Türkiyə-Rusiya münasibətləri və Cənubi Qafqaz: Ermənistan təhlükə mənbəyi kimi
Ankara ilə Moskva arasında son zamanlar müşahidə edilən yaxınlaşmanın geosiyasi nəticələri barədə analitiklər proqnozlar verirlər. Bu prosesin bütövlükdə qlobal siyasətə təsir edəcəyi istisna edilmir. O cümlədən Cənubi Qafqazda da mühüm hadisələr baş verə bilər. Burada diqqəti çəkən əsas məqam ondan ibarətdir ki, region dövlətlərinin iki böyük dövlətin əlaqələrini bərpa etməsinə münasibətləri fərqlidir. Azərbaycan əvvəlcədən Ankara ilə Moskvanı barışdırmağa çalışırdısa, Tbilisi təmkinli mövqe nümayiş etdirirdi. İndi də Tbilisi hadisələrə elə də reaksiya vermir, lakin bütövlükdə proseslərin gedişindən narazı deyil. Ermənistan tamamilə fərqli fikirdədir.
yknews.az newtimes.az-a istinadən bildirir ki, İrəvan Rusiya ilə Türkiyənin münasibətlərinin normallaşmasını özünə təhlükə kimi qiymətləndirsə də, real heç bir addım ata bilmir. Çünki suveren deyil, kənar dairələrdən tamamilə asılıdır. Bu da Ermənistanda siyasi və ideoloji gərginlik yaradır. Cəmiyyətdə və siyasi şüurda bir qeyri-müəyyənlik vardır. Bunlar Ermənistanı region üçün təhlükəli edir.
Barışa doğru: Ankara-Moskva yaxınlaşmasının geosiyasi çalarları
Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşması, gözlənildiyi kimi, ciddi geosiyasi reaksiya yaradıb. Məsələyə münasibət fərqli olsa da, bir məqamda bütün baxışlar birləşir – bu iki böyük dövlətin yaxınlaşması regional və qlobal səviyyədə hiss ediləcək dəyişikliklərə səbəb ola bilər. Həmçinin Yaxın Şərq və Cənubi Qafqazda maraqlı geosiyasi proseslərin meydana gəlməsini stimullaşdırar. Artıq bunun əlamətləri də özünü göstərməkdədir.
Qərb Ankara-Moskva yaxınlaşmasına zahirən sakit reaksiya verib. Avropa İttifaqı (Aİ) və Amerika bütövlükdə prosesi müsbət qiymətləndirir. Lakin vəziyyətə daha dərindən diqqət yetirdikdə, bir sıra suallar, xüsusən Yaxın Şərqdə yaranmış böhranın aradan qaldırılması ilə bağlı suallar meydana çıxır. Rusiya KİV-i Suriyada terrorla mübarizədə Türkiyə-Rusiya əməkdaşlığının gücləndirilməsindən bəhs edir. Hətta Moskvanın “İncirlik”dən istifadə edə biləcəyi barədə informasiya yayıldı. Lakin Ankara bunu təkzib edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, iki ölkə terrorla mübarizədə əlaqəli fəaliyyət göstərə bilər, lakin “”İncirlik”dən Rusiyanın istifadə etməsindən söz gedə bilməz” (bax: Турция опровергла возможность использования Россией авиабазы “Инджирлик” / “РИА Новости”, 4 iyul 2016).
Bundan başqa, iki ölkənin Suriya məsələsində hansı məqamlarda ortaq nəticəyə gəldikləri aydın deyil. Diplomatlar ümumi sözlər işlədirlər. Hələlik konkret əməkdaşlıq mexanizmləri hazır deyil. Buna baxmayaraq, ekspertlər hesab edirlər ki, Ankara Bəşər Əsədə qarşı vuruşan qruplara yardım etməyəcəyini vəd verib. Əvəzində, hər iki ölkə İŞİD-lə mübarizədə birgə fəaliyyət göstərəcəklər. Xüsusilə kəşfiyyat məlumatlarının mübadiləsi gücləndiriləcək.
Bu kontekstdə İsrail faktorunu da vurğulamaq lazım gəlir. Türkiyəli analitiklər, əslində, söhbətin İsrail-Türkiyə-Rusiya üçlüyündən getdiyini qeyd edirlər Çünki Təl-Əviv də Ankaraya terrorçularla bağlı informasiyalar verməyə razılaşıb.
Təbii ki, bütün bunlar inandırıcı ola bilər. Ancaq Rusiya və Türkiyənin Yaxın Şərqlə bağlı fikir ayrılıqlarını aradan qaldırdığını demək xeyli risklidir. Üstəlik, İsrailin nə dərəcədə Ankara və Moskva ilə ortaq hərəkət edəcəyi məlum deyil. Bunların fonunda Vaşinqtonla Brüsselin mövqeyi maraq doğurur. ABŞ və Aİ bu prosesə müəyyən dərəcədə qısqanclıqla yanaşır. Ən azından ona görə ki, böyük bir məkanda Rusiya-Türkiyə tandemi yaransa, Qərbin geosiyasi maraqlarına ciddi təhlükələr meydana gələ bilər.
“Erməni soyqırımı” nağılına bir sıra Avropa ölkəsi parlamentində “hüquqi” don geydirilməsi fonunda bu, kifayət qədər düşündürücü görünür. Şübhə yoxdur ki, Moskva bu vəziyyətdən istifadə edib, NATO-nun ən güclü üzvlərindən biri ilə əlaqələri yeni səviyyəyə yüksəltməyə çalışacaq. Kremlin bu istiqamətdə sürətli addımlar atması bunun təsdiqi ola bilər.
Şübhəsiz, Rusiya ilə Türkiyə iqtisadiyyat, turizm və energetika sahələrində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Bu, onların hər ikisi üçün səmərəlidir. Bununla yanaşı, baş verənlərin daha çox geosiyasi kontekstinin olduğunu inkar etmək olmaz. O cümlədən Cənubi Qafqazda proseslər yeni məzmun ala bilər. Onu deyək ki, bu region ölkələri Rusiya-Türkiyə münasibətlərinin düzəlməsinə fərqli münasibət bildirməkdədirlər.
Suveren olmayan ölkənin sülhdən qorxusu: İrəvan təşviş içindədir
Azərbaycanın dövlət başçısı İlham Əliyevin bu məsələdə oynadığı müsbət rol haqqında KİV-də kifayət qədər məlumat verilib. Azərbaycan Prezidenti Ankara-Moskva əlaqələrinin bərpası ilə bağlı təqdirəlayiq addımlar atıb və bunu Türkiyə rəhbərliyi rəğbətlə vurğulayıb. Rəsmi Bakının bu mövqeyi başa düşüləndir. Azərbaycan regionda sülhün, barışın və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etməsində maraqlıdır. Regionun böyük dövlətləri arasında münasibətlər nə qədər yaxşıdırsa, bu, Bakını bir o qədər razı salır. Azərbaycan heç zaman düşmənçiliyi, ayrı-seçkiliyi və separatçılığı təqdir etməyib.
Bundan fərqli olaraq, Ermənistan iki ölkənin münasibətləri nizama salmasından dəhşətli dərəcədə narahatdır. Erməni analitiklər İrəvanın “pis duruma” düşdüyünü, Moskvanın onları “satdığını” (bunun nə demək olduğunu yalnız ermənilərin özləri bilir – Newtimes.az) vurğulayır, bütövlükdə Ankara-Moskva yaxınlaşmasını özləri üçün fəlakət sayırlar (bax: məs., Арам Аматуни. Выход Армении из российско-турецкого примирения / “1in.am”, 1 iyul 2016). Çünki Ermənistan suveren ölkə deyil. O, tamamilə Rusiyadan asılıdır. Bu səbəbdən də Moskva İrəvandan istədiyi kimi istifadə edəcək.
Türkiyə ilə yaxınlaşma fonunda isə Kreml Ermənistanın təhlükəsizliyininin müdafiəsində ardıcıl olmaya bilər. Erməni ekspertlər hesab edirlər ki, bu, daha çox geosiyasi əhəmiyyətli Türkiyə və Azərbaycan faktoru ilə bağlıdır. İqor Muradyan Rusiyanı batan gəmi adlandıraraq, onunla ortaq hava hücumundan müdafiə sistemi yaradan Ermənistanın suverenliyi necə saxlayacağı və milli təhlükəsizliyi hansı mexanizmlə təmin edəcəyinin məlum olmadığını vurğulayır (bax: Игорь Мурадян. Россия отступает? / “Lragir.am”, 1 iyul 2016).
Rəsmi Tbilisinin isə Rusiya-Türkiyə münasibətlərinin bərpasına münasibəti təmkinlidir. Gürcüstan üçün burada hər hansı təhlükənin olmadığı aydındır. Əksinə, Ankara qonşu dövlət üçün də faydalı addımlar ata bilər. Əslində, Türkiyə ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən təhlükəsizlik aspektində kifayət qədər geniş əlaqələr mövcuddur. Hətta rəsmi İrəvan Tbilisini bu məsələdə çox qabağa getməkdə ittiham edir.
Buna baxmayaraq, Gürcüstan rəhbərliyi praqmatik mövqe tutur və ölkənin təhlükəsizliyini əsas götürür. Gözləmək olar ki, rəsmi Tbilisi Türkiyə ilə Rusiya arasında əlaqələrin inkişaf etməsindən faydalanmağa çalışacaq. Eyni zamanda, Gürcüstan üçün əsas məsələ Aİ və NATO-ya üzvlükdür. Bu kontekstdə Tbilisi ayrıca Rusiya-Türkiyə münasibətlərinə elə də istiqamətlənməyəcək.
Yuxarıdakı informasiyalardan görünür ki, Ankara ilə Moskvanın yaxınlaşması Cənubi Qafqaza təsirsiz ötüşməyəcək. Ermənistan bundan narahat olduğundan, onun destruktiv mövqe tutmaqda davam etməsi gözləniləndir. İrəvan özü üçün situasiyanı xeyli mürəkkəbləşdirib. Regionda onun real olaraq əməkdaşlıq edə biləcəyi ölkə qalmayıb. İran çətin ki, Rusiya və Türkiyənin yerinə Ermənistanı seçsin. Bundan başqa, İranın Qərblə münasibətləri sona qədər aydın deyil.
Ermənistanın Avropaya üz tutması ehtimalı sıfıra yaxındır. Ona görə yox ki, ermənilər bunu istəmirlər. Əksinə, hazırkı vəziyyətdə Qərblə əməkdaşlığı çox arzulardılar, lakin Rusiya buna imkan verməz. İrəvan Kremlin icazəsi olmadan bir addım belə ata bilməz. Məhz buna görədir ki, erməni ekspertlər “suverenlik yoxdur” yazırlar.
Beləliklə, Ermənistan faktoru Rusiya-Türkiyə yaxınlaşması fonunda Cənubi Qafqaz üçün ən təhlükəli mənbə olaraq qalır. İrəvan bütövlükdə regionda suları bulandırmaq üçün hər an təxribatlara əl ata bilər. Dağlıq Qarabağda vəziyyəti gərginləşdirməyə cəhdlər edər. Hər şey burada Ankara ilə Moskvanın əməkdaşlıqda nə dərəcədə səmimi olacaqlarından asılıdır. Əgər real olaraq qarşılıqlı surətdə maraqlar gözləniləcəksə, münaqişənin həlli imkanları genişlənə bilər. Cənubi Qafqaz üçün tarixi şans yaranar. Türkiyə və Rusiya bu fürsəti əldən verməməlidirlər.