ABŞ strateji bombardmançıları Rusiya sərhədləri yaxınlığına mina düzdü
ABŞ-ın iki B-52 strateji bombardmançı təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşaraq suya mina döşəmə əməliyyatını həyata keçirib.
Virtualaz.org xəbər verir ki, bu əməliyyat NATO-nun Rusiyanın Qərb sərhədləri yaxınlığında davam edən irimiqyaslı hərbi manevrləri çərçivəsində baş tutub.
Təlimlərin dəniz hissəsi olan Baltops 2016 çərçivəsində strateji bombardmançılar Böyük Britaniyadakı Mildenholl aviabazsından havaya qalxıb və qırıcıların müşaiyəti ilə Baltik dənizi üzərində uçaraq Rusiya sərhədləri yaxınlığına havadan gəmilər əleyhinə minaların atılmasını həyata keçirib. Minaların Qdansk körfəzinə döşəndiyi təxmin edilir, bununla da Rusiya Hərbi Dəniz Qüvvələrinin Baltik dənizindəki bazasının 50 kilometrliyində gəmilərin hərəkəti şərti olaraq dayandırılıb.
Bundan bir gün əvvəl B-52 bombardmançıları NATO ABŞ, Polşa, Almaniya və İsveçə aid cəmi 12 qırıcı təyyarənin müşaiyəti ilə Baltik dənizi üzərində təlim uçuşları həyata keçirib. Baltops 2016 təlimləri iyunun 3-də başlayıb və 19-na qədər davam edəcək. Bununla eyni vaxtda NATO 35 min hərbçinin iştirakı ilə Polşa və Rumıniyada “Anakonda” kod adı altında irimiqyaslı quru təlimləri keçirir. Bu manevrlər Rusiyanın Baltik ölkələrinə hücum edə biləcəyinə dair Qərbdə son vaxtlar artn narahatlıqların fonunda baş verir. Rusiya isə bildirir ki, NATO-nun keçirdiyi təlimlər onun sərhədləri boyu vəziyyəti gərginləşdirir və adekvat cavab tədbirləri ilə qarşılaşacaq.