Qalmaqal böyüyür: İttihamlar Paşinyana yönəldi
İşıqlı Ermənistan Partiyası yenidən özünün lideri Edmon Marukyana hakim partiyanın deputatlarının hücumunu pisləyib və Nikol Paşinyanı bu işin aydınlaşdırılmasında fəaliyyətsizlikdə ittiham edib.
Axar.az xəbər verir ki, partiya yaydığı bəyanatda Paşinyanın baş verənlərə göz yumduğu və zorakılıq qurbanını günahkar kimi göstərməyə çalışdığı vurğulanıb.
Müxalifət partiyası Paşinyanın iki il ərzində inqilabın ideyalarını, dəyərlərini və prinsiplərini dağıtdığını bildirib. Partiya Mənim Addım Blokunun öz rəqiblərini və tənqidçilərini xalqın və dövlətin düşməni adlandırdığını, eləcə də artıq bu opponentlərlə hesablaşma vasitələrini legitimləşdirdiyini bəyan edib.
“Bu, son sığınacağı sərt avtoritarizm olan totalitar düşüncənin ortaya çıxmasıdır. Cəmi iki il ərzində Paşinyan yalnız öz partiyadaşları üçün inqilab liderindən baş nazirə çevrilib”.
Qeyd edək ki, mayın 5-də Ermənistan parlamentində kütləvi dava baş vermişdi. İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyanın parlamentin tribunasından hakimiyyətyönlü qüvvələri öz opponentlərini təhqir etməməyə çağırması Mənim Addımım Blokundan olan Sasun Mikayelyanın etirazına səbəb olmuşdu. Nəticədə tərəflər bir-birilərinə zərbələr endirmişdilər.