“Dünyanın bir nömrəli gücünün Əlahiddə Ümumqoşun Ordusuna verdiyi qiymət düşmən üçün mesajdır”
ABŞ-ın Ceymstaun Araşdırma Fondunun saytında Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu ilə bağlı maraqlı yazı yer alıb. Məqalədə Əlahiddə Ümumqoşun Ordusunun yüksək dəqiqliyə malik dağıdıcı silahlara malik olduğu, bu silahlr arasında Türkiyə istehsalı olan TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin də mövcudluğu ilə bağlı məlumatlar yer alıb.
ABŞ mediasında yer alan bu yazı Azərbaycan ordusunun gücünün beynəlxalq səviyyədəki etirafı kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycan ordusunun, eləcə də Silahlı Qüvvvələrin ayrılmaz tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordusunun həqiqətən də böyük zərbə qüvvəsinə malik olduğunu vurğuladı:
“Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan SQ-nin bir hissəsidir. Bu gün
Azərbaycan SQ-ləri ən müasir texika ilə təmin olunub və bu proses davam edir.
Naxçıvan ölkəmiz üçün önəmli bir ərazidir və onun silahlandırılması, gücləndirilməsi vacib, strateji məsələdir. Birincisi, ona görə ki, Naxçıvan Ermənistana sərhəddir. Azərbaycanın bilavasitə Naxçıvanla sərhəddi yoxdur. Ermənistan çirkin niyyətlərini gizlətmir. Bəzən Naxçıvana qarşı ərazi iddiası ilə çıxış edir. Dəfələrlə Naxçıvanı işğal etməklə bağlı çağırışlar səsləndirib.
Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun gücü sadəcə müasir silah və texnikada deyil. Əlahiddə Ümumqoşun Ordusunun əs böyük gücü peşəkar şəxsi heyətə malik olmasıdır. Əlahiddə Ümumqoşun Ordusu daim ağır təlimlərlə öz peşəkarlığını durmadan yüksəldir.
Ermənistan dəfələrlə təmas xəttindən uzaqda olan, Bakıda yerləşən bəzi infrastrukturlara zərbə endirməklə bağlı çağırışlarla çıxış edib. Bu, onu göstərir ki, Ermənistan dənizdən-dənizə böyümək arzusuna sadiqdir və öz işğalçılıq niyyətindən əl çəkmir.
Naxçıvanda dağıdıcı silahların olması Ermənistanın əl-qolunu bağlayır. Naxçıvandan İrəvana 70 kilometrə qədər məsafə var. İşğal edilmiş Azərbaycan torpaqlarından Bakıya qədər olan məsafə 300 km-dirsə, Naxçıvandan İrəvana bu məsafə 60-70 km-dir. Ermənistan hər yeni silah alanda Bakı və ətrafındakı infrastruktura zərbə endirəcəyini bildirir. Bu, düşmənin təxribatçııq cəhdlərindən əl çkmək niyyətində olmadığını göstərir. Odur ki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun güclənməsinə Silahlı Qüvvələrimizin ali baş komandanı, ölkə başçısı cənab İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Qardaş Türkiyənin Naxçıvanla sərhədə malikdir. Bu imkandan istifadə edərək Əlahiddə Ümumqoşun Ordusunun Türkiyə istehsalı olan müasir texnika ilə təmin edilməsi bu hərbi birləşmənin gücünü daha da artırır.
ABŞ mediasında Əlahiddə Ümumqoşun Ordusu haqqında yer alan fikirlər Ermənistanı da düşündürməlidir. NATO-nin əsas dövlətinin, dünyanın bir nömrəli gücünün Əlahiddə Ümumqoşun Ordusunu bu cür xarakterizə etməsi düşmən üçün mesajdır. Düşmən anlamlıdır ki, işğalçılıq niyyətindən əl çəkməsə, o zaman bunun nəticəsinə qatlaşmalı olacaq.
Əlahiddə Ümumqoşun Ordusunun gücü Ermənistan SQ-lərinin ümumi gücündən az deyil.
Odur ki, Ermənistanın bundan nəticə çıxarması, öz işğalçılıq siyasətindən əl çəkməsi vacibdir. Əks təqdirdə, bu, Ermənistanın ağır və rüsvayçı məğlubiyyəti ilə nəticələnəcək”.