman Babacanyanın adının “Stratfor” təşkilatının agentləri siyahısında necə peyda olduğu barədə ictimaiyyətə hələ də heç bir açıqlama verilməyib.
2020-ci ilin əvvəlində “Politik.am” nəşri Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Arman Babacanyanın agent olması haqqında məlumatı yoxlamaq üçün hansı addımların atıldığını öyrənmək üçün sorğu göndərib. Eyni zamanda mətbuatda yayılan məlumatların təsdiqləndiyi və ya təkzib olunduğu barədə məsələyə də aydınlıq gətirilməsi xahiş olunub. Bu sorğudan bir neçə gün sonra Arman Babacanyan Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və ictimaiyyət yenə də təfərrüatlardan xəbərsiz qalıb.
Ermənistan MTX-yə verilən sorğuya cavab olaraq bildirilib ki, MTX orqanları tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi yolu ilə nəticələri açıqlanmayan məlumatlar əldə edilir. Və bununla Ermənistan MTX əslində məlumatı nə təkzib edir, nə də təsdiqləyib.
Sultan Laçın