Şəhidlərimiz barədə film çəkildi
Türkiyədə təhsil almış azərbaycanlı rejissor şəhidlərin xatirəsinə qısametrajlı film çəkib.
“Shine Group Production” və “Zoom Production”ın dəstəyi ilə Türkiyədə rejissorluq təhsili alan araşdırmaçı-yazar Zaur Tahirsoy şəhidlərin xatirəsinə qısametrajlı film çəkib.
Milli.Az xəbər verir ki, “Hədiyyə” adlı bu film özündə milli mənəvi dəyərləri, Azərbaycan tarixində qadın qəhrəmanlığını və ailə dəyərlərini özündə əks etdirir. Bu barədə Zaur Tahirsoy müsahibəsində bildirib.
“Belə bir filmin ərəsəyə gəlməsində, ilk öncə, “Shine Group Production”ın direktoru Ramil Qocaya və filmin prodüseri Nigar Şamilova və Fuad Nəzərliyə öz təşəkkürümü bildirirəm. Zeynəb Kəngərli və Nurlan Rüstəmov rollarını peşəkarlıqla canlandırdılar. Təbii ki, döyüş səhnəsinin gözəlliyi onun qrimindədir və bunun öhdəsindən qrim ustası Nəcibə Məmmədova məharətlə gəlib. Onu da qeyd edim ki, mükəmməl iş üçün professional komanda işi zəruridir və bu film də gözəl komanda işinin nəticəsidir. Məhz bu səbəbdən baxımlı və təsirli film olacağına inanıram”.
Qeyd edək ki, iyul ayının 24-ü filmin təqdimatı həyata keçiriləcək.