Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirilib
Avropa İttifaqının Azərbaycan Nümayəndəliyində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüş keçirilib. yknews.az-ın məlumatına görə, görüşdə Avropa İttifaqının (Aİ) Siyasi şöbəsinin rəhbəri Toralf Pilts, Aİ-nin Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə Xüsusi Nümayəndəliyinin siyasi müşaviri Yohanna Ketola, “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin rəhbəri Rəsmiyyə Babayeva iştirak edib.
Tədbirdə vurğulanıb ki, Dağlıq Qarabağ müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş Azərbaycanın mülki vətəndaşlarının, xüsusilə 60 nəfər geri qaytarılmayan yetkinlik yaşına çatmayan uşaqlar və girovluqdan azad edilmiş, lakin şikəst yaşayan insanların taleyi haqda müzakirələr aparılıb. Həmin şikəst insanların şəkilləri xarici qonaqlara təqdim edilib. Aİ nümayəndələri ermənilərin uşaqlara qarşı etdikləri vəhşilikləri insanlığa sığmayan hərəkət adlandırıblar.
“Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin rəhbəri R.Babayeva məlumat verib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərdə bir çox beynəlxalq hüquq normalarına zidd əməllər həyata keçirilir. İşğalda olan ərazilərdə ermənilər tərəfindən geniş şəkildə narkotik maddələrin istehsalı və satışı gerçəkləşdirilir, dünyanın bir neçə terror təşkilatlarının təlimləri keçirilir və bazaları yaradılır.
Bu baxımdan ermənilərin işğal etdiyi ərazilərdə həyata keçirdiyi əməllər bütün dünya ictimaiyyətinə böyük təhlükə törədir.
Xanım Yohanna Ketola bildirib ki, bu ilin senyabr ayında Belçika və Niderlandda “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş “Sərhədsiz informasiya – Avropada Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlandırma” layihəsinə dəstək məqsədilə Aİ-nin Belçikadakı mərkəzi ofisi ilə əlaqə saxlayacaq və buradakı yerli QHT-lərin bu layihəyə cəlb edilməsinə köməklik göstərəcək.
Sonda Aİ-nin Siyasi şöbəsinin rəhbəri Toralf Piltsə argentinalı jurnalist Andre Vidmerin alman və ingilis dilində “Unudulmuş konflikt”, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Komissiyanın ingilis dilində nəşri olan “Bizi əsirlikdən qurtarın” və “Azıxantrop” Tarixi Araşdırmalar İctimai Birliyinin nəşr etdiyi Henrix Tomsun “Bakı xatirələri 1914-1921-ci illər” kitabları təqdim edilib.