Qarabağa dair ürkək diplomatiya – yerində qaçış, yoxsa…
Məsələ ətrafında diplomatik fəallıq hələ ki daha çox ehtimallar yaradıb, nəinki problemin həll perspektivinə pozitiv konkretlik gətirib; rusiyalı politoloqdan nikbin proqnoz: “Bu il böyük tarixi müqavilə imzalana bilər…”
Qarabağ məsələsi ətrafında diplomatik fəallıq, daha doğrusu, diplomatik ajiotaj davam edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun təzəcə başa çatan Bakı səfəri bu qənaəti bir qədər də möhkəmlətdi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentləri ilə Varşavada görüşündən az sonraya təsadüf edən bu səfər konfliktin dinc yolla həlli perspektivinə müəyyən işıq salmalı idi.
Rusiya baş diplomatının İrəvan və Bakı səfərlərinin yekunları ilə bağlı ekspert rəyləri hələlik konkretlikdən daha çox, ümumi səciyyə daşıyır. Bu da təbiidir, çünki danışıqların detalları açıqlanmır, ortada yalnız ümumi xarakterli və xəsisliklə verilən açıqlamalar var. Rusiya XİN başçısının dediyi kimi, “diplomatik etikaya uyğun” olaraq, hələlik ümumi işin xeyrinə konfidensiallığa əməl edilir. Bununla belə, ortadakı kasad informasiyalar da müəyyən nəticələrə gəlməyə imkan verir.
Onlardan biri budur ki, danışıqlar hər halda mərhələli plan üzrə gedir. İkincisi, prosesdə məhz Rusiya özünün dominant vasitəçi statusunu saxlamağa çalışır. Demək, danışıqlarda real nəticə Moskvanın maraqlarının nə dərəcədə təmin olunması ilə birbaşa bağlıdır. Üçüncüsü, nəzərə alsaq ki, Bakıdakı Qarabağ müzakirələrindən Azərbaycan və Rusiya tərəfi razı qaldığını bəyan edib, deməli, məhz Kremlin maraqları kontekstində ortada ilkin anlaşma mövcuddur və Rusiya Bakının gözləntilərinə indi daha anlaşıqlı yanaşır. Bəs Qərbin maraqları?
***
“Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda mövqeyini əldən vermək istəmir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı və İrəvana son vaxtlar artan səfərlərini də bununla izah etmək olar”. Bu sözləri Rusiya Dövlət Humanitar Universitetinin regionşünaslıq və xarici siyasət kafedrasının dosenti, tanınmış siyasi ekspert Sergey Markedonov son Qarabağ danışıqlarını şərh edərkən deyib (APA).
Onun sözlərinə görə, Moskva heç bir halda danışıqlar formatını əldən vermək istəmir: “Görünən odur ki, Sergey Lavrovun Bakıya səfəri də Peterburqda prezidentlərin görüşündə əldə olunan razılıqların təsdiqlənməsi məqsədini daşıyır. Hesab etmirəm ki, burada söhbət hansısa qərarın qəbulundan gedir. İnanmıram ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı keçirilən bir sammitdə konfliktin həlli üzrə qərar verilsin. Bu uzun sürən prosesdir. Bir və ya iki görüşlə həll olunası məsələ deyil”.
Rusiyalı politoloq münaqişənin həlli ilə bağlı ortada hansısa planın olub-olmadığı məsələsini də şərh edib: “Son zamanlar problemin həllinə dair “Lavrov planı”nın olduğu deyilirdi. Planın adı belə olsa da, qərarı onun vermədiyi aydındır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qərarı Moskva ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri olan ABŞ və Fransa ilə birlikdə verə bilər. Bu istiqamətlə onlar qarşılıqlı fəaliyyət göstərir. Ona görə də hesab etmirəm ki, Moskvanın konfliktin həlli ilə bağlı hansısa təktərəfli qərar ola bilər. Belə olsa, bu, digər həmsədrlər tərəfindən heç də xoş qarşılanmaz. Nəzərə alsaq ki, Sankt-Peterburq görüşündə digər həmsədrlər də iştirak edib, o zaman münaqişənin həlli ilə bağlı Moskvanın bütün səyləri Qərblə razılaşdırılır”.
S.Markedonov danışıqların “Kazan formulu” əsasında aparılıb-aparılmamasına da toxunub: “Kazan formulu”nda yeni heç nə yoxdur. Bu, yenilənmiş Madrid prinsiplərinin əlavələr olunmuş təqdimatıdır. Münaqişənin nizamlanmasının əsasında bu formul dayanır. Əsas məsələ sənəddə, yəni kağız üzərində nəyin yazılması deyil, əsas məsələ kimin birinci, ya ikinci addım atmasıdır. Bu gün müzakirə olunmalı əsas məsələ Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 7 rayonun işğaldan azad edilməsi və Dağlıq Qarabağın gələcək statusunun müəyyən edilməsidir. Lakin bunu müzakirə etmək üçün tərəflər bir-birindən güzəştlər gözləyir. Mübahisə məhz bunun üstündədir. Kimin birinci addım atması məsələsi mübahisəlidir. Yenilənmiş Madrid prinsiplərində dediklərimin hamısı əksini tapıb, hətta bu sənəddə məsələnin həllinin ardıcıllığı da var. Lakin kimin nə zaman birinci addım atmalı olduğu sənəddə yoxdur. Mənə elə gəlir ki, hazırda danışıqlar prosesində məhz bu məqamlar müzakirə olunur”.

Rusiyalı ekspertin fikrincə, Vaşinqton bu münaqişənin həllində Moskvaya maneə olmaq istəmir: “Lakin münaqişənin həllində Moskva öz milli maraqlarını nəzərə alırsa, o zaman, əlbəttə ki, Qərbin də maraqlarını nəzərə almalıdır. Bu gün Rusiya-ABŞ münasibətləri çox mənfi istiqamətdə inkişaf edir. İki nəhəng arasında gözlə görünən gərginlik müşahidə olunur. Bir sıra regional məsələlərdə fikir ayrılıqları mövcuddur. Ukrayna, Suriya və NATO məsələlərində Rusiya və ABŞ arasında ortaq nöqtə yoxdur. Dağlıq Qarabağ münaqişəsi yeganə problemdir ki, bu məsələdə Moskva və Vaşinqton ortaq fikrə sahib olduqlarını bəyan edir”.
***
Moskvadakı Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Sergey Markov isə hesab edir ki, Qarabağ probleminin həllində pozitiv irəliləyiş üçün indi əsl vaxtdır. Onun fikrincə, elə bu il “Kazan formulu” əsasında böyük tarixi müqavilə imzalana bilər: “Formulun mahiyyəti budur ki, ərazilərin qaytarılması qarşılığında blokada götürülür. Yəni Ermənistan Dağlıq Qarabağ ətrafında işğal elədiyi rayonları geri qaytarır, Azərbaycan isə sərhədləri açır və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlayır. Bundan əlavə, azad edilmiş ərazilərdə sülhməramlı qüvvələr vasitəsilə hərsizləşdirilmiş zona yaradılır. Hələ ki sülhməramlı qüvvələrin tərkibi və referendum proseduru ilə əlaqədar problemlər var. Bu məsələlər daima diskussiya edilir”.
Ekspertə görə, Moskva heç vaxt olmadığı qədər münaqişənin həllində maraqlıdır: “Birincisi, Rusiyaya periferiyada daha bir müharibə dəqiq lazım deyil, çünki müxtəlif konfliktlər arasında özünüdəstək əlaqəsi işı düşə bilər. İlk baxışda Donbas, Qarabağ, Dnestryanı, Abxaziya müxtəlif münaqişələr təsiri bağışlaya bilər. Ancaq meşədəki kimi, 5-6 yanğın ocağı birləşəndə böyük bir odlu qövs əmələ gəlir. Belə bir qövsü önləmək Rusiyanın əsas motivasiyasıdır. İkinci motivasiya – bizə Qərb ölkələrini əməkdaşlığa cəlb eləmək, bununla da Qərblə qarşıdurmanı hər hansı mövqe itirmədən zəiflətmək lazımdır. Belə çıxır, burada Rusiyanın Qərblə münasibətləri yaxşılaşacaq. Ancaq Rusiya heç nə itirmir, əksinə, hətta dünya liderlərindən biri kimi öz mövqeyini möhkəmlədir. Üçüncüsü – regionun iqtisadi yüksəlişidir: bu, Azərbaycanla da, Ermənistanla da əla əməkdaşlıq imkanlarıdır”.
***
“İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir”. Bunu isə politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Lavrovla görüşdə Elmar Məmmədyarovun danışıqlar masasını mərhələli şəkildə mövcud problemlərdən təmizləməli olduğunu bildirməsi, əslində rəsmi Bakının mərhələli həll planından kənara çıxmadığına işarədir.
“Lavrovun bunu dilə gətirməməsi göstərir ki, Kreml münaqişənin həllinin I mərhələsində Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması fikrini hələ qəbul etməyib. Bakıda səsləndirilən “ümid yaradan amillər” ifadəsi isə söhbətin Dağlıq Qarabağa veriləcək aralıq statusdan getdiyini təxmin etməyə imkan verir. Belə bir status Azərbaycanın böyük güzəşti sayıla bilər. Problem ondadır ki, rəsmi İrəvan müvəqqəti statusa etiraz etməsə də, yekun statusu müəyyənləşdirəcək referendumun keçiriləcəyi tarixi sənədə salmaq istəyir. Bu isə bütün razılaşmanı pozur və ortada Kremlin İrəvanı bu tələbdən vaz keçməyə məcbur edəcəyinə dair heç bir işartı yoxdur. Əgər bu danışıqlar bu dəfə də konkret nəticəyə gətirib çıxarmasa, vəziyyət yenidən gərginləşəcək”.
***
Göründüyü kimi, Qarabağ məsələsi ətrafında son vaxtlar özünü göstərən pozitiv dinamika, ehtiyatlı və ürkək diplomatiya, fəallıq əslində daha çox ehtimallar yaradıb, nəinki problemin həlli perspektivinə konkretlik gətirib. Aprel döyüşlərində Ermənistanın xahişi ilə əldə olunan atəşkəsdən isə 3 aydan çox vaxt keçir…(musavat.com)