Hərbiyönümlü QHT-lər bəyanat verdilər
Ölkədə fəaliyyət göstərən 20-dək hərbiyönümlü QHT bəyanatla çıxış edib. yknews.az saytının məlumatına görə, bəyanatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əleyhinə çıxışlar pislənilib.
Bildirilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı tədbirlərə uyğun olaraq 2012-ci il fevral ayının 13-də yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin orduya müvafiq ixtisaslar üzrə hazırlanması istiqamətində uğurlu fəaliyyət göstərir.
Bəyanatda daha sonra bildirilib:
“Gənclərin orduya yola salıhması və qarşılanması mərasimləri də daima yüksək səviyyədə təşkil edilir. Xidmətin təşkilatçılığı ilə gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə respublikanın bütün şəhər və rayonlarında “Vətənin müdafiəsinə hazıram!” devizli tədbirlər keçirilir, gənclər arasında rəsm və yazı müsabiqələri keçirilir. Bununla bağlı qeyri-hökumət təşkilatları və KİV-lə sıx əməkdaşlıq edilərək ictimaiyyətin məlumatlandırılması sahəsində də effektiv işlər aparılır.
Məlum olduğu kimi, bu il aprelin 2-5-də Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, uğurlu əməliyyatlar keçirib. Ordumuza və cəbhə bölgəsində yaşayan əhaliyə dəstək olmaq məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyi və yerli icra hakimiyyətləri ilə birgə yüksək səviyyəli tədbirlər gerçəkləşdirib. Keçirilən tədbirlərə bir qrup hərbiyönümlü QHT-lər də cəlb edilməklə, aprelin 3-6-da cəbhə zonasında – Tərtər, Ağdam, Füzuli rayonlarının əhalisi ilə görüşlər təşkil olunub, yaralılar, döyüşlər zamanı zərər çəkmiş mülki insanlar ziyarət edilib, həmçinin nümayəndələr şəhidlərimizin dəfn və yas mərasimlərində iştirak ediblər.
Təəssüf hissi ilə qeyd edirik ki, aparılan bu məqsədyönlü işləri gözü götürməyən, peşəsi Vətəni müdafiə etməkdən ibarət olan insanlara qara yaxmağı, onlara qarşı, öz şəxsi mənafeyindən çıxış edərək böhan kampaniyası aparmağı “fəaliyyət prinsipi”nə çevirən cılız niyyətli, dar dünyagörüşlü insanlar bu dəfə də öz əməllərindən qalmamaqdadır. Xüsusən də, jurnalist adına yaraşmayan davranışlar sərgiləyənlərin hərəkətləri dərin təəssüf, hətta hiddət doğurur.
Biz – hərbiyönümlü QHT-lər, ehtiyatda olan zabitlər, müharibə əlillərini, şəhid ailələrini, Əfqanıstan və Qarabağ veteranlarını bir araya gətirən qurumlar olaraq, bu qarayaxma kampaniyasına etirazımızı bildirir, bütün bunlara son qoyulmasını tələb edir, Silahlı Qüvvələrimizi və onun mühüm tərkib hissəsi olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini qətiyyətlə dəstəkləyirik. Bəyan edirik ki, Silahlı Qüvvələrimizə və onun ayrı-ayrı strukturlarına inamsızlıq yaratmağa çalışan, onun fəaliyyətini gözdən salmağa cəhd edən bununla da düşmən dəyirmanına su tökməyə çalışan şəxslər, bu günə qədər olduğu kimi, bundan sonra da bizi öz qarşılarında görəcəklər. Azərbaycan ictimaiyyətini əmin edirik ki, biz də özümüzü Vətənin əsgəri sayırıq və Ali Baş Komandanın əmrinə hər an hazırıq!”.
Bəyanatı aşağıdakı QHT-lər imzalayıblar.
- Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyi
- Azərbaycan Respublikası Əfqanıstan Veteranları İctimai Birliyi
- Azərbaycan Respublikası Çernobl Əlilləri İttifaqı İctimai Birliyi
- Azərbaycan Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu
- Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtım İctimai Birliyi
- Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
- “Əsgər Anaları” Şurası
- Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti
- “Qarabağ Qaziləri” İctimai Birliyi
- “Qürür” Şəhid Ailələri İctimai Birliyi
- Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu
- Müharibədən Zərər Çəkən Nəqliyyat İşçiləri İctimai Birliyi
- Əsgər Ailəsi Xeyriyyə Cəmiyyəti
- 20 Yanvar İctimai Birliyi
- Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək İctimai Birliyi
- Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi
- Şəhid Ailələrinin Hüquqlarını Müdafiə İctimai Birliyi
- Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım İctimai Birliyi
- Əsgər Ailələrinə Dəstək İctimai Birliyi
- Vətənpərvərliyin təbliğinə dəstək İctimai Birliyi.