Səfəvilər İmperiyası: Azərbaycan Türk dövləti, yoxsa İran Fars dövləti (III yazı)
Dos., Dr. Faiq Qəzənfəroğlu
Bizcə, bütövlükdə Səfəvilərin tarixi Türk-Oğuz, Səfəvilərin dövlətçiliyi Türk-Oğuz dövlətçiliyidir. Əlbəttə, ilk baxışda bunu doğru görməyənlər ya da yanlış olduğunu iddia edənlər də vardır. Öncəliklə, Səfəvilərdə ön plana çıxmış qızılbaşlığın, digər adıyla “şiəliyin” Türk tarixinə, Türk dövlətçiliyinə zidd olduğunu müdafiə edənlərin olduğunu heç də unutmuruq. Onu da yaxşı bilirik ki, Quzey Azərbaycan və Güney Azərbaycanda Səfəvi Qızılbaşlığını ya da Səfəvi şiəliyini Türklüyün, Türk Birliyinin ziddi kimi görənlər az deyildir. Bir sözlə, Səfəvi Qızılbaşlığını ya da Səfəvi şiəliyini Türk dünyasının birləşməsi yolunda ciddi əngəl kimi görənlər vardır ki, buna aydınlıq gətirilməlidir. Amma bu aydınlıq heç də ya “qara”dır ya da “ağ”dır formasında olmamalıdır. Səfəvi dövlətinə, Səfəvi mədəniyyətinə, Səfəvi tarixinə eləcə də onun dövlət başçılarına və aydınlarına ya bizdəndir ya da bizdən deyildir baxış açısı tamamilə yanlışdır. Çünki bu baxış açısı ortaq Türk dövlətçiliyinə, ortaq Türk tarixinə yalnız zərər verir. Bu zaman Türk tarixi itirir, əvəzində başqaları qazanırlar.
Hər halda Şah İsmayılı, Şah Təhmasibi, Şah Abbası və digər Səfəvi hökmdarlarını şiəlik tərəfdarı kimi kimi qələmə verib “İran”a bağlamaq, bu anlamda da Azərbaycana, türklüyə zərərli və yad hesab etmək çıxış yolu ola bilməz. Bizcə, Səfəvi hökmdarları qızılbaşlığı ya da şiəliyi dövlət ideologiyası kimi qəbul edib təbliğ edərkən yanlşılıqlara yol veriblərsə, bu xətalar onları bizdən uzaqlaşdırıb “İran”a ya da farslığa bağlaya bilməz. Belə bir məntiqlə çıxış etsək, o zaman yalnız Səfəvilərdən deyil, Azərbaycan Atəbəylərindən, Azərbaycan Baharlılarından, Azərbaycan Bayandurlularından, Azərbaycan Əfşarlarından, Azərbaycan Qacarlarından və başqa dövlətlərmizdən də imtina edib onları “İran”a, “İraq”a, “Rusiya”ya, “Suriya”ya, bir sözlə istənilən yadlara “hədiyyə” etməliyik. Bu cür yanaşma qətiyyən doğru deyildir. Əgər bir dövlətimizin bir xətasə vardırsa, o xəta onu bizdən uzaqlaşdırmamalıdır. Türk dövlətinin yanlışı da, doğrusu da mənimdir.
Bu anlamda “Səfəvi şiəliyi” ya da “Səfəvi qızılbaşlığı” deyilən sadəcə, bir dövlət yaratmaq və onu idarə etmək ideologiyasıdır. Əlbəttə, bu ideologiyada doğru olanlarla yanaşı, yalnış olanlar da az olmamışdır. Ancaq bu gün biz “Səfəvi şiəliyi” ya da “Səfəvi qızılbaşlığı”nda yalnız yanlışları axtarmaqla heç nə qazanmayacağıq. Çünki dövlətlərimizdə doğru olanları deyil də, ancaq yanlış olanları önə çəkmək insanların bilinclərində güvən əvəzinə inamsızlıq yaradır. Başqa sözlə, dövlət yaratmaq və onu idarə etmək ideologiyalarından biri olan şiəlik ya da qızılbaşlıq o zaman Türk-Oğuz boylarının bir qisminin işinə yaradığı üşün doğru, digər qisminin işinə yaranmadığı üçün yanlış idi. Təbii ki, Türk-Oğuz boyları arasında şiəliyi zərərli sayanlar saymayanlar qədər haqlı idilər. Ancaq onların hər ikisi bunu, Allah və Onun Peyğəmbəri yolunda əldə bayraq edirdilər. Deməli, sonralar daha çox sünni və şiə kimliyinə bürünmüş, əslində bunun mahiyyətinə çox da varmayan Türk-Oğuz boyları üçün qurduqları dövlətləri ayaq üstə tutmaq, ərazilərini daha da genişləndirmək üçün bu bir ideoloji taktika idi. Başqa sözlə, Tanrıçılıq inancından heç bir zaman qurtulmayan və qurtula bilməyəcək də Türk-Oğuz boylarının İslam dini içindəki məzhəbçi mövqeləri xilas yolu ola bilməzdi. Çünki Türklər üçün tək yol İslamdan öncə də, İslıamdan sonra da yalnız Tanrının özüylə bağlı olmuşdur. Bu anlamda yəhudilik, xristianlıq, islamlıq və digər təktanrılı dinlər türklər üçün yeni deyildir. Deməli, İslam dini daxilindəki məzhəb ayrılıqları da türklər üçün faciə hesab edilməməli idi. Bu, birinci dəfə deyil idi ki, türklər rastlaşırdılar.
Sadəcə, əvvələr olduğu kimi burada da əsas məsələ o idi ki, İslam dinin içində sünni və şiə kimliyilə birbirinə qarşı Tanrının ədalət carçısı olmaq yolunda müharibə edən Türk-Oğuz boylarından hansı daha çox haqlı, hansı daha az haqlıydılar. Əsas düşündürücü məqam məhz Tanrının ədalət gücünü təmsil etmək idi ki, Türk-Oğuz boyları İslam dini açısından ona yeni məna verirdilər. Yəni Tanrının ədalət təmsilçisi olmaq uğrunda, eyni zamanda öz hakimiyyətlərini birbirlərinə təsdiq etdirmək yolunda qutlu bir savaş apardıqlarına hər iki tərəf inanırdı. Şübhəsiz, bu çox nisbi bir məsələ idi. Çünki zaman zaman türk dövlətlərinin sünni və şiə məzhəbçiliyi sadəcə savaş bəhanlərini ortaya qoyur, daha çox Tanrının yer üzündə ədalət təmsilçiliyi ugrunda mübarizəni ifadə edirdi. Bu anlamda keçmişə baxanda şiəlik ideolojisi ilə dövlət quran və idarə edən Səfəvilər üzərində daha az haqlı, daha çox günahkar düşüncəsi formalaşdırmaq heç də Türk Birliyinə xidmət etmir. Ən azı ona görə ki, sünni təəssübkeşi kimi qəbul etiyimiz Osmanlının özündə önəmli olan Türk dövlətinin yer üzündəki ədalətli əzəmətini və böyüklüyünü bu adla mühafizə etmək idi. Eyni işi Səfəvilər şiəlik adı altında edirdi. Belə olduğu təqdirdə birini az suçlu, digərini çox suçlu saymaq, təbii olaraq doğru ola bilməz. Demək istədiyimiz budur ki, sünni və şiə məsələsində iki Türk dövləti qarşı-qarşıya gəlmişdirsə, bu yalnız onların hansının daha çox İslam dini təəssübkşeşi olmasından irəli gələ bilməzdi. Burada önə çıxan Tanrının yer üzündəki ədalət təmsilçisi olmaq yolunda “iki qoçun başının bir qazanda qaynaya bilməməsidir”. O zaman iki Türk hökmdarının bunu həll edə bilməməsi fonunda sünni və şiə təəsübkeşliyini ortaya ataraq İslam dininin qoruyucuları kimi dəfələrlə savaşmaları başa düşüləndir.
Şübhəsiz, “köhnə” bir dövlət olan Osmanlının “yeni” dövlət olan Səfəvilərə Tanrının ədalət rəmzi olmaq yolunda din ideolojisi dərsi keçməsi daha çox dini böyüklüyün ya da sünni təəssübkşeliyin ifadəsi deyil, eyni zamanda yanı başında olan daha böyük birisiylə hesablaşılması istəyi idi. Ancaq “gənc” Səfəvinin “qoca” Osmanlıyla hesablaşmaq əvəzinə dikbaşlıq etməsi, üstəlik bunu “şiə” dövləti olaraq ortaya qoyması “yaşlı”nın “gənc”ə savaş açması üçün əsaslı bir səbəb olmuşdur. Çox yazıqlar olsun ki, Sultan Səlimdən başlayaraq Osmanlı hökmdarları üçün Səfəvilərin “şiəliyi” həddən artıq şişirdilmiş, ancaq son dönəmlərdə bu məsələ bir qədər şəkil dəyişdirilmişdir. Əslində Osmanlının Səfəvilərdən daha çox onun dövlət ideolgiyasına, yəni şiəliyə müharibə elan etməsi, onu aradan qaldırıram deyərkən daha yayılmasına səbəb olmuşdur. Üstəlik, Osmanlının “şiə” məsələsinin üzərinə getməsindən ən çox itirən Azərbaycan ya da Turan türkləri olmuş, bundan faydalanan isə İran ya da İran kökənlilər olmuşlar. Ona görə də, Səfəvi şiəliyi ya da Səfəvi Qızılbaşlığı çox keçmədən Osmanlı və Türkiyədə artıq türklük, Azərbaycanlılıqla deyil, İran və İranlılıqla bağlanmışdır. Şübhəsiz, bu məsələdə Avropa və Rusiya alimlərinin də böyük əməyi olmuşdur.
Bizcə, bu anlamda Səfəvi şiəliyinin ya da qızılbaşlılığının Türklüyə və Azərbaycanlılığa zidd, bunun əvəzində Farslığa və İranlılığa doğma hesab edilməsinin kökünü Səfəvi-Osmanlı münasibətlərinin sünni-şiə analamda düzgün qurulmaması, bundan dolayı baş verən müharibələrdə deyil, onların arasında düşmənçilik toxumunu səpən, sünni və şiləiyi iki türk dövlətinin ölüm-qalım məsələsi kimi ortaya atanlarda axtarmaq lazımdır. Şübhəsiz, iki Türk dövlətinin həm siyasi, həm də dini-ideoloji anlamda kəsişməyən maraqlarını düşmənçiliyə və daha sonra müharibələrə səbəb olanlar antitürk qüvvələr idilər. Həmin antitürk qüvvələr sünni-şiə məsələsindən, eyni zamanda Tanrının yer üzündəki ədalət təmsilçisi olmaq istəyindən yararlanaraq Türk-Oğuz boylarının birbirlərinə savaş açmalarını körükləyirdilər.
Çox yazıqlar olsun ki, içimizdəki və xaricimizdəki antitürk qüvvələr Orta çağda Türkün yer üzündə ədalət təmsilçisi olmaq kimi istəyini yalnız məzhəbçilik fonunda təqdim edərək, Türk dövlətlərinin yer üzərində ədalətlilik və insanlıq təmsilçiliyi mübarizəsini kölgədə qoymuşlar. Bununla da, ədalət və insanlıq uğrunda mübarizə aparan Türk dövlətlərinin mücadiləsi Qərb tarixçiliyində məzhəbçilik və hakimiyyət hərsliyi kimi dəyərləndirilmişdir. Bu gündə aşağı-yuxarı bizlərə həmin bilgiləri verirlər. Bütün bunların əvəzində ədalətlilik və insanlıq uğrunda mübarizə aparanlar kimi isə Qərb dövlətləri, bir sözlə Qərb ideologiyaları təbliğ olunur. Biz isə hələ də düşünürük ki, görəsən Səfəvilər niyə şiəliyi qəbul etdi, şiəliyi qəbul etməklə də Türklüyə xəyanət etdilər mi? Amma bir alman düşünmür ki, almanların böyük qismi xristiançlıq içində lüterançılığa üz tutmaqla almanlıqlarından imtina etdilər mi, etmədilər mi? Məncə, yox. Bir din içində müəyyən qədər fərqli yol tutmaq doğrusı yanlışıyla millətin üstündən xətt çəkə bilməz. Ancaq zaman zaman özündən uzaqlaşar. Bu uzaqlaşmanın sonu isə yenidən kökə qayıdışdır. Deməli, dünənin və bu günün Türk sünnisinin ya da Türk şiəsinin sonu birdir: Tanrıçılıq!!!