Ermənistan yeni çevrilişin astanasında:Koçaryanın adamları fəallaşır
Bu il aprelin əvvəllərində cəbhədə baş verən məlum hadisələrdən sonra Ermənistan rəhbərliyinin xalq arasında mövqeləri əhəmiyyətli dərəcədə sarsılıb. Həm indiki Ermənistan iqtidarına, həm də onun nəzarətində olan Dağlıq Qarabağın separatçı rejiminə erməni cəmiyyətində yaranan narazılığın miqyasının daha da genişlənməsi müşahidə olunur. Belə vəziyyətdə çevrilişə cəhd edən ermənilərin sayı artır.
Proseslərin gedişindən belə görünür ki, çevrilişə ilk cəhd işğal altındakı separatçı rejimdən başlana bilər. Hər halda, qondarma “DQR”in keçmiş “müdafiə naziri”, bu günlərdə müəmmalı şəkildə Moskvadan Yerevana dönən, buradan da Qarabağa gələn Samvel Babayanın və tərəfdarlarının atdığı addımlar bu qənaətə gəlməyə əsas verir.
Bundan əvvəl isə Samvel Babayan Ermənistan mediasına müsahibəsində aprel döyüşləri zamanı Azərbaycan Ordusunun iki briqadasının cəmi bir saata ermənilərin müdafiə xəttini yardığını deyib. O bildirib ki, Ermənistan nə insan, nə də maddi resurslara görə Azərbaycanla ayaqlaşa bilməz və bu gedişlə Azərbaycan əsgərləri gəlib Yerevanda çay içəcəklər.
Qarabağa gələn Samveli burada yüzlərlə tərəfdar qarşılayıb və onun separatçı rejimdə yenidən “vəzifəyə” gətirilməsi tələb olunub. Aksiyaçılar separatçı rejimin rəhbəri Bako Saakyandan Babayanı qəbul etməyi və “müdafiə naziri” vəzifəsini ona verməyi tələb ediblər. Lakin Yerevandan gələn göstərişdən sonra Samvel Babayanın tərəfdarlarına qarşı güc tətbiq edilib və onlar fiziki zorakılığa məruz qalıblar.
Babayanın tərəfdarı, deputat Ayk Xanumyanın döyülməsi isə daha geniş rezonans doğurub. Bildirilir ki, Samvel Babayanın Qarabağa qayıtmasını geniş işıqlandıran və sabiq xarici işlər naziri Vardan Oskanyana bağlı olan “CivilNet” saytının əməkdaşı Xanumyanla “Ermənistan” otelində müsahibə almaq üçün görüşməliydi. Deputat otelə çatanda hərbi geyimli bir neçə nəfər onu saxlayıb, maşına oturdub və naməlum istiqamətə aparıb. Jurnalist bu səhnəni mobil telefonla çəksə də, hərbi geyimlilər telefonu əlindən alıblar və kadrları siliblər.
Digər iddiaya görə, Xanumyan “dördgünlük müharibə”dən sonra qondarma rejimi sərt tənqid etməyə başlayıb. Hətta Serj Sarkisyanın işğal olunmuş Qarabağətrafı rayonları güzəştə getməklə bağlı təkliflərinin qəbul edilməsinin tərəfdarı kimi çıxış edib. Bu da ona baha başa gəlib. Burada bir vacib məqamı da qeyd edək ki, Xanumyan həm də Ermənistanın sabiq prezidenti Robert Koçaryana yaxın adamdır. Koçaryan mövqelərini gücləndirmək üçün Sarkisyanın Dağlıq Qarabağdakı əsas adamı olan Bako Saakyanı zərərsizləşdirməyə, bu da olmasa, onun siyasi aktivliyini minimum səviyyəyə endirməyə çalışır.
Samvel Babayanın separatçı rejimdə təmsil olunmasının arxasında da məhz Robert Koçaryanın durduğuna dair erməni mediasında iddialar gəzir. Babayanın Ermənistanda müsahibələrinin dərc olunduğu kütləvi informasiya vasitələri də Koçaryan tərəfindən maliyyələşdirilir.
Bu səbəbdən də Dağlıq Qarabağdakı separatçı rejim və eləcə də Yerevan Babayanı ciddi təhlükə hesab edərək onun yenidən hakimiyyəti ələ almaq səylərinə güc yolu ilə cavab verir. Çünki əslində, Serj Sarkisyan iqtidarı da bilir ki, separatçı rejimi nəzarətdən buraxsa, onda mövqeləri daha da zəifləyəcək və çox qısa müddətdə devriləcək. Samvel Babayan isə ona qarşı kampaniyanın mahiyyətini anlamadığını bildirir: “Mən Qarabağa hansısa siyasi post tutmaq üçün gəlməmişəm, keçmiş vəzifələrim məni maraqlandırmır”.
Babayan onu da bəyan edib ki, ölkəsində lazımi silahların alınması üçün vəsait yoxdur: “Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilirəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirirəm. Eyni zamanda onu da bilirəm ki, bu vəsaitlərin tapılması mümkündür. Bunun üçün isə onların öz üzərindəkilərə yüngülcə boylanması lazımdır”.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan İsrailin raket hücumundan müdafiə sisteminə malikdir: “Əgər bir nəfər desə ki, dünyada bu cür sistemə malik olan üç ölkə var, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sisteminə malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyin görək kim köhnəlib? Mən, ya onlar? Əgər onlar belə adi şeyləri belə bilmirlərsə, daha nə barədə danışaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Amma əgər bilir və aldadırlarsa, deməli, onlar parazitlərdir”.
O bildirib ki, Azərbaycan böyük miqdarda silahlar alır və müharibəyə hazırlaşır: “Qarşı tərəf artilleriyaya, raket və hərbi-hava qüvvələrinə xüsusi diqqət yönəldir ki, bununla da təmas xəttindəki erməni mövqelərini, habelə şəhərlərini və kəndlərini yerlə bir edə bilər”.
Beləliklə, baş verənlər göstərir ki, Samvel Babayan Dağlıq Qarabağ kartı vasitəsi ilə Ermənistanda yeni siyasi oyunun fəal iştirakçısına çevrilib. Bu oyun isə Ermənistanda yeni çevrilişin baş verə biləcəyini qətiyyən istisna etmir.
Elçin Cəfərov
Newtimes.az