Sabahdan amnistiya qərarının icrasına başlanılacaq
Sabah birinci xanım, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərarı qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, amnistiya aktı, ümumilikdə, 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.
Amnistiya böyük ictimai təhlükə törətməyənləri və az ağır cinayətlərdən məhkum edilmiş qadınları, cinayət törədərkən 18 yaşına çatmayanları əhatə edir. Bu aktdan 1-ci və 2-ci qrup əlillərin, 60 yaşına çatmış kişilərin, əlil övladı olub, yetkinlik yaşına çatmayanların da yararlanacağı gözlənilir. Layihə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda döyüşlərə qatılanların, məcburi köçkünlərin və bəzi digər kateqoriyalardan olan şəxslərin də həbsdən azad edilməsini nəzərdə tutur.
Məntəqə tipli müəssisələrdə cəzasının çəkilməmiş hissəsi bir ili aşmayanlar, islah işlərinə cəlb edilənlər, şərti və digər qruplara daxil olan bir sıra məhkumlar da amnistiya düşməlidirlər.
Amnistiya aktının icra müddəti 4 aydır.