“Soyqırım olmayıb, Ermənistan Azərbaycan torpaqlarını işğal edib” – ETİRAZ
Türkiyədə yaşayan ermənilər Almaniyanın qondarma “erməni soyqırımı” haqda qərarını pisləyiblər.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Taşkörpü qəsəbəsinin Kapaklı kəndində yaşayan erməni əsilli 80 yaşlı Serkiz Durak 1915-ci il hadisələri ilə bağlı soyqırımı kəlməsinin işlədilməsi ilə razı olmadığını deyib: “Bu soyqırımı uydurma bir şeydir. O vaxt dünya dövlətləri bir-birini qırıblar, hər şey ört-basdır olub. Amma bu soyqırımı məsələsi nə üçün ortaya çıxıb?! Bunun haradan çıxdığını bilmirəm, amma o vaxt türklərdən də ölənlər olub. Türklər nə üçün indiyə qədər soyqırımı törədildi deyə heç nə demirlər. Biz bunu qəbul etmirik”.
Almaniyanın məlum qərarını ədəbsizlik kimi qiymətləndirən Serkiz Durak “Almaniya ilə Rusiya müharibə etdi, bəs nə üçün soyqırımı deyilən heç nə ortaya çıxmadı” deyə vurğulayıb.
S. Durak hazırki Ermənistanın işğalçı olduğuna da diqqət çəkib: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Biz bunu qəbul etmirik. Soyqırımı qəbul etmədiyimiz kimi, bu işğal siyasətini də qınayırıq. Biz həmişə burada yaşamışıq və türklər heç vaxt bizə qarşı soyqırımı törətməyib. Babalarımızdan da heç vaxt bununla bağlı heç nə eşitməmişik”.
75 yaşlı erməni əsilli Mustafa Özçelik də soyqırımı iddialarına qarşı çıxır.
“Bizim babalarımız, analarımız, atalarımız keçmişdən bu günə kimi türklərin içində yaşayır. Bizim bir-birimizə adi barmağımız belə toxunmayıb. Almaniya öz ədəbsizliyini özü ortaya çıxarır. Türklərin bizə qarşı soyqırımı törətdiklərinə dair iddiaları qəbul etmirik. Biz burada türklərdən daha yaxşı yaşayırıq. Həmişə da qardaş kimi yaşamışıq”, – deyə o bildirib.
Namık (Manuk) Özçelik isə soyqırımı iddialarından narahat olduqlarını dilə gətirib: “Mən 84 yaşındayam. İndiyə qədər bu kənddə yaşadım və heç kimdən bir kəlmə də olsun ağır söz eşitməmişəm. Mənim atam burada yaşayıb, əsgərliyimi iki il bu torpaqlarda keçirmişəm. Amma indiyə qədər heç bir Allahın qulu mənə “sən ermənisən” deməyib. Əslində Almaniyanın bu cür addımları bizi narahat edir. Təkcə Türkiyədə yaşayan ermənilər yox, digər ölkələrdə yaşayan ermənilər də bu vəziyyətdən narahatdırlar. Buna görə də heç kim bizim adımızdan danışmamalıdır. Buna icazə vermirik”.