Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin direktoru Mariya Zaxarova səfərdə olduğu İrəvanda faşizm əleyhinə bəyanat səsləndirib.
ANS PRESS-in məlumatına görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin şurasının iclası çərçivəsində İrəvanda səfərdə olmuş Mariya Zaxarova Ermənistan “1in.am” kanalına müsahibəsində erməni faşisti Qaregin Njdeyə heykəl qoyulması ilə bağlı verilən suala cavabında nasizmin qəhrəmanlaşdırılmasına qarşı olduğunu bildirib və bu məsələdə ikili standartlara yol verməyi mümkünsüz sayıb.
Mariya Zaxarova Qaregin Njdenin heykəlinin qoyulması ilə bağlı verilən suala cavab vermək istəməyib və bunu Ermənistanın daxili işi sayıb. Qaregin Njdeni faşist sayıb-saymadığı barədə verilən suala isə cavabı çox kəskin olub:
“Düşünürəm, Ermənistanın bu gün müzakirə üçün daha aktual problemi var – Qarabağ münaqişəsinin həlli. Biz indi bütün səylərimizi Qarabağ münaqişəsinin həllinə yönəldirik ki, münaqişənin dinc yolla həlli üçün Rusiya və Ermənistanın mövqeləri yaxınlaşsın”.
Mariya Zaxarova bildirib ki, münaqişənin nizamlanmasının uzanması dinc əhali üçün təhlükə mənbəyinə çevrilib.
Beləliklə, dünən Mariya Zaxarovanın Qaregin Njdeyə heykəl qoyulması ilə barədə dediklərini təkzib edən erməni mətbuatı Rusiya XİN təmsilçisinin müsahibəsini bu gün yenidən tam versiyada dərc etməyə məcbur olub. Görünür, bu addım fikirləri yenidən təhrif edilmiş Mariya Zaxarovanın tələbi ilə atılıb. Yəni Qaregin Njde barədə suala cavab vermək istəməyən Zaxarova faşistlərlə əməkdaşlıq etmiş erməni siyasətçi barədə fikrini dəyişmədiyini bir daha sübut edib.
Prezidentlərin növbəti görüşü barədə suala cavab verən Rusiya XİN-in rəsmisi deyib ki, münaqişə tərəfləri özləri bu məlumatı təqdim etməlidirlər.
“Mən deyə bilərəm ki, Rusiya tərəfinin mövqeyi bir məqsədə yönəlib – tezliklə bu münaqişəni sülh yolu ilə həll etmək. Biz bunun üçün əlimizdən gələni edirik”, – deyə Mariya Zaxarova bildirib.
Rusiyanın Sankt-Peterburq görüşünü keçirməklə münaqişənin nizamlanmasını öz əlinə almaq istədiyi barədə fikirlə Zaxarova razılaşmadı: “Bütün həmsədrlərə görüş barədə lazımınca məlumat verilib”.