“Millət vəkilləri xəbərdardımı?” – PARLAMENTƏ ŞOK SORĞU
Almaniya Bundestaqında təmsil olunan 3 partiya qrupuna (Xristian Demokratlar, Yaşıllar və Sosial Demokratlar) Alman Azərbaycan Mədəniyyət Evi və Dünya Azərbaycanlıları Assambleyası (DAA) adından parlament sorğusu göndərilib.
Publika.az xəbər verir ki, sorğuda Bundestaqın qondarma “erməni soyqırımı” ilə bağlı qərarının araşdırılmadan qəbul edildiyi qeyd olunur.
“Qondarma “erməni soyqırımı” iddiasını qəbul etməzdən öncə hansı araşdırma prosesi aparılıb? Aparılıbsa, qərar qəbul edilərkən hansı arxiv sənədləri, dəlillər əsas götürülüb? Türkiyə hökumətinin “Osmanlı arxivlərini açmağa hazırıq” çağırışı nəzərə alındımı? Sizcə bu cür qərarların qəbul edilməsi tarixçilərin, hüquqşünasların, araşdırmaçıların fəaliyyət sahəsinə daxil deyilmi?”, – deyə sorğuda bildirilir.
DAA Təşəbbüs qrupunun rəhbəri Rəşad Quliyev Publika.az-a açıqlamasında bildirib ki, sorğuda verilən son sual isə bütün məsələnin əsasını təşkil edir: “İnanmırıq ki, Almaniya parlamenti bu suala tutarlı və konkret cavab versin. Çünki söhbət beynəlxalq hüququn tapdalanmasından və nəzərə alınmamasından gedir. Sonuncu sual belədir: “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” BMT konvensiyasının 6-cı maddəsinə görə genosid barədə hər-hansı bir qərarı yalnız məhkəmənin verə biləcəyindən partiyanızın millət vəkilləri xəbərdardırlarmı? Əgər xəbərdardırlarsa, sizcə bu addım BMT konvensiyasının bu maddəsinin pozulması deyilmi?”
R. Quliyev bildirib ki, veriləcək cavaba görə Bundestaqda qərar vermiş millət vəkilləri ilə işləmək üçün plan hazırlayacaqlar: “Məsələnin üzərinə getmək bütün qanuni və hüquqi vasitələrdən istifadə etməkdə israrlıyıq”.