Alban abidələrinə görə Papaya müraciət olunacaq
Roma papası Fransiskin 24-26 iyun tarixində Ermənistana gözlənilən səfəri ermənilər tərəfindən dağıdılan alban abidələrinin bərpası və qorunması məsələsini gündəmə gətirib.
Bununla bağlı Papaya müraciət olunacağını deyən Alban-udi Xristian İcmasının sədri, geoloq Robert Mobili Publika.az-a bildirib ki, Azərbaycan və Ermənistan ərazilərində mövcud olan qədim alban abidələrinin ermənilər tərəfindən dağıdılması, saxtalaşdırılması Alban-udi Xristian İcmasını da ciddi narahat edir: “Biz Alban abidələrinin qorunması ilə bağlı Roma papasına mütləq məlumat verməliyik. Mən Vatikanda keçirdiyimiz tədbirdə də demişdim ki, Cənubi Qafqazda qədim alban abidələri mövcuddur və Azərbaycan bu maddi mədəniyyət irsinin varisidir. Eyni zamanda demişdim ki, həmin alban abidələrinin bir hissəsi bu gün Ermənistanın işğalı altındadır. Yəni, bununla bağlı biz Vatikanda konfrans da keçirmişik. Ona görə də rəsmi məktub hazırlayıb Roma papasına mütləq təqdim etməliyik. İndi həmin məktubun bir neçə xarici dillərə tərcümə edilməsi də yaxşı olardı. Bu istiqamətdə bizə kömək lazım olacaq. Mən bu yaxınlarda Vladimir ata ilə də görüşdüm. Ona dedim ki, Roma papasının Azərbaycana sentyabrda gözlənilən səfəri zamanı onunla görüşün protokoluna mənim də adımı əlavə etsin”.
O bildirib ki, alban kilsəsi ilə bağlı Roma papasına məktubla da müraciət etmək fikrindədirlər: “Eyni zamanda ona alban kilsəsi ilə bağlı hər hansı simvolik hədiyyə bağışlamaq istəyirik. Əvvəlki Roma papası İohan Pavel də Azərbaycana gələndə, bizim icma tərəfindən ona alban xaçı bağışlanıb”.