Fuad Muradov gənclərə xaricdə təhsil üçün vacib istiqamətləri göstərdi
“Azərbaycan gəncləri təhsilə və tədrisə yaxşı yiyələnirlər”. Bu sözləri açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib. O qeyd edib ki, prezident tərəfindən irəli sürülən gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının çox gözəl nəticəsi var.
“Bu gün heç bir ölkədə öz gənclərini dünyanın ən məşhur üniversitetlərinə göndərən proqram yoxdur, amma Azərbaycanda var. İndi təhlil mərhələsidir. Proqramın nəticəsi olaraq bilməyik ki, hansı istiqamətdə inkişaf etməliyik. Təbii ki, müxtəlif ideyalar var. Cənab prezidentin də fikri ondan ibarət idi ki, gənclərimiz dünyada yeni, innovativ texnolgiyaları mənimsəsinlər və Azərbaycana gəlib tətbiq etsinlər. Dövlət Neft Şirkəti də xarici ölkələrə təhsil üçün tələbələr göndərir. Onlar bilgi alanda sonra Dövlət Neft Şirkətində işə düzəlirlər. Təhlil mərhələsində bilməliyik ki, hansı istiqamət, hansı ixtiasaslar bizə daha çox lazımdır. Buna müsbət yanaşıram. Gənclərimiz nə qədər xarici dil bilsə, xarici universitetlərdə oxusalar, o qədər öz həyat tərzini yaxşılaşdıra bilərlər. Eyni zaman da ölkə üçün də müsbətdir ki, onlar yeni texnologiyaları Azərbaycana tətbiq edə bilsinlər”.
Gənclərin xaricdə təhsil almağa cəhdlərini müsbət qiymətləndirən deputat vurğulayıb ki, xarici ölkələrdə oxumağa gedən gənclərimiz yaxşı nəticələr göstərirlər.
“Fikrimcə müsbət nəticələr lazımdır ki, gələcəkdə o istiqamətləri daha da gücləndirək. Ümumiyyətlə, dövlət xətti ilə xarici universitetlərdə oxuyan gənclərimiz təhsilə, tədrisə yaxşı yiyələnirlər”.
Komitə sədrinin sözlərinə görə bu gün biznesin idarəetməsi-menecmentlik, marketinq, İT texnologiyaları, turizm xidməti ixtisasları üzrə dünyanın məşhur universitetlərində təhsilə daha çox ehtiyac var.
“Böyük şirkətlərin idarəetmə prinsipləri və üsullarının öyrənilməsi vacibdir. Gənclərimiz təcrübə də yığmalıdırlar. Beynəlxalq təşkilatlarda, korporasiyalarda təcrübə proqramı keçməlidirlər ki, gələcəkdə bu istiqamətdə işləyəyə bilsinlər. Bu gün hüquqşünas, hümanirtar sahələr deyil, praktiki sahələr vacibdir. Yeni texnologiyalar, yeni yanaşmanın öyrənilməsi çox lazımdır.
Xaricdə təhsilin davam etdirilməsi istiqamətində müxtəlif ideyalar, müzakirələr var. O cümlədən xarici təcrübənin Azərbaycana gətirilməsi ideyası da səsləndirilir. İstənilən halda yeni yanaşmalar mütləq şəkildə olmalıdır. Hər bir proqramda dəyişiklik, əlavələr ola bilər. Hökümət bunun üzərində işləyir. Konkret istiqamət olan zaman biz bunu nəzərdən keçirməliyik və öz fikrimizi bildirəcəyik”.