Əməkdaşlığımızın bir çox sahələri əhatə etdiyini deyən dövlət başçısı vurğulayıb ki, Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət sahələrində və humanitar sahədə əlaqələr uğurla inkişaf edir. Hüquq mühafizə və təhlükəsizlik sahələrində də əməkdaşlığımızın genişləndirilməsi ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə töhfə verə bilər.
Dövlət başçısı Azərbaycandan keçərək Çindən Avropaya dəmir yolu ilə yük daşınması sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərinin olduğunu vurğulayıb və bu sahədə fəal iş aparıldığını deyib. Azərbaycan ilə Çin arasında terrorizm, ekstremizm və separatizmlə mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin erməni terrorizmi və separatizmi ilə üzləşdiyini bildirdi və qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Dövlət başçısı Azərbaycanın Çinin ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb.
Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən xüsusi nümayəndə Menq Jianzu Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını və xoş arzularını İlham Əliyevə çatdırıb və qeyd edib ki, Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Çinin bütün hüquq mühafizə, təhlükəsizlik orqanlarının və Xarici İşlər Nazirliyinin rəhbər nümayəndələri daxildir. Çin xalqının Heydər Əliyevə və İlham Əliyevə böyük hörmət bəslədiyini bildirən Menq Jianzu deyib:
“Heydər Əliyev sözün əsl mənasında Azərbaycan xalqının ümummilli lideridir. Siz onun siyasətini uğurla davam etdirirsiniz. Azərbaycanda Sizin rəhbərliyinizlə iqtisadiyyat sürətlə inkişaf edir, ictimai-siyasi sabitlik tam təmin olunub, əhalinin əhval-ruhiyyəsi yüksəkdir”.
Çinin Azərbaycan ilə təhlükəsizlik, hüquq mühafizə sahələrində, terrorizmə, transmilli iqtisadi cinayətkarlığa, kibercinayətkarlığa qarşı mübarizə, Böyük İpək Yolu boyunca təhlükəsizliyin təmin olunması və digər sahələrdə əməkdaşlığı genişləndirməsində maraqlı olduğunu deyən Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi bildirib ki, təhlükəsizlik sahəsində əməkdaşlıq regional əməkdaşlığa da töhfəsini verə bilər. Menq Jianzu Böyük İpək Yolunun perspektivli layihə olduğunu vurğulayıb.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Vyanada keçirilən son görüşün nəticələri müzakirə olunub. Çin tərəfi münaqişənin tezliklə sülh yolu ilə həllində maraqlı olduğunu bildirdi. Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək istiqamətindəki səylərinə hörmətlə yanaşır.