“Azərbaycanın “qara siyahısı”nda olmağı özümə şərəf bilirəm…”
Ermənistanın Livenews.am “YouTube” kanalı studiyasının növbəti qonağı Qara dəniz-Xəzər Regionu Siyasi Elmlər və Sosial Tədqiqatlar İnstitutunun direktoru Vladimir Zaxarov olub.
Moderator.az xəbər verir ki, Rusiyadakı erməni saytlarının yaydığı məlumata görə, rusiyalı qafqazşünas “Qafqaz-Xəzər regonunun yerli xalqları elmi həqiqətlər işığında” adlı üzdəniraq beynəlxalq elmi konfransda iştirak etmək üçün İrəvana gəlib.
Vladimir Zaxarov söhbətində müxtəlif regional problemlər, o cümlədən Ermənistan və beynəlxalq ictimaiyyət tərəfindən Qarabağdakı qondarma separatçı rejimin “müstəqilliyi”nin tanınması, İran hakimiyyətinin Qarabağ münaqişəsinə münasibəti, elmi və təbliğat xarakterli ədəbiyyatın nəşri ilə bağlı problemlərin həlli və s. məsələlər müzakirə edilib.
Rusiyalı üzdəniraq politoloq 2020-ci ilin əvvəlində yenidən Ermənistan və Qarabağa gəlmək niyyətində olduğunu, Xankəndidə “Mesrop Maştots” universiteti tərəfindən təşkil ediləcək növbəti elmi konfransda iştirak edəcəyini bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısına” düşmə ehtimalı isə onu qorxutmur, çünki artıq iki dəfə işğal altındakı torpaqlarımıza səfərinə görə həmin siyahıya daxil edilib.
V.Zaxarov həyasızcasına bəyan edib: “Bu siyahıda olan layiqli insanların sayını nəzərə alsaq, onların arasında olmağımla şərəf duyuram…”
P.S. “Qara siyahı”mız dolarsa, azad olar Qarabağ, basılmaz Vətən!..
Sultan Laçın