Azərbaycan aviasiyası Ermənistanı əzəcəkmi…
Bu günlərdə Ermənistanda gərgin polemikalar şəraitində Rusiya ilə vahid Havadan Müdafiə Sisteminin yaradılmasına dair sazişi ratifikasiya etdilər. Ermənistanda bu sazişin ratifikasiyası azsaylı qərbmeylli qrupların etirazları və parlamentdə müxalifyönümlü deputatların ölkənin suverenliyinin qoyulduğ tabuta sonuncu mismarın vurulduğu haqda çıxışları ilə müşaiyət olundu.
Hökumət isə sübut etməyə çalışdı ki, bu saziş Ermənistana vacibdir. Çünki Ermənistanın özünün vaxtaşırı olaraq böyük vəsaitlər xərcləyib havadan müdafiə sistemlərini yeniləməyə imkanı yoxdur. Mövcud vasitələr isə sürətlə köhnəlir, çünki texnologiya sürətlə inkişaf edir.
Üstəlik müdafiə naziri Seyran Ohanyan parlamentdə əmin etdi ki, vahid havadan müdafiə sisteminin Ermənistandakı komponentləri üzərində əmr vermək səlahiyyəti onlarda olacaq. Yəni Ermənistanın hava məkanına hər hansı müdaxilə olsa müdafiə naziri və Baş qərargah rəisi Moskvanın icazəsini gözləmədən bu vasitələri işə salacaq. Hərçənd ki, sazişin əleydarlarının buna ciddi şübhəsi var.
Azərbaycanda da Ermənistanın Rusiya ilə vahid havadan müdafiə sistemi yaratmasını diqqətlə izləyirlər, ancaq xüsusi ajiotajın olmadığını da qeyd etmək lazımdır. Görünür ona görə ki, Azərbaycan Ermənistana hava müdaxiləsini planlaşdırmır və onun aviasiyası mümkün hərbi əməliyyatlar zamanı ancaq işğal altındakı ərazilərdəki düşmən hədəflərini vuracaq.
Bununla belə gazeta.ru-da dərc edilmiş məqalədə ekspertlərə istinadən deyilir ki, Bakı hər halda narahatdır. Çünki ehtimal edir ki, Ermənistan Rusiya komandanlığını aldadıb onu Azərbaycan təyyarələrini vurmağa yönləndirə bilər. Lakin sazişin Ermənistanın vahid havadan müdafiə sisteminin köməyi ilə Azərbaycan təyyarələrini Qarabağ üzərində hədəfə almaq səlahiyyəti vermir. Bu, ancaq Azərbaycan təyyarələrinin Ermənistan hava sahəsinə daxil olması halında mümkün ola bilərdi.
Bəs mümkün hərbi əməliyyatlar zamanı Ermənistan aviasiyası Qarabağa istiqamət alsa və döyüş əməliyyatlarına qatılsa Azərbaycan necə hərəkət edəcək? Hərb qanunlarına görə bu halda Azərbaycan aviasiyasının hücum edən düşmən aviasiyasına onun bazalarında hücum etməyə ixtiyarı var. Deməli saziş məntiqi baxımdan o zaman Ermənistanı müdafiə edə bilər ki, bu ölkə özü Azərbaycana havadan hücum etməsin.
Əgər Ermənistan Azərbaycana havadan hücum edib Rusiyanın HHM sisteminin çətiri altında gizlənəcəksə Bakının cavab zərbələrindən yayına bilməyəcək. Bununla belə ekspertlər hesab edir ki, Azərbaycan Ermənistandakı bazaları vurmaq üçün hökmən aviasiyadan istifadə etməyə məcbur deyil. Bunun üçün uzaqmənzilli dəqiq silahlar var və onların köməyi ilə Ermənistan ərazisindəki istənilən hərbi obyekti vurmaq mümkündür.
Rusiyanın MDB İnstitutunun direktor müavini Vladimir Yevseyev (bu ekspert ənənəvi olaraq erməniyönümlü şərhləri ilə tanınır) deyir ki, Ermənistan onsuz da Rusiyanın HHM sistemlərinin arxasında gizlənmişdi. Çünki Rusiya HHM qüvvələrinin elementləri Ermənistan ərazisində yerləşir.
“Əgər hərbi təyyarələr Ermənistan hava məkanına daxil olarsa biz onları vura bilərik”-Yevseyev deyir. Onun fikrincə, bu məqam müəyyən qarantiya verir ki, Qarabağda müharibə zamanı tərəflərin heç biri döyüş aviasiyasından istifadə etməyəcək.
Aprel döyüşləri zamanı Azərbaycan doğrudan da aviasiyadan istifadə etmədi, yaxud bir neçə döyüş vertolyotları ilə xüsusi təyinatlılara hava dəstəyi verməklə kifayətləndi. Aviasiyadan minimal istifadə heç də Rusiyanın HHM sistemlərinin işə düşə biləcəyi ilə bağlı deyildi, sadəcə olaraq hərbi əməliyyatların miqyası və qarşıya qoyulan vəzifələr məhdud idi. İrimiqyaslı hərbi əməliyyatlarda isə Azərbaycan aviasiyası ciddi arqumentə çevrilə bilər. Çünki bu sahədə Azərbaycan Ermənistan üzərində əzici üstünlüyə malikdir.
Yevseyev isə iddia edir ki, Dağlıq Qarabağ Ermənistan radarları ilə izləndiyinə və məsafənin kiçik olduğuna görə Azərbaycan aviasiyası aprel döyüşləri zamanı Ermənistandakı Rusiya HHM qüvvələrini qızışdırmaq istəmədi. “Bu, mühüm amildir. Çünki Azərbaycan nəzəri olaraq Ermənistanı döyüş aviasiyası ilə əzmək gücündədir”-Yevseyev gazeta.ru-ya deyir.
Azərbaycandan hərbi ekspert İlham Ağalarov isə virtualaz.org-a açıqlamasında deyir ki, Yevseyev bu məsələdə haqlıdır. Azərbaycan HHQ-i ermənilərin HHM sisemini dəf etməkdə və düşmənə ciddi zərbə vurmaqda çətinlik çəkməyəcək. Lakin Qarabağda mümkün döyüş əməliyyatları zamanı hərbi aviasiyadan geniş istifadə etməyə ehtiyac yoxdur. “Söhbət ayrı-ayrı dəqiq zərbələrdən gedə bilər ki, oradakı dinc əhali zərər çəkməsin”-ekspert deyir.
Aviasiya sahəsində rusiyalı ekspert Vadim Lukaşeviç də bu fikirdədir ki, birləşmiş HHM sistemi Ermənistanı hava hücumlarından qoruyacaq. O cümlədən Azərbaycan aviasiyasının hücumlarından. “Əgər münaqişə yenidən qızışsa Azərbaycan daha az əlverişli mövqedə olacaq. Çünki Ermənistan Rusiya ilə vahid havadan müdafiə sisteminə daxil olub. Ancaq başqa məsələdir ki, Azərbaycan ümumiyyətlə Ermənistana hücum etməyə hazırlaşırmı? Əgər hərbi əməliyyatlar ancaq Qarabağla məhdudlaşacaqsa məhz Moskva düşünməli olacaq ki, vahid HHM sistemini işə salsın, ya yox”-ekspert haqqin.az-a açıqlamasında deyib.
Ermənistanda isə şübhə edirlər ki, vahid havadan müdafiə qüvvələri İrəvanın əmri ilə hərəkət edəcək. “Siz deyirsiniz ki, burada Rusiyanın qırıcıları var və zərurət yaransa biz onlardan istifadə edə bilərik. Əgər Rusiya eskadrilyasına Ermənistan HHM komandanlığı əmr versə ki, havaya qalxsın, Rusiyadan müvafiq əmr gəlməsə təyyarələr havaya qalxacaq, ya yox?”-müxalif deputat Nikol Paşinyan sazişin ratifikasiyası zamanı parlamentdə sual edib.
Paşinyana birmənalı cavab verən olmayıb. Ancaq görünən odur ki, bu sazişlə Ermənistan Rusiyanın forpostu kimi statusunu daha da möhkəmləndirib və onsuz da kağız üzərində qalan suverenliyi ilə vidalaşıb. Ermənistandakı Rusiya bazası və HHM sistemləri isə bu ölkəni qoruya bilər, ancaq Ermənistan özü Azərbaycana birinci hücum edib Rusiya çətiri altında gizlənməyə cəhd etsə necə? Bu sual açıq qalır.(virtualaz.org)