İcbari tibbi sığortanın tətbiqi gələn ilə qaldı
İcbari tibbi sığorta gələn ilin sonuna qədər pilot qaydasında sınaqdan keçiriləcək. Bu barədə “Azərbaycan” qəzetinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev müsahibəsində bildirib.
Z.Əliyev deyib ki, pilot layihəni sınaqdan keçirmək üçün təxminən 9 ay vaxt lazımdır:
“Layihə bir müddət sınaqdan keçirildikdən sonra çatışmazlıqlar aradan qaldırılacaq və geniş formada tətbiq olunacaq. Əgər biz bu ilin sonundan başlasaq, təqribən 2017-ci ilin sentyabr-oktyabr aylarında layihəni də bitirməliyik. Nəhayət, 2017-ci ilin sonlarına doğru mərhələli şəkildə ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsini nəzərdə tuturuq”.
O bildirib ki, agentlik, Azərbaycanda icbari tibbi sığortanın sosialyönümlü modelini tətbiq etmək niyyətindədir:
“Dünyada icbari tibbi sığorta ilə bağlı çox model yoxdur. Bunlardan ən uyğunu sosialyönümlü modeldir. Burada həm dövlətin, həm də vətəndaşların rolu olacaq. Vətəndaşlar illik olaraq müəyyən bir məbləğ ödəyir, yığımlarda çatışmazlıq olduqda ödəniş dövlət tərəfindən qarşılanır. Yaxud da dövlət konkret qruplar üçün tələb olunan sığorta haqlarını bütünlüklə üzərinə götürür”.
Direktor deyib ki, aztəminatlı ailələrlə bağlı nəzərdə tutulan sığorta haqqını da dövlət öz üzərinə götürəcək:
“Burada hər kəsin bərabər hüququ olacaq. Bütün vətəndaşlar eyni xidmətlərdən yararlana biləcəklər. Dünyada həm sosial, həm də milli tibbi sığorta modelləri mövcuddur. Biz adətən Türkiyə və Almaniya modellərinin adını çəkirik. Əslində, bunlar hamısı mahiyyətcə eyni modellərdir. Yəni hamısı sosial tibbi sığorta modelidir. Bizdə tətbiq olunacaq icbari tibbi sığorta zamanı vəsaitin kim tərəfindən ödəniləcəyi və faizlərin necə olacağını yaxın zamanda açıqlayacağıq”.