Ermənistan baş prokurorluğu aprel döyüşləri barədə açıqlama verdi
Bir neçə yüksək rütbəli hərbi qulluqçu həbs olundu, geniş araşdırma aparılır
Ermənistan mətbuatında Ermənistan Respublikasının Baş prokurorluğu tərəfindən cari ilin aprel ayında Dağlıq Qarabağ ərazisində baş verən müharibənin araşdırılması üçün yaradılmış komissiyanın nəticələri barədə xəbərlər yer almışdır. Belə ki, baş prokurorluğun apardığı araşdırma zamanı bir neçə nəfər yüksək rütbəli hərbi qulluqçu istintaqa cəlb olunaraq barələrində həbs qəti imkan tədbiri seçilmişdir. Məlum olmuşdur ki, təmas xətti boyu dislokasiya olunmuş hərbi hissələrin mövqeləri təlimata uyğun hazırlanmamışdır. Qoşunların müdafiə xəttinin düzgün qurulmaması, düşmən artilleriya atəşindən qorunmaq üçün sığınacaqların olmaması və ya mövcud sığınacaqların standartlara cavab verməməsi səbəbindən döyüş itkilərinin sayı artmışdır. Həmçinin araşdırma zamanı təmas xətti boyu bölmələrdə hərbi qulluqçuların döyüşə hazırlıq səviyyəsinin aşağı olması silah-sursatın çatışmazlığı, ərzaq və digər təminatın aşağı səviyyədə təşkil olunduğu üzə çıxmışdır.
Xəbərdə komissiyanın hazırladığı geniş açıqlamanın ictimaiyyətə acıqlanacağı qeyd olunub.
Qeyd edək ki, aprel döyüşlərində Ermənistan rəhbərliyi itkilərinin bir hissəsini ictimaiyyətdən gizlətməyə çalışsa da Helsinki Assanbleyasının Ermənistan ofisi, digər QHT və müstəqil exspertlər Ermənistan ordusunun mövcud vəziyyətini aşkara çıxarıb və bunu öz hesabatlarında qeyd etmişlər. Bu hesabatlarda hazırki müdafiə naziri Seyran Ohanyanın orduya rəhbərlik etmək səriştəsinin olmaması və zamanın çox hissəsini hakimiyyətin digər nümayəndələri ilə intriqalara sərf etdiyi qeyd olunur.