Kreml Qarabağı Azərbaycana qaytara bilər, ancaq…
Politoloq: “Rusiya-Türkiyə münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsi ətrafında müsbət fon yarada bilər”
AŞ PA-nın qış sessiyasının ikinci iş günündə britaniyalı parlamentar Robert Valterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat qəbul olunmayıb. Plenar iclasda gözlənildiyi kimi, Azərbaycanla bağlı iki sənəd müzakirəyə çıxarılıb.
İyunun 20-də Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Serj Sərkisyanla ayrılıqda, daha sonra isə birgə görüş keçirəcək. Bu görüş ATƏT-in iştirakı olmadan keçirilsə də, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik prezidentlərin iyunun 20-də Sankt-Peterburqda keçiriləcək görüşündə iştirak edəcəyini açıqlayıb.
Diplomat APA-ya bildirib ki, Vyana görüşünün nəticələrini davam etdirəcəklərinə ümid edirlər. “Mən bu görüşdə iştirakı səbirsizliklə gözləyirəm. Biz xüsusilə ümid edirik ki, tərəflər ATƏT-in araşdırma mexanizminin həyata keçirilməsi üzrə razılaşmanı yekunlaşdıracaq, hərtərəfli sülh sazişi istiqamətində danışıqları bərpa edəcəklər”, – deyə o qeyd edib.
Düzdür, bəzi ekspertlər danışıqların növbəti raundundan nəticə gözləmir. Ancaq əksini düşünənlər, Rusiyanın aprel döyüşlərindən sonrakı dönəmdə oynadığı rola diqqəti artırmaq üçün hansısa nəticəyə nail olmaq istədiyini söyləyənlər var. Hesab olunur ki, Almaniya kansleri Angela Merkelin Qarabağ münaqişəsinin həllinin açarını Rusiyada axtarmağı tövsiyə etməsi Kremlə əlavə imkanlar açıb və şimal qonşumuz maksimum bu situasiyadan özünün “sülhməramlı” imicinin formalaşdırılması üçün istifadə edəcək. Üstəlik, Rusiya aprel döyüşlərinin dayandırılmasına və atəşkəsin əldə olunmasına nail olub və nəticəsiz Vyana görüşündən sonra hansısa razılaşma onun aktivinə yazıla bilər.
ATƏT təmas nöqtəsində kameraların quraşdırılması ideyasını irəli sürsə də, sonradan maliyyə çatışmazlığı əsas gətirilərək bu mənasız addıma gedilmədi. Bunun ardınca ATƏT-in Sankt-Peterburq görüşündən də kənarda qalması Rusiyaya yeganə moderator olmaq şansı yaradır. Hətta bəzi nikbin ekspertlər hesab edir ki, Rusiya istəsə, Qarabağ məsələsini birdəfəlik həll etməyə də qərar verə bilər. Bu, nəinki onun regiondakı təsir rıçağından məhrum olmasına, hətta bölgəni birdəfəlik öz təsiri altına almasına səbəb ola bilər və beynəlxalq aləm də bu faktorla barışar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya münaqişəni həll etsə, uzaqbaşı Ermənistanda hərbi bazalarını itirmək təhlükəsi ilə üzləşə bilər: “Çünki münaqişə həll olunduğu zaman Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri açılacaq və iki ölkə ilə münasibətləri normallaşma mərhələsinə qədəm qoyacaq. Bununla Rusiyanın Ermənistandakı hərbi bazalarının varlığı gündəmə gələcək. Bundan başqa Rusiyanın itirəcəyi yoxdur”.
Ekspertə görə, Rusiyanın Ermənistandakı hərbi bazaları ona artıq siyasi və maliyyə yüküdür: “Ona görə siyasi yükdür ki, bu bazalar Azərbaycan və Türkiyəyə qarşı yönəlib. Bu səbəbdən Bakı və Ankara hər zaman Moskvanın regional siyasətinə şübhə ilə yanaşırlar. Maliyyə yüküdür ona görə ki, bazaların saxlanmasına xeyli vəsait xərclənir. Rusiya Qarabağ münaqişəsinin həllini sürətləndirməklə Azərbaycanın inamını qazanacaq, iki ölkə arasındakı münasibətlər tərəfdaşlıqdan strateji müttəfiqliyə keçəcək. Üstəgəl, Rusiya konfliktin həlli ilə Türkiyə ilə münasibətləri də üst səviyyəyə qaldırmaq imkanı qazanacaq. Bundan başqa Azərbaycanın və Türkiyənin Rusiyanın əsas rol oynadığı Avrasiya İqtisadi Birliyində üzvlükləri aktuallaşacaq”.

E.Şahinoğluna görə, ən vacib məsələ budur ki, işğala son veriləndən sonra Ermənistan regional layihələrdə iştirak edəcək: “Bu, Rusiya müttəfiqi Ermənistan üçün iqtisadi blokadanın sonu deməkdir. Göründüyü kimi, strateji baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın maraqlarına uyğundur, sadəcə, Rusiyada məsələlərə strateji yanaşmırlar, qısa müddətli taktiki uduşlara üstünlük verirlər. Kreml məsələlərə strateji yanaşsaydı, Krımı ilhaq etməzdi. Məhz bu səbəbdən mən yaxın illərdə Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan ədalətli yanaşma gözləmirəm”.
Bəs, Rusiya-Türkiyə münasibətləri bərpa olunsa, necə? Bu, Qarabağın həllini yaxınlaşdırarmı? E.Şahinoğlu: “Rusiya-Türkiyə münasibətlərinin normallaşması münaqişə ətrafında müsbət fon yarada bilər. Ancaq iki ölkə arasında bərpa oluna biləcək isti münasibətlərin avtomatik Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyini söyləmək mümkün deyil. Ona qalsa vurulan təyyarə əhvalatına qədər Rusiya-Türkiyə münasibətləri ən üst səviyyədə idi. İki dövlətin liderləri bir-birlərini strateji tərəfdaş adlandırırdılar. Bu münasibətlər 10 il bu şəkildə davam etdi. Məgər bu 10 ildə Rusiya-Türkiyə strateji tərəfdaşlığı Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırdımı? Xeyr. Sadəcə, iki ölkə arasındakı münasibətlərin gərgin qalması Cənubi Qafqazda əlavə gərginlik mənbəyi yaradır ki, bu Azərbaycanın maraqlarına cavab vermir”.
Bəzi erməni ekspertləri Sankt-Peterburq görüşü ərəfəsində iddia edir ki, Azərbaycanla Rusiya arasında hansısa anlaşma var. Guya ki, ATƏT-in prosesdən kənarda qalması da elə bununla bağlıdır. Ola bilərmi ki, Bakı Moskva ilə nədəsə razılığa gəlib? Politoloq bu ehtimalı bölüşmür: “Erməni ekspertlər dezinformasiya yaydıqlarından, mən çalışıram onların fikirlərinə rəy bildirməyim. Rusiya ilə Azərbaycan arasında razılığı olduğunu güman etmirəm. Əks halda apreldən bu yana biz həmin “razılaşmanın” işartısını görərdik”.
E.Şahinoğlu əlavə etdi ki, Sankt-Peterburq görüşünün nəticəsiz qalması halında atəşkəsə riayət olunacağını kimsə gözləməsin: “Əlbəttə, Rusiya prezident Vladimir Putin çox çalışacaq ki, münaqişə həll olunmasa belə, tərəflər atəşkəsə riayət etsinlər. Çünki aprel atəşkəsinin memarı məhz Putindir. Atəşkəs yenidən pozulsa, Putin simasını itirəcək, sözü yerə salınmış kimi görsənəcək. Ancaq Putin onu da anlamalıdır ki, münaqişə həll olunmadan yalnız atəşkəsin qorunması mümkün deyil. Bunu aprel döyüşlər də göstərdi”.
Yeri gəlmişkən, danışıqlar ərəfəsində düşmənin fəallaşması, atəşkəsi pozması, hətta Tərtər istiqamətində dinc sakinlərimizi atəşə tutması Azərbaycanı növbəti dəfə hərəkətə keçməyə vadar edib. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan 24-dək qoşunların idarəetmə orqanları, eləcə də birlik, birləşmə və hərbi hissələrin iştirakı ilə operativ-taktiki təlimlər keçiriləcək. Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən təlimlərə 25000 nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinin gəmi birləşməsi və Xüsusi Təyinatlı Qüvvələrin bölmələri cəlb olunacaq.
E.PAŞASOY