Milyarder Tsarukyanı deputat toxunulmazlığından məhrum etdilər
“Çiçəklənən Ermənistan” Partiyasının sədri və Ermənistan parlamentindəki “Tsarukyan” fraksiyasının lideri, milyarder siyasətçi Qagik Tsarukyan deputat toxunulmazlığından məhrum edilib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, qanunverici orqan iyunun 16-da bununla bağlı Baş Prokurorluğun verdiyi vəsatətə baxaraq qərar qəbul edib.
Q.Tsarukyanın deputat toxunulmazlığının ləğvinin lehinə 87 deputat səs verib. Əleyhinə və bitərəf olmayıb.
Müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyası və “İşıqlı Ermənistan” Partiyasından olan deputatlar səsverməni boykot ediblər.
Xatırladaq ki, milyarder deputat Baş nazir Nikol Paşinyanı və komandasını kəskin tənqid etdiyinə gərə cəzalandırılıb. O bir az əvvəl KİV-ə verdiyi açıqlamasında geri çəkilmək fikrində olmadığını, sona qədər gedəcəyini bəyan etmişdi. Deputat hətta vurğulamışdı ki, həbs olunacağı təqdirdə belə, bütün komandası və tərəfdarları ədalət uğrunda mübarizəni davam etdirəcəklər.