Sərkisyan: “İlham Əliyev mənə və həmsədrlərə göz gəzdirib dedi ki…”
Virtualaz.org xəbər verir ki, erməni KİV-ləri Serj Sərkisyanın Vyanadan dönərkən təyyarədə jurnalistlərlə söhbətinin yeni detallarını yayır. Ermənistan prezidenti Vyana görüşünün detalları haqda danışarkən deyib ki, Azərbaycan prezidenti aprelin əvvəllərində baş vermiş toqquşmalara görə Ermənistan tərəfini günahlandırıb.
“Əliyevlə 20 görüşümüz olub, razılaşmalar əldə edilib, ancaq Bakıya qayıdanda tamam başqa bəyanatlar verib. Bundan əlavə, Əliyev görüşdə mənə və həmsədrlərə göz gəzdirib əmin etməyə çalışdı ki, aprel təxribatının təşəbbüskarı Ermənistan olub. Ancaq bu bizim nəyimizə lazım idi? Bizim hədəfimiz odur ki, həmsdərlər əmin olsunlar-biz nə status-kvonu saxlamaq istəyirik, nə əbədi müharibə”-Sərkisyan bildirib.
Ermənistan prezidentinin sözlərinə görə, Azərbaycan təmas xəttində monitorinq vasitələrinin yerləşdirilməsinə razılıq verərkən erməni qoşunlarının çıxarılması şərtini irəli sürməyib. Sərkisyan deyib ki, çox qısa zamanda ATƏT-in monitorinq missiyasının tərkibi genişləndiriləcək. Avadanlıqlara gəldiksə isə onun sözlərinə görə, bu, növbəti görüşə qədər quraşdırılmaldıdır.
Xatırladaq ki, təmas xəttində atəşkəsə nəzarət etmək üçün videomüşahidə kameralarının yerləşdirilməsini əvvəlcə ermənipərəst amerikalı konqresmenlər irəli sürüb. Amerikadakı erməni lobbisi bu ideyanın Dövlət Departamenti tərəfindən rəsmən ortaya qoyulmasına nail olub . Azərbaycan indiyədək təmas xəttində insidentlərin araşdırılması mexanizmini qəbul etmirdi və bildirirdi ki, belə mexanizm ancaq status-kvonu saxlamağa xidmət edir.
Serj Sərkisyan təyyarədə jurnalistlərlə söhbətində Vyana görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrovla yanaşı oturmasına da münasibət bildirib. O deyib ki, görüşün keçirildiyi zalda yerlər əvvəlcədən müəyyən olunmamışdı. “Əvvəlcədən belə razılaşma olmayıb…Hesab etmirəm ki, buna xüsusi əhəmiyyət vermək lazımdır, xüsusən də indiki reallıqlar şəraitində”-Sərkisyan əlavə edib.