“Putin NATOsu” Ermənistanda təlimlər keçirir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu gündən Ermənistanda birgə xüsusi – taktiki təlimlərə başlayır.
Virtualaz.org İTAR TASS-a istinadən bildirir ki, təlimlər “Kobalt-2016” adı altında keçiriləcək. Təlimlərə daxili işlər orqanlarının bölmələri və bu təşkilata üzv dövlətlərin polisləri cəlb edilib.
Təlimlərə təşkilatın xüsusi təyinatlı qüvvələri də qoşulacaq. Ermənistan Müdafiə Nazirliyinin “Baqramyan” tədris mərkəzində keçiriləcək təlimləri təşkilatın baş katibi Nikolay Bordyuja da izləyəcək.
Təlimlərin əsas məqsədi daxili qoşunların xüsusi bölmələrinin hərbi qulluqçularının praktik bacarıqlarının təkmilləşdirilməsidir. Həmçinin təlimlər zamanı xüsusi təyinatlıların terrorçu və digər cinayətkar qrupları zərərsizləşdirməsi bacarıqları yoxlanılacaq.
Yoxlama təlimlərində döyüş və hərbi-nəqliyyat helikopterlərindən istifadə nəzərdə tutulur. Təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın daxili qoşunlarının qüvvələri iştirak edəcək.