Ermənistan müxalifəti anti-Rusiya aksiyası keçirəcək
“Ermənistan xalqı Rusiyanın və ATƏT-in Minsk Qrupunun hərəkətlərinə qarşıdır”, – bunu bu gün jurnalistlərə “Milli müqəddəratını təyinetmə” birliyinin başçısı Paruyr Ayrikyan deyib.
Virtualaz.org erməni mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkə əhalisi 8 iyul aksiyasında öz etirazını bildirəcək.
“Rusiya silah, o cümlədən kütləvi qırğın silahı satır. Bu səbəbdən də, münaqişənin kəskinləşməsinə şərait yaradır, onun ATƏT MQ-dəki rolu dağıdıcıdır və əsl vasitəçilik missiyasına, Qarabağ münaqişəsinin həllinə yönəlməyib”, – Ayrikyan deyib.
Rusiya-Türkiyə münasibətlərinin hazırkı vəziyyəti barədə suala cavab verən Ayrikyan bildirib ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlər hər zaman ermənilərin hesabına inkişaf edib.