“Bir çox dövlətlər vətəndaşlarına kömək vəd etsə də…” ÖZƏL – MÜNASİBƏT
"Bir çox dövlətlər öz vətəndaşlarına kömək vəd etsə də bunu həyata keçirdə bilmədilər. Azərbaycanda isə Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə 600 min insana maddi yardım edildi". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov pandemiya ilə mübarizə fonunda sosial rifaha yönəlmiş tədbirlərdən danışarkən deyib.
Prezident İlham Əliyevin bu istiqamətdə görülən işlərlə və nəticələrlə bağlı səsləndirdiyi fikirlərinə münasibət bildirən birliyin sədri bildirib ki, aztəminatlı ailələrlə bağlı dövlətin atdığı addımlardan və konkret rəqəmlərdən bəhs edən cənab Prezidentin səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, bu istiqamətdə dövlət tərəfindən böyük dəstək göstərilir: "Buraya hal hazırkı pandemiya dövründə 600 min vətəndaşa iki aylıq nəzərdə tutulan 190 manatı, kiçik sahibkarlara ödənilən maliyyə yardımını və s. əlavə etsək görərik ki, Prezidentin apardığı sosial siyasətin kökündə Azərbaycan vətəndaşının rifah halının yüksəldilməsi və qorunması əsas yer tutur. Xüsusilə bu pandemiya dövründə dövlətin vətəndaşına sözdə yox əməldə qayğı və kömək göstərməsi alqışlanmalıdır".
Onun sözlərinə görə, Azərbaycanda bu istiqamətdə görülən işlərin əksinə dünyanın bir çox dövlətlərində bu kimi layihələrin həyata keçirilməsi praktiki cəhətdən mümkün olmamışdır, lakin, Azərbaycanda bu istiqamətdə mərhələli şəkildə sosial paketlərin hazırlanmasına müvəffəq olunmuşdur: "Nəzərə almalıylq ki, bir çox dövlətlər öz vətəndaşlarına kömək vəd etsə də bunu həyata keçirdə bilmədilər. Azərbaycanda isə Prezident İlham Əliyevin tapşırığı ilə qısa müddətdə 600 min insana maddi yardım edildi. İctimai əsaslarla yeni iş yerləri yaradıldı. Hesab edirəm ki, dövlətin qayğısı bununla bitməyəcək. Azərbaycan prezidentinin apardığı siyasət xalqın rifahına yönəldilmiş və bundan sonra da xalqa xidmət edəcəkdir".