Rusiya kanalında Dağlıq Qarabağ müzakirəsi – Ermənilər susduruldu
İyunun 20-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın növbəti görüşü günü Rusiyanın “+Царьград+” kanalının “Русский ответ” verilişində Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələrinin iştirak etdiyi proqram təşkil olunub.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Rusiya siyasi rəhbərliyinin problemin həlli istiqamətində mövqeyinin müzakirəsində azərbaycanlı politoloq Adgözəl Məmmədov iştirak edib.
Verilişlə bağlı fikirlərini atv.az-la bölüşən politoloq bunları dedi:
“Verilişdə erməni tərəfi azərbaycanlılar ilə ermənilər arasında tarixi bir düşmənçiliyin olduğunu bildirdi. Erməni politoloq azərbaycanlıları azərbaycanlı kimi yox, türk kimi tanıdıqlarını, erməni millətində isə türklərə qarşı nifrət hissi olduğunu qeyd etdi. Bu sözlərin hansı siyasi oyun üçün deyildiyi aydın idi. Onlar Rusiya ictimaiyyətini çaşdırmaq istəyirdilər ki, biz heç cürə Azərbaycanla dil tapa bilməyəcəyik. Çox maraqlıdır, Rusiya tərəfinin nümayəndəsi erməni tərəfinin nümayəndəsinin səsləndirdiyi fikirlərlə razılaşmadı.
Mən orada qeyd etdim ki, Azərbaycan uzun illərdir Dağlıq Qarabağ probleminin həllinin gözləntisindədir. Biz tarixi ədaləti bərpa etmək istəyirik.
Rusiya ictimaiyyətində hər iki tərəfin bu cür fikirlər səsləndirməsi, əlbəttə, rus cəmiyyətində ədalətli sülhün tərəfdarının Azərbaycan olduğunu göstərdi”.