Əfsanəvi Məhəmməd Əli: “Düşünməzdim ki, Brejnev çox mehriban insandır”
“Mümkün deyil sözü fakt deyil. Bu sadəcə bir fikirdir. Mümkün deyil sözü hökm deyil. Bu bir iddiadır və özünü təsdiqləməyə bir şansdır. Mümkün olmayan mümkündür”.
Bu fikirlərin müəllifi əfsanəvi boksçu Məhəmməd Əli özünün idman karyerasında mümkün olmayanları mümkün edib.
Əslində onun adı Kassius Marsellus Kleydir. 1964-cü ildə islam dinini qəbul etdikdən sonra o bütün planetdə artıq Məhəmməd Əli adı ilə məhşurlaşıb.
On iki yaşında olarkən həyatında baş verən adi bar hadisə onu idmana gətirib. Belə ki, balaca Kleyin velosipedini oğurlayanda o bu barədə polisə xəbər verib və xahiş edib ki, oğrunu tutub payını vermək lazımdır. Polis işçisi zərərçəkmişdən “payını vermək” ifadəsinin mənasını soruşanda Kley cavab verib ki, yəni yaxşıca əzişdirmək, döymək lazımdır. Onda polis zabiti soruşub:
– Sən bunu bacarırsanmı?
Bu sual Məhəmməd Əlini düşündürüb və o qərara gəlib ki, hökmən boksla məşğul olacaq.
Artıq 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında Məhəmməd Əli ilk böyük qələbəsini qazanıb, bu mötəbər turnirdə o qızıl medala layiq görülüb. Qələbə ilə vətənə dönən Məhəmməd Əli özünü göstərmək məqsədilə ağ adamlar üçün nəzərdə tutulan kafelərin birinə gedib. Boynunda qızıl medal, qürur və şəstlə. Sifariş vermək istəyəndə xidmətçi qəbul etməyib:
– Biz zəncilərə xidmət etmirik.
– Axı mən dilənçi deyiləm.
Xidmətçi ilə arasında söhbət alınmayıb və qızıl medallı çempion kafeni tərk edib. Sarsıntı keçirən Məhəmməd Əli Ohayo çayının sahilinə gəlib və qızıl medalını çaya atıb.
Əfsanəvi boksçu 1960-63-cü illərdə keçirdiyi bütün 19 görüşdə qələbə qazanıb ki, bunlardan 15-i nokautla başa çatıb.
1967-ci ildə Məhəmməd Əli Amerika ordusunda hərbi xidmətə çağırılıb. O, orduda xidmət etməkdən imtina edib. Boks kralı Amerika Birləşmiş Ştatlarının Vyetnama qarşı başladığı müharibəni qətiyyətlə pisləyərək bəyan edib ki, müqəddəs Qurana görə ölkəsi bu mübarizədə haqsızdır. Bu bəyanatdan sonra ABŞ-ın Boks Federasiyası Məhəmməd Əlinin bütün titullarını əlindən alıb və o üç il müddətinə boksdan uzaqlaşdırılıb.
Məhəmməd Əlinin ilk məğlubiyyəti 1971-ci ildə olub. Co Freyzerlə ağır çəkili boksçuların çempion kəmərinin müdafiəsi uğrunda mübarizədə o rəqibinə uduzub. Bu məğlubiyyət ona pis təsir edib və o səbirsizliklə Co Freyzeylə növbəti görüşünü gözləyib. Nəhayət bu görüş 1974-cü ildə baş tutub ki, Məhəmməd Əli bu döyüşdən qalib çıxıb.
1978-ci ildə Məhəmməd Əlinin SSRİ-yə səfəri baş tutub. Bu səfəri yüksək qiymətləndirən əfsanəvi boksçu sovetlər birliyində həmkarları ilə rinqdə də görüşüb. Məşhur idmançını qəbul edən Leonid İliç Brejnev Məhəmməd Əliyə müəllifi olduğu “Kiçik torpaq” kitabını və saat bağışlayıb. Səfərdən geri döndükdən sonra SSRİ haqqında təəssüratlarını bölüşən Məhəmməd Əli Leonid İliç Brejnev haqqında fikirlərini belə söyləyib:
– Mən heç vaxt düşünməzdim ki, Leonid İliç Brejnev bu dərəcədə mehriban və sakit insandır.
Məhəmməd Əli 1981-ci ildə boksu tərk edib. Bunu rəsmi elan etdikdən bir müddət sonra jurnalistlərdən biri ondan soruşub:
– Sizcə müasir boksda nə çatışmır?
Məhəmməd Əli gülümsəyərək cavab verib:
– Sualı bir az dəqiq versəydiniz daha yaxşı olardı. Bu sualı belə qoymaq lazım idi ki, boksda kim çatışmır? Mən isə böyük məmnunniyyətlə cavab verərdim ki, Məhəmməd Əli.
Məhəmməd Əlinin jurnalistə digər bir cavabı da maraqlı olub. Amerikada baş vermiş 11 sentyabr terror hadisələri ilə bağlı jurnalist soruşub:
– 11 sentyabr terror hadisəsini törədən terrorçularla eyni bir dinə etiqad edəndə özünüzü necə hiss edirsiniz?
– Siz Hitler ilə eyni dinə etiqad edəndə özünüzü necə hiss edirsinizsə mən də elə.
Məhəmməd Əli boksu tərk etdikdən sonra ictimai işlərdə fəallıq göstərib. O, 2002-ci ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edib, BMT-nin xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir qismində Kabildə bir sıra görüşlər keçirib.
2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Məhəmməd Əli prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilib. Həmin ilin dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalına da layiq görülüb.
Məhəmməd Əli rinqləri dəyişdiyi kimi həyat yoldaşlarını da tez-tez dəyişib. Boks kralının dörd xanımdan iki oğlu, yeddi qızı var. Qızı Leyla 1999-cu ildən atasının yolunu davam etdirərək boksla məşğul olub və dünya çempionu titulunu qazanıb.
75 yaşlı Məhəmməd Əli uzun illərdir ki, parkinson xəstəliyindən əziyyət çəkirdi. Bu xəstəlik onda fiziki çatışmazlıq, yaddaşında və danışığında böyük problemlər yaratmışdı. Ancaq onun hansı vəziyyətində olmasına baxmayaraq Məhəmməd Əli böyük nüfuz və hörmət sahibiydi. Onun haqqında bir neçə kitab yazılıb və film çəkilib.
Bir müddət öncə Məhəmməd Əli mətbuatda yenidən gündəmə gəlmişdi. Belə ki, İngiltərədə yayımlanan “Times” qəzetində çap olunan məqaləyə görə ABŞ kəşfiyyatının yeni açıqlanan sənədlərinə əsasən, dünya boksunun əfsanəvi lideri Məhəmməd Əlinin 50 il öncə çempion olduğu döyüşü mafiyanın əliylə qazanıldığı vurğulanırdı. Amma xəbərin əsassıs olsuğu üzə çıxdı.
75 yaşlı əfsanəvi döyüşçü ötən gecə – iyunun 4-də vəfat etdi…