Qarabağ üçün mühüm gün: Putin prezidentlərə nəyi təqdim edəcək?
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan bu gün Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə danışıqlar aparacaq.
Publika.az xəbər verir ki, ekspertlər Rusiyanın bu təşəbbüsünü onun post-sovet məkanında ən köhnə münaqişələrdən birinin nizama salınması prosesində aparıcı rol oynaması kimi qiymətləndirir.
“Kommersant” nəşri yazır ki, Rusiya təkcə vəziyyəti nəzarətdə saxlamayacaq, həm də Dağlıq Qarabağ üzrə çərçivə razılaşması istiqamətində addımlar atılmasına çalışacaq: “Bu razılaşma özündə atəşkəs rejiminin möhkəmləndirilməsini və nizama salmanın “yol xəritəsi”ni birləşdirir. Hesab etmək olar ki, bu gün Sankt-Peterburqda Dağlıq Qarabağ üzrə böyük diplomatik seans keçiriləcək. Vladimir Putinə bu prosesdə əsas oyunçu olmaq lazımdır”.
Nəşr qeyd edir ki, Sankt-Peterburq görüşü Rusiyanın münaqişəni nizama salmaq üçün ikinci ən böyük cəhdi olacaq: “Beş il əvvəl – 2011-ci ilin iyun ayında İlham Əliyev və Serj Sarkisyan o vaxt prezident olan Dmitri Medvedevin vasitəçiliyi ilə Kazanda görüşdülər. Kazanda mümkün güzəştlər ətrafında razılığa gəlincə də, bu istiqamətdə addımlar atılmadı. Beş il sonra nəzərə çarpan dəyişikliklər hiss olunur. Status-kvo olduqca kövrəkdir və regionda tərəflərin hərbi ritorikası artıb”.
Nəşr Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlamasına da toxunaraq qeyd edib ki, rəsmi Bakı bununla reallığı nümayiş etdirmək istəyir.
Rusiyalı politoloq Sergey Markedonov nəşrə açıqlamasında bildirib ki, münaqişə ilə bağlı sürətli irəliləyiş qeyri-mümkündür: “Münaqişənin dondurulmuş vəziyyətdə qalması, beləliklə Ermənistan və Azərbaycan arasında seçim etməmək Rusiyanın maraqlarına uyğundur. Bu baxımdan, ciddi irəliləyiş gözləmirəm”.
Politoloq Andrey Kortunov isə Rusiyanın münaqişə ilə bağlı müşahidə olunan aktivliyini bu cür izah edib: “Müharibə olarsa və vəziyyət nəzarətdən çıxarsa, bu, Rusiyanın maraqlarına ziddir. Çünki belə vəziyyətdə Rusiya bütün xarici oyunçular arasında məğlub olan tərəf olacaq. Bu baxımdan, Putin prosesləri qabaqlamaq istəyir”.
Siyasi ekspert Aleksandr Dınkin isə düşünür ki, Putin bu prosesi başlayıbsa, o zaman bunun uğursuz nəticələnməsinə imkan verməyəcək. Onun fikrincə, Sankt-Peterburq görüşündən nəsə gözləməyə dəyər.