“Sarkisyan hakimiyyətini qorumaq üçün Qarabağı qaytaracaq”
“Aprel müharibəsi sübut etdi ki, Ermənistanın oliqarx hakimiyyəti Dağlıq Qarabağ üçün heç nə edə bilməyəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Lilit Gevorgyan deyib.
Onun sözlərinə görə, Ermənistanın oliqarx hakimiyyəti digər ölkələrdəki oliqarx sistemlərdən fərqlənir: “Bizdə oliqarx hakimiyyətin əlavə gəlir mənbəyi olmadığı üçün onlar ordunun və digər sahələrin resurslarını yeməyə başlayır. Bu faktor Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həll edilməyəcəyinin birinci sübutudur”.
Erməni ekspert qeyd edib ki, Azərbaycan Ermənistanın oliqarxiya hakimiyyətinin mövqeyini zəiflətmək üçün daha sərt manevrlər edəcək və bunun nəticələri bizim üçün yaxşı olmayacaq: “Belə vəziyyətdə Ermənistanda gözlənilmədən xalq qiyamı başlayacaq”.
Onun fikrincə, aprel döyüşləri Ermənistan ordusunun çoxsaylı səhvlərini açıq şəkildə ortaya çıxardı: “Bu, həmçinin, Ermənistanın siyasi və iqtisadi sistemindəki böhranı göstərdi. Ermənistanda oliqarxiya hakimiyyətinin köməyi ilə xarici təhlükəyə qarşı qalxan yaratmaq çətindir. Onlar Qarabağ məsələsi haqda adətən yalan danışırlar və bütün məqsədləri özlərini müdafiə etməkdir. Hətta Sarkisyan hakimiyyətini qorumaq üçün Qarabağı qaytara bilər. Moskva da ərazilərin Azərbaycana qaytarılması qarşılığında bizim oliqarx hakimiyyətə dəstək verəcək”.