“Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilib
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Vərəm əleyhinə Avropa Koalisiyasının(TB Europe Coalition) əlaqələndirici dəstəyi ilə “Sağlamlığa Xidmət” İctimai birliyi("Saglamliga Khidmat" Public Union) tərəfindən “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində "Vətəndaş Cəmiyyəti təşkilatları və icmaların COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstəyi – Beynəlxalq təcrübə" mövzusunda onlayn konfrans keçirilib. Tədbiri 90 nəfər iştirakçı izləyib, 50-yə yerli və xarici ekspert, beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.
Koronavirusun sürətlə yayılması nəticəsində tibbi xidmətlərin əlçatanlığı və keyfiyyəti ilə bağlı proqnozlaşdırılan dəyişikliklər resursların yenidən bölüşdürülməsini və səhiyyə xidmətlərinin fasiləsiz təmin edilməsi istiqamətdə təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib. Konfransın məqsədi pandemiya zamanı Moldova Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) Milli Vərəm və İİV/QİÇS-lə mübarizə proqramlarına dəstək olmaq üçün həyata keçirdikləri müsbət təcrübələrlə tanış olmaq idi. QHT-lər bu çətin dövrlərdə profilaktika, müalicə və qayğı, təbliğat və ictimai monitorinqlə bağlı xüsusi fəaliyyət təcrübələrini və öyrənilmiş dərsləri bölüşdülər.
Konfransı giriş sözləri ilə açan Ümumdünya Səhiyyə təşkilatı(World Health Organization Azerbaijan) ölkə nümayəndəsi Dr. Cəvahir Süleymanova, Ümumdünya Səhiyyə təşkilatının Avropa Regional bürosunun(WHO Regional Office for Europe) nümayəndəsi Dr. Oqtay Gözəlov, Stop TB Partnership qurumunun proqram üzrə rəhbəri Dr. Thandi Katlholo və Moldovanın Səhiyyə Siyasəti və Araşdırmalar Mərkəzinin layihə rəhbəri Kristina Çelan (Cristina Celan) konfransda tədbirin önəmini qeyd edərək, konfransın işinə uğurlar arzu ediblər.
Moldovanın Vərəm və İİV/QİÇS-lə mübarizə aparan SMİT, AFİ, TDV və Speranta Terrei qeyri-hökumət təşkilatlarının nümayəndələri COVİD-19 pandemiyası dövründə Milli Vərəm və İİV/QİÇS-lə mübarizə üzrə Dövlət proqramlarının icrasının davamiyyəti üçün göstərilən dəstək barədə təqdimatla çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, bu istiqamətdə 25 iyun tarixinə planlaşdırılan növbəti tədbirdə isə Ukrayna və İtaliya QHT-ləri öz təcrübələrini paylaşacaqlar.
yknews.az