Çin ABŞ-la razılaşdı: Hücumların istiqaməti dəyişdi
Çin hakerləri Vaşinqton və Pekin arasında əldə olunan razılaşmadan sonra hücumların istiqamətini Rusiya və başqa ölkələrə dəyişiblər.
Publika.az xəbər verir ki, bu haqda kibertəhlükəsizliklə məşğul olan Amerikanın “FireEye Inc” şirkətinin məruzəsinə istinadən “Reuters” agentliyi yazıb.
Analitiklərin araşdırmasına əsasən, Çin hakerləri tərəfindən ABŞ-a qarşı təşkil edilən kiberhücumların sayı son iki il ərzində 90 faiz azalıb. Ən böyük azalma Vaşinqton və Pekin arasında sazişin imzalanmasından sonra olub. ABŞ-ın prezident administrasiyasındakı yüksək vəzifəli mənbə bildirib ki, Vaşinqton Pekinlə razılaşmanın tam icrasını hələ tanımağa hazır deyil. Eyni zamanda bildirib ki, “FireEye Inc” şirkətinin məruzəsi nəzərə alınacaq.
Analitiklər 2016-cı ildə Çin hakerlərinin ən azi iki hücumunu qeydə alıblar. Amma məruzədə qeyd edilir ki, informasiyaların oğurlanması barədə heç bir sübut yoxdur. Hücuma məruz qalan hər iki şirkət ABŞ hökuməti ilə müqavilələrlə bağlıdır.
Eyni zamanda məruzədə deyilir ki, Çin hökuməti tərəfindən dəstəklənən hakerlər Rusiya, Yaxın Şərq, Yaponiya və Cənubi Koreyada daha aktiv olublar.
Kibertəhlükəsizlik üzrə ixtisaslaşan başqa bir şirkət – “CrowdStrike” qeyd edir ki, Rusiya və Ukraynanın hərbi sirləri, Hindistanın siyasi qrupları və Monqolustanun mədənçıxarma sənayesi Çin hakerlərinin hədəfi olub. Həm “FireEye Inc”, həm də “CrowdStrike” əmindir ki, hücumlar ya bilavasitə Çin hakimiyyəti tərəfindən, ya da Pekin tərəfindən işə götürülən podratçılar tərəfindən həyata keçirilib.
Çin hakerlərinin Rusiyanın hökumət strukturları və texnologiya şirkətlərinə, həmçinin Hindistan, Yaponiya və Cənubi Koreyaya qarşı hücumların artmasını “Kasperski Laboratoriyaları” şirkətinin nümayəndəsi Kurt Baumqartner təsdiq edib. “Mirage və “APT 15” kimi məşhur olan qruplar Amerikanın energetika sektoruna öz hücumlarını dayandırıb və indi Rusiya ilə keçmiş sovet respublikaları hədəf olub”, – Baumqartner deyib.