Rusiyada Qarabağ sammiti, İrəvanda xaos, “kafir” dövlətin “kafir” vətəndaşları… – XÜLASƏ
20 iyun tarixinin siyasi gündəmi heç şübhəsiz ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən üçtərəfli görüşü oldu. Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından görüşə böyük ümidlər bəslənilirdi.
İlham Əliyev: “Torpaqlar azad olunmalıdır”
Rusiya prezidenti Vladimir Putinlə ilk olaraq Ermənistan prezidenti Serj Sarkisyan görüşdü. Sarkisyan Putinə Qarabağda atəşkəsə nəzarət mexanizminin qurulmasının əhəmiyyətindən danışıb.
“Qarabağ məsələsi ilə bağlı bizim mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll edilsin. Atəşkəsə nəzarət mexanizminin yaradılması əhəmiyyətlidir”, – deyə o bildirib”.
Putinlə daha sonra Azərbaycan prezidenti İlham Əliyev görüşüb. Prezident Qarabağda status-kvonun qəbuledilməz və bunun dəyişdirilməli olduğunu deyib: “Lakin bunun üçün erməni hərbi birləşmələri regiondan çıxmalıdır. Rusiyanın, eləcə də ATƏT-in Minsk qrupunun digər həmsədrlərinin status-kvonun münaqişənin həllini ləngitdiyi ilə bağlı bəyanatı var. Biz bu bəyanatı tamamilə dəstəkləyirik”.
Prezident İlham Əliyev vurğulayıb ki, status-kvonu dəyişdirmək üçün 20 ildir işğal altında olan Azərbaycan azad olunmalıdır.
Təkbətək görüşlərdən sonra isə prezidentlərin üçtərəfli görüşü başlayıb.
Terroçulardan ŞOK ETİRAF: Türkiyənin 14 vilayəti…
PKK terror təşkilatının Türkiyə təhlükəsizlik gücləri tərəfindən həbs edilən 3 yüksək vəzifəli üzvü şok etiraflar edib. Onların sözlərinə görə, PKK Ankara, İzmir və İstanbul da daxil olmaqla ölkənin 14 vilayətinin müəyyən nöqtələrində partlayıcılar və silah-sursat basdırıb. Bundan başqa, terror təşkilatı silahlı qarşıdurmanı ölkənin qərbində yerləşən vilayətlər də daxil olmaqla iri şəhərlərə daşımaq üçün kəşfiyyat işləri aparıb. PKK bu məqsədlə Zap, Metina, Bergari və Gare düşərgələrində xüsusi təlim keçmiş 287 üzvünü Türkiyəyə göndərib.
NATO Rusiya sərhədlərində – 35 gəmi və 70 təyyarə
Baltika dənizinin Rusiya sahillərində Şimali Atlantika İttifaqının (NATO) genişmiqyaslı hərbi təlimləri başlanıb. NATO təlimləri “Baltops 2016” adını daşıyır. Hərbi ittifaqdan verilən məlumata görə, təlimlərdə 35 gəmi və 70 hərbi təyyarə iştirak edəcək.
Siyasətçidən iyrənc təklif: “Müsəlmanlar qruplaşdırılsın”
Daim anti-müsəlman bəyanatları ilə gündəmə gələn milyarder, Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp ABŞ-ın CBS kanalında ikrah doğuracaq növbəti açıqlama verib. O, ABŞ-da polisin şübhəliləri dəri rəngi, dini, milliyyəti və etnik mənşələrinə görə qruplaşdırmasını təklif edib. Milyarder digər ölkələrin, o cümlədən İsrailin bu üsuldan istifadə etdiyini vurğulayıb.
İranda dəhşətli terror aktlarının qarşısı alınıb
Terrorçuların İranın paytaxtı Tehranda və ölkənin başqa şəhərlərində böyük hücumunun qarşısı alınıb. Bu barədə İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) və İran Milli Təhlükəsizlik Nazirliyinin birgə açıqlamasında deyilir. “Təkfir-vəhhabi qruplarının böyük terror aktının qarşısını alınıb. Onlar Tehranda və başqa vilayətlərdə partlayıcıları işə salmağı planlaşdırırdılar”, – açıqlamada bildirilir.
Sarkisyanı devirmək istəyən döyüşçülər həbs olundu – İRƏVANDA XAOS
Aprel müharibəsində Ermənistanın Azərbaycana məğlub olduğunu etiraf edən “Şuşa batalyonu döyüşçüləri ittifaqı” ictimai birliyinin rəhbəri Jirayr Sefilyan həbs olunub. Sefilyan aprel müharibəsi zamanı öz qrupu ilə İrəvanda televiziya qülləsini tutmağa və dövlət çevrilişi etməyə cəhddə ittiham olunur. Sefliyan qrupun 8 üzvü ilə birlikdə həbs olunub. Bir qrup üzvü isə axtarışa verilib.
Qeyd edək ki, Sefilyan aprel döyüşləri haqda danışarkən, Azərbaycan Ordusunun çox güclü olduğunu dilə gətirmişdi.
İŞİD TÜRKİYƏDƏ: “Kafir dövlətin kafir vətəndaşları” və vəsiyyət
Türkiyənin Diyarbəkr şəhərində ötən ilin oktyabrında İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyatın maraqlı detalları məlum olub. Əməliyyat zamanı təşkilatın Türkiyəni “kafir dövlət”, vətəndaşlarını “kafir” olaraq qəbul etdiyi və hər bir üzvünə vəsiyyət yazdırdığı ortaya çıxıb.
Terror mütəxəssisləri tərəfindən hazırlanan hesabata görə, təşkilat Türkiyəyə qarşı cihad elan edib.
İŞİD üzvü erməni mərasimində özünü partlatdı
Ermənilərin uydurma “soyqırım”la bağlı keçirdiyi tədbir İŞİD-in xoşuna gəlməyib. Terror təşkilatının üzvü Suriyanın Əl-Qamışlı şəhərinin mərkəzində “erməni soyqırımı”nın 101 illiyinə həsr edilmiş mərasim zamanı özünü partladıb. Hadisə nəticəsində üç nəfər həlak olub, beşi yaralanıb. Mərasimi Antixoniya ilə bütün Şərqin patriarxı, Siro-Yakovir kilsəsinin başçısı Mar İqnatius Afram II Karim idarə edirdi.