Rus-türk barışığının yeni detalı: Qarabağ düyününün çözümsüzlüyü
ABŞ dövlət katibi Con Kerri Gürcüstana rəsmi səfərə gəlib.
Strateq.az xəbər verir ki, dünən ilk görüşünü Gürcüstan xarici işlər naziri Mixail Janelidze ilə keçirən Kerrinin bu gün ölkə prezidentilə bir araya gəlməsi gözlənilir. Daha sonra o, Ukraynaya yollanacaq.
Gürcüstan xarici işlər naziri Mixail Janelidze ilə dünənki görüşündə müzakirə olunan məsələlər və görüşdən sonra verilən açıqlamalar ABŞ rəsmisinin səfərinin altında yatan niyyətlərə işıq tutur. Məlumata görə, görüşdə Gürcüstanın ərazi bütövlüyü və ölkənin NATO-ya inteqrasiyası əsas müzakirə predmetinə çevrilib. Təsadüfi deyil ki, görüşdən sonra Con Kerri Rusiyaya qarşı olduqca ağır ittihamlarla çıxış edərək bildirib: “Gürcüstanın ərazi bütövlüyünə qarşı rus işğalının və militarizmin nəticələri qəbul edilə bilməz. Biz Rusiyanı yenidən 2008-ci ildə imzalanan atəşkəs sazişinin maddələrinə əməl etməyə çağırırıq. Bu maddələr əsgərlərin 2008-ci ildən əvvəli mövqelərə çəkilməsi və bölgədəki insanlara kömək üçün bütün maneələrin ortadan qaldırılmasını ehtiva edir”.
Kerri Gürcüstan-NATO münasibətləri ilə bağlı öz mövqeyini də gizlətməyib. O, sözügedən inteqrasiyanı dəstəklədiklərini, Varşavada bu yaxınlarda keçiriləcək NATO zirvəsində də eyni mövqeyi sərgiləyəcəklərini və Gürcüstanın əvvəl-axır ittifaqa üzv olacağına inamını dilə gətirərək deyib:
“Gürcüstan ordusunun müdafiə qabiliyyətini artıracaq təchizat avadanlıqları almaq maddələrini ehtiva edən memorandum imzaladığımızı yüksək qiymətləndiririk”.
Göründüyü kimi, cənab Kerrinin Gürcüstana səfərinin başlıca məqsədi NATO-nun Rusiyaya doğru irəliləməsinin növbəti mərhələsinə keçidlə bağlıdır. Bu zamana qədər Baltik və Balkan ölkələrini öz tərkibinə alan və yeni ərazilərdə “bəndi-bərəni” möhkəmlədən ABŞ indi daha dərinlərə müdaxilə etmək istəyir. Xüsusilə Qara dəniz sahillərində yerləşən Ukrayna və Gürcüstanın hədəf olaraq seçilməsi isə təsadüfi deyil. Bu ölkələr də NATO-nun qoruması altına keçsələr, Rusiyanın dünya hegemonluğunun açarı kimi baxdığı Qara dənizdə manevr imkanları məhdudlaşacaq və Moskva öz qınına çəkilmiş vəziyyətə düşəcək.
Sözsüz ki, bu münasibətlər ilk baxışdan ABŞ-Rusiya arasındakı qlobal çəkişmələrin mövzusu olduğundan bizim üçün böyük əhəmiyyət kəsb etməyə bilər. Məsələnin dərinliyinə nüfuz edəndə isə Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının bizə də müəyyən dəxli olduğunu görərik.
Məsələ burasındadır ki, biz də Ukrayna və Gürcüstan kimi torpağı rus işğal siyasətinin qəzəbinə uğramış ölkələrdənik. Hətta onlardan fərqli olaraq, Azərbaycan bu işğal siyasətinin daha ağır bədəllərini ödəyib, mübarizədə minlərlə, onminlərlə insanını itirib, əsrlər boyu böyük əraziləri əlindən qoparılıb, yüzminlərlə vətəndaşı öz ata-baba torpaqlarından didərgin düşüb. Adı erməni separatizminin öz müqəddaratını həll etmək davası qoyulsa da, Qarabağ konfliktinin arxasında rusların dayandığını heç Rusiya da inkar etmirlər. “Qarabağın açarı Moskvanın əlindədir” iddiasına Kreml dəfələrlə haqq qazandırıb.
Belə bir vəziyyətdə NATO-nun Varşavada keçirilməsi gözlənilən son toplantısında Qarabağ məsələsinin gündəmə gətirilməməsi və bu konfliktin rus işğal siyasətinin ağır nəticələrinə şamil olunmaması böyük qəbahətdir. Əlbəttə, bu qəbahətdə bizim xarici siyasət idarələrimizin bəsirətsizliyi də az rol oynamayıb. NATO-ya inteqrasiya məsələsindəki istəksizliyimiz, Qərbin şərt olaraq irəli sürdüyü demokratləşmə prosesinə laqeydliyimiz, Rusiyanı qıcıqlandırmamaq üçün problemi olduğu kimi beynəlxalq ictimaiyyətə çatdıra bilməməyimiz ən böyük milli ağrımızın dünya gündəmindən kənarda qalmasının başlıca səbəblərindəndir.
Bununla belə, Qərbin Qarabağ məsələsinə ikili standartlardan yanaşması da bizim çəkingənliyimizin əsasını təşkil edir. Xüsusilə son 4 günlük müharibə əsnasında Qarabağ konfliktinə bütün beynəlxalq güclərin eyni pəncərədən baxdığının şahidi olduq. Avropa və ABŞ diplomatları açıq şəkildə bəyan etdilər ki, Qarabağ konflikti həm Rusiyanın, həm də Qərbin eyni mövqedən çıxış etdiyi və uzlaşdığı yeganə məsələdir.
Səhv anlaşılmasın, yazı müəllifi oxuduğunuz fikirləri dilə gətirərkən, heç də NATO-nu bizim dərdimizə laqeyd qalmaqda günahlandırmaq fikrində deyil. Adama deyərlər; axı siz nə zaman Ukrayna və Gürcüstan kimi Qərbin yanında dayandınız ki, biz də sizi müdafiə etmədik? Sizdən daha çox Ermənistan Qərbə inteqarsiya xəttini tutdu, daha demokratik mövqe sərgilədi. Halbuki, sizin torpaqları əlinizdən alıb ermənilərə hədiyyə edən indi həşir-nəşir olduğunuz Rusiya idi. Biz isə ən azı Türkiyə sayəsində sizə daha yaxın idik. Siz demokratikləşmək istəmədiyiniz üçün düşmən qapısında dayanmağı tərcih etdiniz. Bu durumda biz “fədakar” erməniləri bir kənara atıb sizə necə dəstəkləyə bilərik?
Bəli, Qərb rahatlıqla bu minnəti üzümüzə çırpa bilər və kifayət qədər haqlı görünərlər. Odur ki, mənim sözümün yönəldiyi ünvan Qərb yox, özümüzünkülər və Rusiyadır. Zənnimizcə, rəsmilərimizin NATO-ya və Qərbə bütün qapıları bağlayaraq, Rusiya qarşısında geriyə körpüləri yandırılmış vəziyyətə düşməsini anlamaq mümkün deyil.
Eynilə Rusiyanın küncə sıxışdığı indiki zamanda müttəfiqlik ideyalarına bu qədər saxta, özündənmüştəbeh, riyakar yanaşma tərzi sərgiləməsi də başadüşülən olmaqdan uzaqdır. Axı bu gün işə yarayan yalançı dostluq mesajları, qurulan ikitərfəli saxta əlaqələr sabah sabun köpüyü kimi dağılmağa məhkumdur. Nə qədər ki, Rusiya öz təbii müttəfiqlərinə barmaqarası baxacaq, onların idarə olunmasında diktə rejimlərini dəstəkləyəcək, süni milli konfliktlər yaradaraq regionu əlində saxlamağa çalışacaq, bir o qədər də ətraf coğrafiyalardakı rejimlərlə arasında böyük məsafələr və uçurumlar yaranan region xalqlarının düşməni olaraq qalacaq.
Rusiya özünün mövcudluğu və bölgənin stabilliyi üçün ilk növbədə öz siyasətini dəyişməlidir. Yalnız hərbi güclə, yumruqla regional lider olmağın mümkünsüzlüyünü anlamalıdır. Ümumiyyətlə, regional liderlik ideyasından vaz keçməyi bacarmalı, bərabərhüquqlu münasibətlər qurmaq kursunu mənimsəməlidir. Anlamalıdır ki, bərabərhüquqlu parçalardan formalaşan böyük birliklər yalnız dünya hegemoniyasını doğura bilər. Başqa ifadə ilə desək, Moskva evdə xoruzluq etdiyi müddətcə, çöldə fərə olmaqdan canını qurtara bilməyəcəyini başa düşməlidir. Başa düşməlidir ki, dünyadakı xoruzluğun yolu evdəki fərəlikdən keçir.
İnsafən, bu həqiqətin artıq Kreml tərəfindən də dərk olunduğu hiss edilir. Son zamanlar Rusiyanın Türkiyəylə münasibətlərini yenidən bərpa etmək üçün kiçik bir bəhanə axtardığı ortaya çıxdı. Rəcəb Tayip Ərdoğanın türkcə yazdığı “kusura bakmayın” ifadəsini Putinin rusca “извините” kimi dərk etməsi də bunu təsdiqləyir.
Fəqət böyük bir missiya üçün yola çıxanlar sadəcə dərk etməklə kifayətlənməməli, dərk etdiklərini həyata keçirməyə çalışmalıdır. Rusiya anlamalıdır ki, onu da, türk dünyasını da dünyanın ən böyük gücünə çevrilməsinin yolu təkcə Türkiyə ilə münasibətlərini düzəltməkdən keçmir. Əksinə, Türkiyə-Rusiya arasındakı sağlam bir ittifaqın qurulması onun türk dünyası ilə münasibətlərdən asılıdır. Bu gün dünya dövlətləri tərəfindən sıxışdırılan hansısa bir liderin düşdüyü çətin vəziyyətdən yararlanaraq qurulan münasibətlərin alt bazisi olmasa, bu bağlantı da sabah əldən çıxa bilər. Ən möhkəm əlaqə isə region xalqlarının rəğbətini qazanmaq, onların zorla əllərindən alınan haqqlarını özlərinə qaytarmaq, yalnız bundan sonra dostluq münasibətləri qurmaqdır. Qarabağ konfliktinin ədalətli həlli də alt bazislərdən birini təşkil edir.
Nə yazıq ki, Rusiya özünün və türk xalqlarının dünya hegemonluğu yolunda fundamental əsaslara çevrilə biləcək dayaqlar yaratmır, sadəcə tələm-tələsik müəyyən addımlarla öz işini yürütməyə çalışır. Onun Türkiyəylə əlaqələrini yenidən bərpa etməyə çalışması da bu qəbildəndir.
Bu addımın özəlliklə NATO-nun Varşava sammitindən öncə atılması da haqqında danışdığımız ehtimalı qüvvətləndirir. Belə təəssürat yaranır ki, Rusiyaya sammitdən əvvəl Türkiyəni qazanmaq lazım idi. Bəlkə də ona görə ki, özünə qarşı çıxarılacaq hər hansı bir qərarda Ankaranın veto haqqından istifadə edəcəyinə inanırdı. Hətta o da mümükündür ki, Rusiya “qanlı bıcaq” olduğu Türkiyənin bu sammitdə rus işğalına məruz qalan Abxaziya, Krım, Şərqi Ukrayna bölgələri kimi Qarabağ məsələsini də qaldıra biləcəyini düşünürdü. NATO-nun yaxın gələcək planına Azərbaycan adının salınmaması üçün də Putinə Ərdoğanla münasibətlərini düzəltmək sərf edirdi.
Amma liderlərin bu “dostluqları” xalqlar arası ittifaqa çevrilə biləcəkmi?
Nə yazıq ki, sağlam əsaslara söykənmədikcə, arzulanan münasibətlərin perspektivi qətiyyən işıqlı görünmür…