“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi
Bu gün Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılıb. ANS PRESS-in məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə “Qarabağ”ın da rəqibi müəyyənləşib.
II təsnifat mərhələsində çıxış edəcək Azərbaycan çempionu “Səpələnmişlər” səbətində yer alıb və rəqibi zəiflərin – “Səpələnməmişlər”in arasından seçilib. Püşk “Qarabağ”ı Lüksemburq çempionu “Düdelanj”a rəqib edib.
Qurban Qurbanovun komandası mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. “Qarabağ” II təsnifat mərhələsində ilk oyununu iyulun 12-13-də, cavab matçını isə 19-20-də keçirəcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Qarabağ (Azərbaycan) – Düdelanj (Lüksemburq)
“Qarabağ”ın “cırtdan” rəqibi 1991-ci ildə yaranıb. Komanda ev oyunlarını “Yos Nosbaum” stadionunda keçirir. Bu arena 2600 nəfərlikdi. Komandanın prezidenti Romeyn Şumaxer, baş məşqçisi isə fransız Mişel Lefloşmoandı.
“Qarabağ”ın rəqibi 9 dəfə Lüksemburq çempionu olub. “Sarı-qırmızılar” 4 dəfə də ölkə kubokunu başı üzərinə qaldırıb. “Dudelanj” sonuncu dəfə avrokuboklarda ötən mövsüm çıxış edib. Avropa Liqasının birinci təsnifat mərhələsində İrlandiyanın “Dublin” klubuna məğlub olan (2:1, 0:1) lüksemburqlular mübarizəni erkən dayandırıb.