Dünya Qarabağda müharibə istəmirsə…
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq Ermənistan tərəfi atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi üzrə danışıqların intensivləşdiyi bir vaxtda Ermənistanın atəşkəs rejimini pozması qarşı tərəfin işğalçı niyyətlərini bir daha isbatladı.
Bəs, Ermənistanın üçtərəfli razılaşmanı pozması və danışıqlara zidd hərəkətlər etməsi nəyə eyham vurur?
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyib ki, danışıqların davam etməsinə baxmayaraq pozucu addımları ilə öz mahiyyətində qalır. “Ermənistan öz xəttindən geri çəkilmək istəmir. Danışıqlar getsə də, razılaşmalar əldə olunsa da Ermənistan hərbə əl atır. Müharibə dövründə şəhidlərin olması təbiidir. Allah hər birinə rəhmət etsin! Amma atəşkəs dövründə verilən şəhidlər on qat ağırdır. Bu münaqişə yalnız müharibə yolu ilə həll edilə bilər. Ermənistanın xəyanatkarcasına atəşkəsi pozması başqa bir yolun olmadığını göstərir”, – deyə Akif Nağı bildirib.
Təşkilat rəhbəri deyib ki, əgər böyük dövlətlər və beynəlxalq təşkilatlar müharibənin olmasını istəmirlərsə, Ermənistan təzyiq etməlidirlər.
Cəbhənin Ağdam istiqamətindən xəbər verən ANS TV-nin bölgə müxbiri Ramil İbrahimov deyib ki, Ermənistan tərəfinin danışıqlar prosesini pozmasına cəbhə xəttində yaşayan insanlar da öz kəskin etirazlarını bildiriblər.
“20 ildən artıqdır ki, ATƏT Azərbaycan xalqına münaqişənin həllində heç bir irəliləyiş göstərməyib. Aprel döyüşlərindən sonra qısa müddətdə sülh danışıqları oldu. Bu gün bir şəhid verdik. Allah rəhmət etsin! Bu münaqişə sülhlə həll olan deyil. Biz hamımız silah götürüb döyüşə getməliyik”, – deyə Ağdərə rayonundan olan məcburi köçkün Rafiq Hüseynov bildirib.