“Rusiya Qərbin Qarabağ planının reallaşmasına imkan verməyəcək” – iddia
Konfliktə həlledici təsir məsələsində Kreml şəriksiz hərəkət eləmək niyyətindədir; rusiyalı ekspert: “İndiki nəsillərin dövründə problemin nizamlanması mümkün deyil…”
İyun ayının sonunda Qarabağla bağlı daha bir mühüm görüş gözlənilir. Artıq dəqiqləşib ki, Rusiyanın təşəbbüsü ilə bu ölkədə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti üçtərəfli təması olacaq. Qarşıdakı görüşün Vyana danışıqlarının uğurlu davamı olub-olmayacağı ilə bağlı isə müxtəlif fikirlər mövcuddur.
Əksər təhlilçilərə görə, çox şey Rusiyadan və ilk növbədə də onun prezidenti Vladimir Putindən asılı olacaq. Rusiyanın “çamadanında” nələrin olduğunu isə hələ ki, dəqiq söyləmək çətindir. Bir şey dəqiqdir ki, apreldəki 4 günlük müharibədən sonra status-kvonun təcili dəyişdirilməli olmasını indi yəqin ki, Rusiya da anlayır.
Kremldə bilməmiş deyillər ki, əgər tezliklə konfliktin həllində hansısa irəliləyişə və ya müsbət dönüşə nail olunmasa, o zaman yeni və daha dağıdıcı müharibə qaçılmaz olacaq. Bu isə Moskvanın cari və perspektiv maraqlarına uyğun deyil.
Qarabağ məsələsinə təsir edə biləcək hadisələrdən başqa birisi Bakıda Rusiya, Azərbaycan və İran prezidentlərinin gözlənilən zirvə görüşüdür. Həm bu görüş, həm də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin gözlənilən təmasının xüsusilə də Qarabağ probleminin həll perspektivi üçün faydalı olacağını düşünənlər az deyil. Əksini təxmin edənlər də var.
* * *
“Hələlik Bakıda üç ölkə prezidentinin planlaşdırılan görüşündə sıçrayış olacağını söyləmək çətindir. Yəqin ki, söhbət daha çox niyyətlərdən və palanlardan gedəcək. Ancaq sonradan bu ”üçlü” əməkdaşlığın genişləndirilməsi baxımından yaxşı prespektivlərə malik olacaq. Qarabağda müharibə isə bu planlara mane ola bilər”. Musavat.com-un məlumatına görə, bu barədə rusiyalı ekspert, Moskvadakı Strateji Analiz İnstitutunun direktoru Andrey İvanovun vesti.az-dakı məqaləsində bildirilir.
Onun sözlərinə görə, Qarabağda müharibə Rusiya ilə Ermənistan arasında gərginliyi artıracaq. “İrəvanda Qərb qrantlarına yaşayan xeyli sayda politoloq isə bəhanə axtarır ki, Moskvanı İrəvana münasibətdə hərəkətsizlikdə suçlasınlar. Müvafiq şəkildə Avrasiya Birliyi və KTMT layihələri də təhlükə altına düşəcək” – ekspert qeyd edib.
Onun qənaətincə, Qarabağda müharibə Azərbaycanın cənub qonşusu İrana az təsir edəcək, ancaq Azərbaycansız Rusiya-İran ortaq layihələrindən danışmaq da mümkün olmayacaq. “Nəzərə alsaq ki, indiki nəsillərin dövründə Qarabağ probleminin həlli mümkün deyil, o zaman hamı çoxdan döyəclənmiş bir yolla getməyə məhkumdur: yəni nəticəsiz danışıqları davam etdirmək” – ekspert vurğulayıb.
Politoloq hesab edir ki, Rusiya, Azərbaycan və İran arasında ortaq iqtisadi layihələr ətraf ölkələr, o cümlədən Türkiyə, Ermənistan və Gürcüstan üçün cazibə mərkəzi ola bilər: “İqtisadi məqsədəuyğunluq ölkələr arasında bir çox inzibati əngəllərin götürülməsinə gətirəcək. Müvafiq şəkildə qonşu ölkələrin sakinlərini bir-birini başqa cür qəbul edəcəklər. Bir var, mühasirə şəraitində olan düşərgədə yaşayasan, bir də var açıq sərhədlərin üstünlüklərindən istifadə edəsən, qonşularla əməkdaşlıq hesabına yaxşı qazanmaq imkanları əldə edəsən. Bir də baxacaqsan ki, bir neçə ildən sonra konflikt əvvəlki tək dalan vəziyyəti təəssüratı bağışlamayacaq. Misal üçün, Dağlıq Qarabağ və Ermənistan sakinlərinə sərf edəcək ki, azərbaycanlılar qayıdıb öz yurd yerlərində oturuşsunlar, öz şirkətlərinin nümayəndəliklərini açsınlar. Əgər regionda yalnız etnik əlamətinə görə kəndlər olacaqsa, o zaman münaqişə sonsuzadək uzanacaq. Yox, biznes-mərkəzlərlə birgə iri şəhərlər peyda olacaqsa, situasiya yaxşıya dəyişəcək”.
Analitikə görə, prezidentlərin Bakı və Sankt-Peterburq görüşlərində Rusiya prezidenti Vladimir Putin çətin ki, prinsipial yeni bir şey təklif eləsin. “Bununla belə, region iqtisadiyyatının inkişafı üzrə işgüzar təklifləri gözləməyə dəyər”.
***

Deputat Zahid Oruc isə hesab edir ki, Rusiya Qarabağ məsələsini yalnız siyasi yolla həll edə bilməyəcək, Moskva Bakıya hərbi yolla da dəstək verməlidir ki, problem öz həllini tapsın. Əliyev, Putin və Sərkisyanın Qarabağ məsələsi üzrə gözlənilən görüşünü şərh edən deputat bir sıra önəmli məqamlara toxunub (Axar.az): “Dördgünlük müharibə zamanı real olaraq iki dövlət arasında silahlı münaqişənin genişlənməsini durduran yeganə tərəf Moskva oldu. Prosesləri yaxşı görən Qərb fərqində idi ki, Strasburq və ya Brüsseldən gələn zəng hesabına Füzulidə tank və toplar susası deyil. Putinin buna gücü çatdı, onun təsir gücü Bakı və İrəvanda qəbul olunub. Ancaq fərqli reaksiyalar yalnız 5 apreldən başlandı. İrəvanda Rusiya əleyhinə aksiyalar meydana çıxdı və nə qədər generalların poqonları sökülsə də, əlləri Putinə çatmadıqlarından siyasi müharibəni dərinləşdirdilər. Bu, nəticə etibarilə beynəlxalq dairələr tərəfindən fəal şəkildə danışıqların bərpasını əngəlləyə bilmədi. Vaşinqton avtomatik olaraq prosesdən kənarda qalmamaq üçün Lavrov-Kerri danışıqlarından sonra tərəfləri Vyanada bir araya gətirə bildi. Hər halda Rusiyanın buna nə üçün getdiyini cavablandırmaq çətin deyil. Yəqin Suriya məsələsində də eynən ABŞ-ın hansısa güzəştli addımları baş verib və indi də sanki iki region arasında olan məsələlərdə beynəlxalq güclərin sövdələşmələri özünü göstərməkdədir. Bununla bərabər, Lavrov Vyanadan masa üzərində müzakirə olunacaq sənədin məhz Rusiya planı olduğunu gizlətmədi”.
Deputata görə, hazırda Qərb tərəfindən iki hədəfə doğru istiqamətlənmiş addımlar atılmaqdadır: “Birincisi, Ermənistanın anti-Rusiya ovqatından istifadə edərək İrəvanı öz tərəflərinə çəkmək istəyirlər. İkincisi, Azərbaycan enerji cəhətdən Qərbin tərəfdaşı olsa da, siyasi cəhətdən Rusiya mövqeyini qəbul etdiyi üçün Bakıya müəyyən təzyiq göstərmək istəyirlər. Hətta bir az da irəli gedib bölgəyə Anjey Kaspşik vasitəsilə özlərinin müşahidə missiyasını göndərməyə çalışırlar. Yəqin ki, onların hamısı kəşfiyyatçılardan ibarət olacaq. Yəni sülhməramlı qüvvələrə bərabər gedişlər etmək istəyirlər. Ermənilər isə buna razıdırlar. Əsas niyyət – bir tərəfdən İranı, o biri tərəfdən Qərbi bu prosesə qoşmaqla Rusiyadan asılılığı azaltmaq, çoxvektorlu bir siyasətə keçməkdir. Ancaq Ermənistan qətiyyən nə İranın, nə də Qərbin fonunda Azərbaycan kimi balanslı siyasət qura bilməyəcək”.
Z.Oruc iyunun sonunda hərtərəfli həll üçün Parisdə aparılacaq danışıqlardan öncə Putinin tərəfləri görüşdürmək planından da söz açıb: “Qafqazlardakı davanın bütün keçmiş tarixinə rəğmən, kim regionun gələcəyində iştirak etmək istəyirsə, Qarabağ məsələsinin həllində də o rol oynamalıdır. Əks halda, bu bölgədən siyasi və iqtisadi cəhətdən yararlanmaq çox çətin olacaq. Ona görə də keçmişdə bölgəni münaqişələr vasitəsilə idarə edirdilərsə, indi isə əksinə, həll məsələsi işə düşəndə hər bir dövlət çalışır ki, planı o versin. Təbii, Qərb onun fərqindədir ki, Putin tərəfindən irəli sürülən model həyata keçsə, Azərbaycan Avropaya çox da ehtiyac duymayacaq. Putin bilir ki, Qarabağ məsələsində əlini qızdırmaq istəyən Avropa dairələrinin qarşısını kəsməyin ən yaxşı yolu prezidentlərin görüşünü keçirmək, xalqları gələcək sülhə hazırlamaqdır”.
Z.Oruc əmindir ki, Putinin iştirakı ilə baş tutacaq görüş qətiyyən Azərbaycanın maraqlarına zidd deyil: “Bu görüşün məqsədi açıq şəkildə Qərbi kənarlaşdırmaq, Putinin planının hər üç tərəfin xeyrinə olduğuna inandırmaqdır. Ən azından Rusiya bölgədə əlavə konfliktlər yaşamaq istəmir. Çünki Qarabağda ocaq yananda bu od dərhal Şimali Qafqazı da bürüyür. Qarabağ məsələsinin Rusiyanın rəhbərliyi ilə həlli Moskvanın yüz illər ərzində bölgədəki savaşları törətdiyinə görə qazandığı addan sınaq üçün bir fürsətdir, qısası, Rusiyanın xilaskar obraza ehtiyacı var. Ona görə də Putin imkan verməyəcək ki, Qərbin planı Qarabağ məsələsində qəbul olunsun. ABŞ da təbii ki, bundan şad olmayacaq və bu planı pozmağa çalışacaq”.
Sankt-Peterburq görüşünə toxunan deputat deyib: “Bu görüş reallaşacağı təqdirdə Sərkisyan öz xalqına hansı sülhün lazım olduğu bəyanatını verib, yəqin ki, hakimiyyətdən getməli olacaq. Ancaq Petrosyan, Köçəryan və Sərkisyan o həqiqəti dərk etməlidirlər ki, müvəqqəti işğal nəinki dövlət qurmağa imkan vermir, onu regional və beynəlxalq aləmdə qəbul etdirmək məsələsi daha mühümdür. O üzdən Rusiya elə bir həll modeli meydana çıxaracaq ki, Qərbi bölgədən qova bilsin və Qafqazın tək nüfuz qüvvəsinə çevrilsin”.
***
Bu modelin nədən ibarət olduğunu, ümumiyyətlə, onun mövcud olub-olmadığını isə prezidentlərin növbəti görüşündən sonra biləcəyik.(musavat.com)